Qanunvericiliyə görə dərmanların reklamına Səhiyyə Nazirliyi tərəfindən icazə verilməsi nəzərdə tutulmayıb.
Əvvəllər Səhiyyə Nazirliyi tərəfindən rəy verilirdi, hazırda isə bu məsələ nəzərdə tutulmur. Ancaq televiziya kanalları da yalnız reseptsiz satılan dərmanları reklam edə bilərlər, reseptlə satılan dərmanlar isə ümumiyyətlə, reklam olunmur. Hətta bütün reklamlarda aşağı hissədə yazılmalıdır ki, dərman preparatının istifadəsinin əks təsirləri var və istifadədən öncə həkimlə məsləhətləşin. Bu artıq bir şərtdir. Bu şərt yerinə yetirilmədən televiziyalar həmin dərmanın reklamını yayımlamamalıdır. Yəni burada telekanallar da qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Qeyd edək ki, Azərbaycanda dərman vasitələrinin reklamı müəyyən vasitələrlə də olsa, gedir. Bununla yanaşı telekanallarda həkimlərin də müəyyən qədər reklamları nümayiş olunur.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda dərman vasitələrinin reklamına qismən icazə verilir, ancaq bu məsələyə yenidən baxılmalıdır: "Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir. Biri çıxıb deyir ki, şəkərli diabeti bu dərmanla müalicə etmək olar və s”.
Komitə sədri vurğulayıb ki, Avropa ölkələrində dərman vasitələrinin reklamı qadağan olunub: "Hesab edirəm ki, biz də bu məsələyə yenidən qayıtmalıyıq”.
Maraqlıdır, dərman preparatlarının və həkimlərin reklamlarını necə qadağan etmək mümkündür?
Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi Əli Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda bu praktikanı yığışdırmaq lazımdır: “Dərman preparatlarının həkimlər tətəfindən xəstələrə zorla və aldadaraq satılması dərman satışı ilə yekunlaşmır. Parlamentin Səhiyyə Komitəsi özəl klinikalarda xəstələrə tətbiq olunan aldadıcı dərman preparatlarının satışına baxılmasının vaxtı çoxdan yetişib.
Hamısı olmasa da özəl sektorda bir sıra iri çaplı məmurlara bağlı özəl klinikalarda insanlar aldadılır, çox bahalı müayinələrə cəlb edilir və bahalı preparatlardan istifadə edilir. Yəni bu təkcə əczaçılıq şəbəkəsi ilə bağlı olan məsələ deyil. Bu həkim-əczaçılıq və həkim-pasiyent münasibətlərini tənzimləyən, ehtiva edən çox mürəkkəb bir şəbəkədir.
Yaxşı olar ki, bizim səhiyyə komissiyamız məsələlərə geniş çapda qiymət versin və son vaxtlar başladılmış tədbirləri dərman satışı mafiyasının məhdudlaşdırması üçün etsin ”.
Əli Əliyev onu da əlavə edib ki, dünya təcrübəsində də dərman vasitələrinin reklamı var. Bu yalnız dərman preparatlarının cəmiyyətə təqdim olunması üçün ola bilər: “Həkimlə cinayətkarcasına danışaraq, “sən xəstəyə bu dərmanları yaz, sənə vəsait ödəyəcəyik” deyilməsi keçmiş SSRİ məkanında daha çox rast gəlinən praktikadır. Oturuşmuş dövlətlər sistemində də bu cür münasibətlər sistemi var. Amma inanmıram ki, bu miqyaslı olmuş olsun”.(Cebhe.info)