Bu gün çox insan həyatını kompütersiz təsəvvür edə bilmir. Demək olar, bütün sahələrdə elektronlaşma hökm sürür və ofislərdə kompüterlərdən geniş istifadə olunur. Həkimlər isə kompüterin qarşısında fasiləsiz oturmağın ziyanları haqqında həyəcan təbili çalır. Monitorların yaratdığı şüalanma, uzun müddət kompüter qarşısında əyləşmək gözlərdə, onurğa sistemində - bütün orqanizmdə fəsadlar yarada bilir.
Kompüterdən fasiləsiz istifadənin ziyanları haqqında "Sherg.az”a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla xatırladıb ki, hazırda istehsal olunan kompüter monitorlarında radiaktiv şüalanma yoxdur. Həkimin qeyd etdiyi kimi, kompüterlə fasiləsiz çalışan şəxslər sağlamlığına xüsusi diqqət etməlidir:
"Şüalanma olmamağına baxmayaraq, kompüterdən fasiləsiz istifadə beyinə, gözə, onurğa sütununa – bütövlükdə bədənə ziyandır. Kompüter arxasında iş görən insanlar 40 dəqiqə, bir saat çalışdıqdan sonra 15-20 dəqiqə hərəkət etməli, gözlərini məşq etdirməlidirlər. Kompüter arxasında oturan şəxslərin gözü bir nöqtəyə zilləndiyindən, göz ətrafı əzələlərdə problemlər yaranır.
Bu isə görmə zəifliyinə gətirib çıxarır. Kompüter arxasında uzun müddət oturan şəxslərin boyun nahiyəsində ostreoxondroz yaranır. Bu baxımdan, boyun hərəkətləri, bir müddət işlədikdən sonra ayağa qalxıb gəzmək orqanizmi problemlərdən qorumağa kömək edər”.
Adil Qeybulla deyir ki, kompüter arxasında çox vaxt keçirmək xüsusilə, uşaqların orqanizmi üçün ağır fəsadlar yaradır:
"Onların kompüter arxasında fasiləsiz oturması bədənin daim yorğun olmasına gətirib çıxarır. Beynin inkişafı, göz toxumalarının sağlam olması, onurğanın inkişaf prosesində mənfi təsirə məruz qalmaması üçün övladlarımızı kompüterdən uzaq tutmalıyıq. Uşaqlar uzun müddət kompüter arxasında oyun oynayır, müxtəlif vəziyyətdə xeyli dayanırlar. Belə uşaqlarda, skolioz, onurğa əyriliyi və s. meydana gəlir. Ona görə, uşaqlara nəzarət etmək lazımdır ki, onlar fasiləli şəkildə kompüterdən istifadə etsinlər”.
İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu isə insanların sağlamlıq problemlərinin həlli üçün aparıcı kompüter istehsalçılarının üzərinə düşən vəzifələrdən danışıb. Mütəxəssis qeyd edib ki, kompüter istehsalçıları xarici ölkələrdə tövsiyə xarakterli məlumatları, maarifləndirici tədbirlərini əhaliyə çatdırırlar:
"İri şirkətlər müəyyən tədbirlər keçirir, braşuralar paylayır, internet saytlarda, sosial şəbəkələrdə və televiziyada sosial çarxlar yayımlayırlar. Xarici təcrübədə bunlar mövcuddur. Xüsusilə, uşaqların kompüterdən səmərəli istifadəsi, sağlamlığını qoruma qaydaları şirkətlərin maarifləndirməsində əks olunur.
Ölkəmizdə də bu cür kampaniyanın həyata keçirilməsi yaxşı olardı. Azərbaycanda uşaqlar kompüterdən şüurlu şəkildə, istiqaməti üzrə istifadə etmirlər. Valideynlər isə fərqində deyillər ki, kompüterdən həddindən fasiləsiz istifadə uşaqların sağlamlığına ziyan vura bilər.
Hətta bəziləri kompüter arxasında çox vaxt keçirən övladları ilə fəxr edirlər. Belə olduğu halda, istehsalçı şirkətlərin maarifləndirmə aparmasına, bunun ziyanları haqqında sosial çarxların yayımlanmasına ehtiyac yaranır”.
Aysel Aslan
Tarix: 12-05-2018, 08:15