Görəsən Sahil Babayev Rəhnumə Cəfərovanın qol qoyduğu qanunsuzluqlara göz yumacaqmı?

                          Artıq o da hər kəsə bəllidir ki, cənab Nazir Əjdər müəllimi bir neçə gündür ki, “yola salıb”. Deməli, 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə rəhbərlik edən Rəhnumə Cəfərovanın “fironluq dövrü” başa çatıb

Bu da bir həqiqətdir ki, sosial müdafiəyə ehtiyacı olan hər sakinin sosial müdafiəsini gücləndirmək, üz-üzə qaldığı problemlərini aradan qaldırmaq və s. hal-hazırda dövlətimizin qarşısında duran əsas strateji vəzifələrdən biridir. Belə bir səbəblər üzündən də, hər il bu yöndə lazımi addımlar atılır, müvafiq qərarlar da qəbul edilir. Başlıca məqsəd aztəminatlı ailələrə, xəstələrə, əlillərə, imtiyaz sahibi olanlara dövlətin göstərdiyi qayğının mahiyyətini çatdırmaqdır ki, hər kəs atılan addımların varlığını öz-özlüyündə dərk edə bilsin. Bu yöndə xüsusi dövlət proqramının işlənib hazırlanmasına baxmayaraq, hələ də elə vəzifə sahibləri var ki, onlar dövlətin bu yöndə həyata keçirdiyi siyasətə kölgə salmaqla məşğul olur. Belə vəzifə sahibi olan şəxslərdən birinin də, Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinin rəhbəri Rəhnumə xanım Cəfərovanın olduğu bildirilir. O halda sual oluna bilər ki, adı çəkilən bu xanım hansı addımlarını atıb ki, əksəriyyət onu “topa tutur” və adı dövlətin bu yöndə həyata keçirdiyi siyasətə kölgə salan şəxslər siyahısında da hallanır.
Hər kəs bilsin ki, KİV nümayəndəsi olaraq bizim Rəhmumə Cəfərova ilə bağlı heç bir problemimiz yoxdur, sadəcə olaraq adı çəkilən xanımın atdığı addımlarla bağlı redaksiyamıza sensasiya doğura biləcək məlumatlar daxil olduğundan, biz yaşanan olayları ictimailəşdirmək qərarına gəldik. Belə ki, adının çəkilməsini istəməyən mənbə redaksiyamıza çatdırdığı məlumatlarda qeyd edir ki, “bir müddət bundan öncə Elnarə adlı xanım, uzun illər ərzində sıx təmasda olduğu, həmçinin tələbə yoldaşı olmuş Babayeva Ülkər Fikrət qızının səhhətində əmələ gələn problemlər səbəbindən, onu şəhərin Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə yerləşdirir. İşi-gücü nə qədər çox olsa da, o, tez-tez Elnarəyə baş çəkir, problemləri ilə maraqlanır, bəzən onun ərzaqla təminatını da ödəyir. Adı çəkilən xanımın Ülkər Babayevaya qarşı atdığı addımlar, uzun illər ərzində onunla səmimi münasibətdə olmasından irəli gələn addımlar olur. Elə ki, günlərin birində Elnarə Ülkər Babayevaya baş çəkmək məqsədilə həmin müəssisəyə gedir, o halda o, qarşı tərəfdən fərqli münasibət görür. Nə qədər götür-qoy etsə də, hansı səbəbdən belə bir fərqli münasibətin əmələ gəlməsini, hansı səbəblər üzündən qaynaqlanmasını heç cür ayrıd edə bilmir. Amma çox keçmir ki, belə bir münasibətin əmələ gəlməsi Elnarəyə gün təki aydın olur. Bəlli olan o olur ki, Xətai rayonu, Şıxlınski-3 ünvanda Babayeva Ülkər Fikrət qızına məxsus 3 otaqlı mənzili satmaq üçün, adı çəkilən müəssisənin rəhbərliyi ona psixotropik tərkibli dərmanlar içirtdirir. Çox keçmir ki, belə bir dərmanları qəbul edən Ülkərin səhhətində ciddi problemlər əmələ gəlir və bu kimi səbəblər üzündən də o, bu cür addımlarını atır. Günlər ötdükcə isə, Ülkər Babayevanın Elnarəyə qarşı aqressiv münasibəti daha da kəskinləşir. Həmin vaxtlarda Elnarə dərk edir ki, atılan addımların arxasında Rəhnumə xanımın özü dayanır. Hətta, vəziyyət o həddə çatır ki, Ülkər Babayeva uzun illər ərzində sıx təmasda olduğu Elnarədən üz döndərir və onu həndəvərinə belə buraxmır.
