İki gündür ölkə mediası, sosial şəbəkələrdə dərman firmaları ilə əməkdaşlıq edən həkimləri – dərman mafiyasını müzakirə edir. Təbii ki, səbəbsiz deyil. Onsuz da, tərəflər arasında əməkdaşlığın olması bəlli idi, lakin Baş Prokurorluq tərəfindən açıqlanan faktlar vəziyyətin düşünüləndən daha dəhşətli olduğunu göstərdi.
Qısa xatırlatma:
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, “Sanimed” MMC, “Epidbiomed” MMC-nin təsisçi, rəhbərləri dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlə razılaşıb. Nəticədə, həmin həkimlərə müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə bu firmaların dərmanlarını yazması, eləcə də zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verilib. Nəticədə idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri ilə də təsdiqlənib.
Hələ ki, siyahıda adı yer alan 100 həkimin ismi tam açıqlanmır. Araşdırmanın nəticəsində 100 həkimdən neçəsinin təqsirli olması bəlli olacaq. Biz isə həkimin daha çox pul qazanmaq xətrinə xəstəyə normadan artıq dərman yazmasının tibbi və hüquqi baxımdan nəticələrini araşdırmağa çalışacağıq.
Çünki bu xəbər yayılandan sonra ömründə bir dəfə də olsa həkim müayinəsinə gedən hər kəs o adları məlum olmayan yüz həkimin xəstə siyahısında olub-olmamasını təlaşla düşünür.
Hər bir həkimin ölkəyə yeni daxil olan, eləcə də dünyada hazırlanan yeni dərmanlar haqqında məlumat əldə etməsi mütləqdir. Bu məlumatların toplanması üçün bir mənbə də firmalardır. Lakin bu, o demək deyil ki, həkim daha çox qazanmaq üçün firmanın ona təklif etdiyi dərmanı daha çox xəstəyə sırıyacağına söz verməlidir. Bazar iqtisadiyyatında həkimlərin də daha çox qazanc əldə etmək istəyi normaldır. Ancaq tərəzinin bir gözünə əldə edəcəyi gəliri, digərinə xəstəsinin səhhətini qoyan, “Hippokrat andı içən” həkim çox da düşünməməlidir. İddiaya görə, bu həkimlər düşünüb və ya düşünmədən, yaxud da düşünmək istəmədən gəliri seçib. Yayılan videogörüntülər də bunu açıq şəkildə təsdiqləyir. Bu qərarları ilə 100 həkimin 2011-ci ildən bu vaxta qədər neçə xəstəni sağaltmaq əvəzinə ağır duruma saldıqlarını düşündükdə vəziyyətin necə də dəhşətli olduğu daha yaxşı anlaşılır.
Bəs bunu edən həkim necə cəzalandırılmalıdır?
Dozadan artıq dərman qəbul edilməsinin xəstənin səhhətində hansı fəsadlara yaradacağını təxmin etmək çətin deyil. Hər il yüzlərlə belə şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə dərman zəhərlənməsi ilə yerləşdirilir. Bu həkimlərin yazdıqları dərmanların hansı fəsadlara səbəb olduğu aparılan araşdırma nəticəsində bəlli olacaq.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a açıqlamasında həkimləri gözləyən cəza barədə danışmağın hələ tez olduğunu deyib:
“Səhiyyə nazirinin xüsusi tapşırığına əsasən, dərman şirkətlərinin tibb müəssisələrində reklam edilməsi qadağandır. Həmin şirkətlərin nəinki dərmanlarını reklam etməsi, hətta klinikalarda dərman paylaması da qanun pozuntusudur. Buna qəti şəkildə icazə yoxdur. Bir çox tibb müəssisələrində bu barədə elanlar yapışdırılıb. O ki, qaldı adıçəkilən həkimlərin gələcəkdə fəaliyyətinə, bu barədə nəsə demək tezdir. Hazırda onların hansı dövlət və ya özəl tibb müəssisələrində çalışdığına dair araşdırmalar gedir, istintaq davam etdirilir. Təbii ki, proseslərin sonunda yalnız həkimlər deyil, bu məsələdə yaxından-uzaqdan işbirliyi içərisində olan hər kəs məsuliyyətə cəlb olunacaq. Səhiyyə Nazirliyi özü də bu işə diqqətdə saxlayır. Hazırda istintaq gedən məsələyə hər hansı fikir söyləmək düzgün olmaz. İstintaq bitmədən münasibət bildirmək bir o qədər də məqsədəuyğun deyil”.
