Saxta şöbə, saxta müdir, saxta vergül – Etibar Əliyev yazır


Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin “heçnəşünas” müdirinə...

Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdirdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında yazıma cavab verilib. Özünü həmin Mərkəzin elm və təhsil şöbəsinin müdiri kimi qələmə verən Bəhlul Abbasov adlı birisi növbəti dəfə yazıma guya “cavab” verib.

Mən faktlara əsaslanıb yazıram, o isə nağıl danışır. Nağılı da düz danışa bilmir. Çünki öz nağılı deyil. Elə bil, yuxulu, dünyadan, xüsusilə, elmdən bixəbər adamı çox-çox uzaqlardan gətirib öz oyunlarına salıblar. Deyəsən, o da söhbətin nədən getdiyini anlamır. Nə Dilçilik İnstitutunun kollektiv yazısına, nə də mənim yazımdakı iradlara cavab verə bilib. Sən ha çabala, ha özünə əl qat, ha kiməsə yarın, ay mənə “hərşeyşünas” deyən, özü isə “heçnəşünas” olan “alim”, bəs bu iradları harda gizlədək?!

Başlayaq cavabın müəllifinin Elm və təhsil şöbəsinin müdiri olmasından. Vallah, mən bilmirdim ki, Tərcümə Mərkəzində Elm və təhsil şöbəsi yaradılıb. Əgər yaradıblarsa, nəyə xidmət eləyir? Bu Mərkəzin təyinatı tərcümədirsə, soruşmaq ayıb olmasın, siz kimə təhsil verirsiniz? Bu şöbənin elmi işləri varmı? Orada işləyənlər kimlərdir? Bəhlul məni “hərşeyşünas” adlandırır. Sağ olsun, hörməti artıq olsun. Bizim Dağlı məhəlləsində buna “hörmətinə isti-soyuq dəyməsin” deyirlər. Amma orası var ki, bu adam elə bircə bu yazısı ilə özünün “heçnəşünas” olduğunu ortaya qoyur. İki ilin “ağır”, “məşəqqətli”, “fədakar” zəhmətini qeyd edən bu alimi-biəməl “heçnəşünas” bilməlidir ki, lüğət hazırlanmasının qaralaması (kartotekası) olmalıdr. Öydüyün sözlüyün kartotekası bəyənmədiyin lüğətin özü olub, hörmətli “heçnəşünas”. Plagiat bu deyil, bəs nədir? Plagiatın əlavə buynuzu olur? Bizim Dağlı məhəlləsində buna plagiat deyərdilər, sizin məhəllədə buna nə deyirlər?

Gələk qaqaşımızıın fədakarcasına sinəsini irəli verib, bəyənmədiyi vergül məsələsinə. Bu abzası, sadəcə, oxucunu güldürmək üçün yazıram. Alimi-biəməl yazır ki, mənim vergüldən başım çıxmır. Amma vergülün də abırını qoruyu,b harda gəldi qoymaq düzgün olmasın gərək. Gəlin, onun yazısından bir cümləni olduğu kimi verək, vergülünə də toxunmayaq:

“Çünki söhbət, ana dilimizdən – dövlət dilimiz olan Azərbaycan dilindən gedir.”

Orta məktəb şagirdi də bilir ki, bu cümlədə “söhbət”  sözündən sonra vergül olmaz. Beləliklə, saxta şöbə, saxta müdir, saxta vergül... Görün, hardan hara gəldik?!

İndi gəlin güman edək ki, mən heç fəlsəfə üzrə doktor deyiləm, təhsilim fizika olsa da, Azərbaycan və dünya təhsil sistemləri ilə bağlı 100-lərlə analitik məqalənin və 10-larla kitabın müəllifi deyiləm. Heç məni təhsil eksperti kimi də tanımırlar. Mənim kitabxanamın zəngin və çoxşaxəliliyi Azad Mirzəcanzadə kimi alimin diqqətini də cəlb etməyib. Ay təhsil və elm şöbəsinin müdiri, mən bir vətəndaş kimi “Orfoqrafiya” lüğətinin başına sizlər tərəfindən gətirilən bu oyunlara biganə qalmalıyam? Hazırladığınız “Sözlük”ü lüğətin əvəzinə cəmiyyətə sırımaq istəyirsiniz? Bir məktəbli, yaxud tələbə işlək olmayan hansısa sözün yazılışını sizin “Sözlüy”ünüzdən tapmayanda o zaman necə olsun?! 

Digər tərəfdən, sənin alimi-biəməl olmağın həm də ondan məlum olur ki, balaca bir elmi söhbətin yeli əsəndə və kimsə bir ingilis mənbəyindən “orfoqrafiya lüğəti necə olar?” sualına cavab axtaranda (Dilçilik İnstitutunun kollektivinin cavabındakı ingilis mənbələrinə müraciəti nəzərdə tuturam) o saat əsəbiləşib cırnayırsan. Bu mənə çox təbii göründü, çünki yazının ruhu buna tam uyğun gəlir. Nə isə...

Mən çox dərinə getmədən bir məsələni sizin camiənin (bəlkə: cameənin-?) diqqətinə çatdırmaq istəyirəm. Dilçilik İnstitutunun kollektivinin və mənim yazımda konkret iradlar ortaya qoyulanda sənin kimilərin hay-küyü bu iradları unutdurmaq istiqamətində görülən profilaktik bir addım kimidır. Amma o iradlara cavab vermək heç sənlik deyil. Necə ki, cavab verə bilmirsən. Bilirsən, nəyə görə cavab verə bilmirsən? Çünki o iradlar sizin sözlükdən çıxan konkret səhvlərə əsaslanır. Sən bilmirsən, sən yazığın nə günahı, amma sənin ətrafındakılar bilməlidir ki, bu səhvlərdən çıxış yolu yoxdur. Buna görə də “müsibəti-Kərbəla” deyib sinə vurmağa ehtiyac yoxdur. Biz konkret iradlarımıza cavab gözləyirdik. Maləsəf, maləsəf, bir daha maləsəf... Tez bax, gör, sözlükdə bu söz öz əksini tapıb? Səncə tapmalıdır, ya yox?!

Heyf ki, Tərcümə Mərkəzi sənin kimilərin ümidinə qaldı. Elm və təhsil şöbəsi deyirsən, düşündürücüdür. Yəqin ki, cəmiyyətimiz və elmimiz sizdən yaxın gələcəkdə təkcə orfoqrafiya lüğəti barədə deyil, həm də yazdığınız kimi müxtəlif sahələr üzrə tədqiqatlar gözləyəcək. Ümid edirəm ki, o tədqiqatların müəllifləri sırasında “şərəflə” sənin də adın yer alacaq. Mən bəri başdan söz verirəm. O zaman səni mən “heçnəşünas ” deyil, Bəhlul Danəndə adlandıracam.

P.S. Təəssüf ki, səninlə və sənin kimilərlə ciddi elmi söhbət mümkün deyil. Oxucu məni başa düşər.

Etibar Əliyev, fəlsəfə üzrə doktor

Tarix: 4-05-2018, 15:54
Xəbəri paylaş





Xəbər lenti