Ülkər Babayevanın bu cür addımlarından sonra, ortaya belə bir sual çıxır ki, görəsən adı çəkilən xəstəyə psixotropik tərkibli dərmanlar verdirmək səlahiyyətinə malik olmayan Rəhnumə Cəfərova, nədən belə bir adımlarını atır? Yaxud da, o, hansı ixtiyarla belə bir addımını atır? Elə ki, vəziyyət olduqca qəlizləşir və Ülkər Babayevaya “dövlət sənə belə bir dərmanları vermədiyi halda, onları necə əldə etmisən?” deyə sual olunur, o halda o, “mən bunları təqaüdümlə almışam” cavabını verir. Sən demə Ülkər Babayevanın ünvanlanan suallara belə bir formada cavab verməsinin kökündə, onun əvvəlcədən rəhbərlik tərəfindən təlimatlandırılması olur. Hansı ki, həmin təlimatlandırılmada əsas hədəf Elnarə olur. Son anda dərmanların Ülkərə verilməsinin məsuliyyətini, adı çəkilən müəssisədə “medbrat” vəzifəsini daşıyan Rəsul adlı şəxs öz üzərinə götürür.
Onu da vurğulayaq ki, bu cür ağlasığmaz addımlar atıldıqdan sonra, Elnarə Ülkər Babayevaya məxsus mənzilin yerləşdiyi ərazidə sahə müvəkkili işləyən polis əməkdaşına bildirir ki, “Bəlkə o, sağalıb gələcək, mən ona məxsus mənzilin satılmasına heç bir halda imkan verməyəcəyəm” deyir. Əldə etdiyimiz bəzi məlumatlara görə, 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə rəhbərlik edən Rəhnumə Cəfərova isə, minbir qanunsuzluq əməllərinə qol qoymaqla həmin mənzili 65 min manata satıb. Yəni, müəssisə rəhbəri saxta yolla Elnarənin adından etibarnamə düzüb-qoşur və belə bir məqsədini də həyata keçirir. Hansı ki, səhhətində ciddi psixoloji problemləri olan bir şəxsin digər şəxsə notarial qaydada etibarnamə verməsi qanuvericilikdə qadağan olunduğu halda, təəssüflər olsun ki, qanunun belə bir tələbinə məhəl qoyulmur.
Elə ki, bir-iki gün bundan öncə redaksiyamıza çatdırılan məlumatlarla bağlı adı çəkilən müəssisənin rəhbərindən sadalanan olaylara münasibətini öyrənmək istədik, o halda istəyimiz elə istək olaraq qaldı. Yəni, qarşı tərəf bizi dinləmək istəmədi. Belə olan halda çatdırılan məlumatları əsas tutaraq, sadalananları birtərəfli qaydada dərc etməyə məcbur olduq.
O hala da diqqət yetirək ki, bu günə kimi Rəhnumə Cəfərova ilə bağlı işıq üzü görən məqalələrdə, məhz adı çəkilən xanımım “krışa”sının ƏƏSMN-də Aparat rəhbəri vəzifəsini daşımış Əjdər müəllimin olduğu qeyd olunurdu. Artıq o da hər kəsə bəllidir ki, cənab Sahil Babayev Əjdər müəllimi bir neçə gündür ki, “yola salıb”. Deməli, 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə rəhbərlik edən Rəhnumə Cəfərovanın “fironluq dövrü” başa çatıb. Yəqin ki, cənab Nazir bu hala da lazımi diqqət yetirəcək və yaxın vaxtlarda “yek qərar”ını açıqlayacaq. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda təmirə bağlanan müəssisənin xəstələri Şamaxıdakı və Göygöldəki müəssisələrə yerləşdiriliblər. Onu da bildirək ki, Şamaxıdakı müəssisəyə Rəhnumə xanımın yaxın qohumu, Göygöldəki müəssisəyə isə, açəkilən xanımın vaxtilə təyin etdirdiyi kadrı rəhbərlik edir. Hərçənd, hər iki müəssisəyə ayrılan ərzaq məhsulları və bir çox təminolunmalar, bu gün də Rəhnumə Cəfərovanın “plan-bölgüsü” əsasında həyata keçirilir. Deməli, bu xanım Bakı şəhərində olsa belə, “əlləri uzun” olduğundan o, Şamaxıda və Göygöldə də idarəetməni həyata keçirə bilir. Əhsən belə bir idarəçiliyə...

Mövzuya qayıdacağıq.

Azerinfo.az
Tarix: 7-05-2018, 09:22
Xəbəri paylaş





Xəbər lenti