“Bu ciddi kriminal hadisədir”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev məsələyə nazirlik sözçüsündən daha kəskin yanaşır. Ötən gün mətbuatda yayılan videogörüntüləri izlədiyini deyən millət vəkili bunun ciddi kriminal hadisə olduğunu düşünür:
“Həmin süjetdə aptek rəhbərinin “həkimə bu qədər pul verin, dediyimiz sayda dərman yazsın”, ifadəsi biabırçılıq və kriminal hadisədir. Hüquq mühafizə orqanları da bununla bağlı ciddi tədbirlər görməlidir. Bu hadisə bütün səhiyyə sistemini, hətta yaxşı həkimləri belə biabır edən haldır. Belə hadisənin baş verməsinə təəssüf edirəm. Hər kəs məhkəmə qarşısında öz cəzasını almalıdır. Bu halların təkrarlanmaması üçün istər inzibati, istər qanunvericilik, istərsə də maarifləndirmə baxımdan tədbir görülməlidir. Apteklə səhiyyə və həkimlərlə dərman satan müəssisələr arasında bütün neqativ əlaqələr kəsilməlidir. Çünki bu, birbaşa vətəndaşların sağlamlığı, ölkə əhalisinin səhhətinin qorunması ilə bağlı məsələdir. Dərman təhlükəsizliyi, həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Bu cinayət faktları sübuta yetiriləndən sonra da bu kimi halların aradan qaldırılması üçün Səhiyyə Nazirliyi adekvat addımlar atmalıdır. Həmin həkimlərin çalışdığı klinikaların sahibləri də öz məsuliyyətlərini dərk etməlidirlər. Cinayətə yol vermiş insanlar ya müəyyən müddətə, həqiqətən uzun illər bu işlə məşğul olubsa, birdəfəlik həkimlik fəaliyyətindən kənarlaşdırıla bilər. Yaxud müəyyən müddətə resept yazmaq həmin həkimlərə qadağa edilə bilər”.
Millət vəkili hesab edir ki, bu məsələ yalnız qanun və ya inzibati qorxutma ilə həll oluna bilməz:
“Vətəndaşlar da səhiyyə ilə bağlı maariflənməyə fikir verməlidir. İnsanlar özləri fəal olmalıdır, ehtiyac yaranmadığı halda həkimin yeddi-səkkiz dərman yazması barədə düşünməlidir. Bəzən həkimləri reklam edirlər. Təəssüf ki, reklam olunan həkimlərin də çoxu bu yola gedir. Ümumiyyətlə, tibbi xidmət, həkim, dərmanın reklamı, hətta səhiyyə ilə bağlı maarifləndirici verilişlər belə, Səhiyyə Nazirliyilə razılaşdırılaraq aparılmalıdır. Həkimlik fəaliyyəti, tibbi xidmət reklam edilməməlidir. Həkim öz işini görür, bunun reklama ehtiyacı varmı? Reklam pul qazanmaq üçündür, səhiyyəyə pul qazanmaq obyekti kimi baxılmamalıdır. Bu, sosial xidmətdir”.
Kliniki protokollar yoxdur
Xəstəyə dozadan artıq dərman yazan həkimləri gözləyən cəzaya gəldikdə, millət vəkili bununla bağlı qanunda konkret halın nəzərdə tutulmadığını dedi:
“Məlumatda qeyd olunan 100 həkimin hamısını nüfuzdan salıb, damğalamağın tərəfdarı deyiləm. Hər bir halda məsələ araşdırılmalıdır. Qanunda xəstəyə dərman yazılması tələbini pozduqda həkimin məsuliyyətə cəlb edilməsi ilə bağlı hansısa ayrıca bir qeyd yoxdur. Lakin dərmanı dozadan artıq yazmaq tibbi xidmətin göstəricilərindən biridir. Həkim keyfiyyətsiz tibbi xidmət göstərirsə, xəstənin vəziyyətində ağırlaşma varsa, yaxşılaşmırsa, şikayət əsasında məsələyə baxıla bilər. Bizdə həkimin xəstəyə nə qədər dərman yazması ilə bağlı tənzimləmə yoxdur. Dünya təcrübəsində klinik protokollar var. Həmin protokollarda istənilən xəstəliyin diaqnozu, müalicəsi, bu zaman istifadə ediləcək dərmanın sayı və dozası açıq şəkildə göstərilir. Biz həmin protokolları tam təsdiq edə bilmədiyimizdən bu barədə danışmaq çətindir. Səhiyyə Nazirliyində bu istiqamətdə iş aparılır. Həm klinik protokollar, həm də icbari tibbi sığortanın tətbiqindən sonra həkimlə aptek arasındakı qeyri-sağlam əlaqələr aradan qalxacaq. İcbari sığortaya cəlb edilən vətəndaş dərmanları da pulsuz olaraq aptekdən ala biləcək”.
