“Niyə məhz Körpələr Evindən hansısa əşyaların çıxarılması videoya çəkilib, ora gətirilən əşyalar niyə çəkilməyib?”
“Yeyinti ilə bağlı ittihamlara qarşı müdafiə təşkil edə bilmir”
Bakının Nəsimi rayonundakı 1 saylı Körpələr Evi ilə bağlı sosial şəbəkədə bir neçə gün öncə yayılmış videoya Səhiyyə Nazirliyi tərəfindən münasibət bildirilib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb:
"Araşdırma nəticəsində məlum olub ki, video-görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim edilib. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilir. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, - deyə S.Əhmədova qeyd edib.
Xatırladaq ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun Körpələr Evindən çıxarılan əşyanın avtomobilə yükləndiyi görüntülənən video paylaşmışdı. Müğənninin qızı video-görüntüləri şəxsi instaqram səhifəsində paylaşaraq bunları yazıb ki, Körpələr Evinə gələn ərzaq məhsulları və geyimlər başqa yerə daşınır. Aysun əlavə edir ki, belə hallar tez-tez təkrarlanır.
Video-görüntü yayıldıqdan sonra Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva məsələyə aydınlıq gətirərək bildirdi ki, aprelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü olub və o, Körpələr Evinə tort gətirib. Aprelin 27-də isə qurban kəsib tortla Körpələr Evinə gəlib. "Bizim işə gətirib, işdən aparmayıb”. Daha sonra isə bildirir ki, videoda görüntülənən oğlan xəstəxananın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə çıxırmış. N.Əliyevanın bacısından xahiş edib ki, yataq dəstlərini maşına yükləməkdə ona kömək etsin. N.Əliyeva müğənninin qızının ona şər atdığını, buna görə də onu məhkəməyə verəcəyini deyib. Və bunları da əlavə edib: "18 ildir orada işləyirəm. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç yerdə işıqlandırmırıq. Adam yetimə çörək verəndə, onu işıqlandırmaz. Atasız-anasız uşağın nəyini apara bilərəm axı?!”
Göründüyü kimi ortada qeyri-müəyyənlik, məntiqsiz ifadələr, biri-birinə uyğun gəlməyən açıqlamalar var. Belə vəziyyətdə həqiqətin üzə çıxarılması üçün hansı tədbirlər həyata keçirilməlidir?
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparmalı olduğunu dedi:
- Hazırda internat məktəbləri, uşaq bağçaları, körpələr evlərinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Hər cür təminat həyata keçirilir. Hətta söz-söhbət olmasın, yeyinti halları ilə bağlı şübhələr yaranmasın deyə, internat məktəblərə yeməklər bişirilmiş vəziyyətdə hazır gətirilir. Uşaqların, körpələrin geyim, ərzaqla bağlı bütün ehtiyacları ödənir ("18 ildir biz ora nələr daşımışıq” da nə demək o zaman?! - red). Sözügedən Körpələr Evində böyük ehtimalla müşahidə kameraları quraşdırılıb. Körpələr Evinin qarşısında, dəhlizlərdə, otaqlarda kameralar olmalıdır. Video-görüntü yayılıbsa və bu da müəyyən şübhələrə əsas verirsə, hüquq-mühafizə orqanları məsələni araşdırmaq üçün müşahidə kameralarının yaddaşından asanlıqla istifadə edə bilər.
Qonşular var, onlar dindirilə bilər, müşahidə etdiklərini söyləyərlər və s. Lakin məni düşündürən həm də budur; niyə məhz Körpələr Evindən hansısa əşyaların çıxarılması videoya çəkilib, ora gətirilən əşyalar niyə çəkilməyib? Yəni, ictimaiyyətə göstərilən aparılanlardır. Gətirilənlər haqqında heç bir görüntü yoxdur. Bu o deməkdir ki, informasiya tam deyil, yarımçıqdır. Bu da şəxsən məndə sual doğurur. Mənim Körpələr Evinin baş həkimini müdafiə etmək kimi bir məqsədim qətiyyən yoxdur. Sadəcə, görürəm ki, o, özünü müdafiə edə bilmir. Əksinə, özünü dolaşığa salıb. Bilirsiz, uşaq bağçaları, körpələr evləri ilə bağlı illərdir cəmiyyətdə neqativ informasiyalar var. Bu kimi uşaq müəssisələrində şəffaf idarəçiliyin olmasına inam azdır. Ona görə də bu videonun yayılması belə ajiotaj yaratdı. Məncə, məsələ ilə hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır.
Məlahət Rzayeva
Tarix: 4-05-2018, 14:23