Cinayətə yol veriblər
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, xəstəyə ağır dozalı dərman yazmış həkim cinayətə yol vermiş hesab edilməlidir:
“Dərman şirkətinin işi əhalinin keyfiyyətli dərmanla təminatı üçün ölkəyə yeni, keyfiyyətli dərman vasitələrini idxal etməkdir. Sözsüz ki, burada biznes maraqları da var. Şirkət idxal etdiyi dərman vasitələri hesabına gəlir əldə etməlidir. Dərman şirkətlərinin həkimlərlə əməkdaşlığı da qanunauyğundur. Bunun sivil qaydaları var, əsasən, simpoziumlar, xüsusi tədbirlər vasitəsilə həkimlərlə görüş keçirirlər. Həkimlə şirkət arasında sövdələşmə isə qanunaziddir. Bu fakt o demək deyil ki, ölkənin bütün həkimləri sövdələşməyə gedir. Bəzi dərman vasitələrinin artıq, ehtiyac olandan çox yazılması inzibati məsuliyyətdir. Hesab edirəm ki, hər hansı maddi vəsait qarşılığında, daha çox gəlir əldə etmək, varlanmaq məqsədilə həkimin xəstəyə dozadan artıq dərman yazması anormal haldır, qanunauyğun deyil. Hətta ən keyfiyyətli dərmanın normadan artıq təyinatı yolverilməzdir. İstər şəxsi təminatlar baxımından, istərsə də müvəqqəti yaxşılaşma məqsədilə kifayət qədər ağır dozalı, uzun müddətli xüsusi sxemdən kənar dərman yazıb, gələcək fəsadları düşünmürsə, o həkim xəstəyə qarşı cinayətə yol verir”.
İ.Hüseynli hesab edir ki, bu məsələdə xəstələr də gözüaçıq olmalıdır:
“Xəstələr özləri də bu məsələdə diqqətli olmalıdır. Hər bir dərman preparatının içərisində içlik vərəqəsi olur. Həmin vərəqələrdə dərman preparatından yaşa görə istifadə dozası, hansı müddətdə istifadə edilməsi ilə bağlı tələblər yazılır. Həkim bu vərəqədə yazılandan fərqli təyinat yazıbsa, həmin şəxs bu barədə düşünməlidir. Yaxşı olar ki, vətəndaşlar belə həkimlərə aldanmamaq üçün məlumatlansınlar”.
Lakin bu məqamda həkimlərin sosial şəbəkə, habelə telekanallarda reklamlarını da unutmamalıyıq. Ucqar kənddə yaşayan bir şəxs efirdə bütün günün təriflənən həkiminin ardınca Bakıya üz tutarkən onun yazdığı dərmanın içindəki içlik vərəqini oxumaq barədə düşünmədiyini gözardı edə bilmərik.
İstisna deyil
Həkim Vaqif Qarayev isə xəstəyə bir yaxşı dərmanın yanında 2-3 yararsız dərman yazan həmkarlarının olmasını istisna etmir:
“Özünə hörmət edən həkim “xəstəyə bu qədər dərman yaz” təklifinə “yox” deyəcək. Lakin həkimin keyfiyyətinə etibar etdiyi dərmanı yazmasını heç kim qadağan edə bilməz. Bir faydalı dərmanın yanında iki-üç faydasız dərman yazan həkimlərin olduğunu heç kim istisna etmir”.
Həkim bu bazarı bağlamaq üçün təkliflər də irəli sürüb. Onun sözlərinə görə, icbari tibbi sığorta tətbiqi dərman bazarındakı hərc-mərcliyi 80-90 faiz aradan qaldıracaq:
“Çünki tibbi sığortanın bütün xəstəliklər üzrə təqdim etdiyi dərmanlar var. O tələbi pozan həkim cəzalanacaq. Bununla da dərman bazarındakı vəziyyət tənzimlənə bilər. Xəstələrin müalicəsində istifadə edilməli olan dərman preparatını səhiyyə məmuru yox, onu xəstəyə verən şirkət, konkret olaraq sığorta şirkəti müəyyən edəcək.
Həmçinin bu problemlərin həll edilməsi üçün ən azı təcili ehtiyac olan dərmanları ölkə daxilində istehsal edilməlidir. Dərman idxalında monopoliya halları aradan qaldırılmalıdır”.
Gülxar Şərif,
Könül Cəfərli