“Piknik” mədəniyyəti dünyada və bizdə: Bulvarda “piknik” üçün yerlər ayrılacaq - FOTOLAR


“Piknik” mədəniyyətinin tarixi...

“Piknik” sözünün etimologiyasını izah edən müxtəlif fərziyyələr var. Fərziyyələrdən birinə görə, piknik fransızca "piquer" felindəndir. Bu söz ilk dəfə yazıda 17-ci əsrin sonunda işlədilib. Uzun müddət “piknik” hamının nəsə gətirdiyi nahara deyilib. 19-cu əsrdə əvvəlki mənasını itirərək müasir mənaya keçib və beləcə Qərbdə müasir “piknik” mədəniyyəti formalaşıb. 

“Piknik” mədəniyyətinə al fresco nahar mədəniyyətinin bir qolu kimi də baxmaq olar. Tarlada nahar fasiləsi zamanı yerdə açılmış süfrə piknik sayılmır. “Piknik” məhz məqsədli şəkildə seçilmiş gözəl bir görünüşü olan yerdə - çay, ya göl ətrafında açılmış süfrəyə deyilir. Tarixi isə zadəganların ov və bağ süfrələrinə və banketlərinə gedib çıxır.

Dünya ölkələri və “piknik” mədəniyyəti...

“Piknik” mədəniyyəti Avropanın bütün ölkələrində geniş yayılıb. İngiltərədə yerləşən "Hyde Park", "Green Park", "James Park", "Regent Park" və digər istirahət zonalarında günəşli günlərdə görünən mənzərə hər kəsi heyran edə bilər. Ən çox ziyarət olunan park "Hyde Park"dır. Burada yüzillik ağaclar, göllər və hektarlarla yaşıl örtüklər mövcuddur. İnsanlar göldə qayıqlarla gəzir, velosiped və ya at sürür, ağacların kölgəsində oturub kitab oxuyur və ailəlikcə piknik edirlər.

2.jpg (426 KB)

Bu ənənənin mükəmməl formalaşdığı Norveçdə vətəndaşlar uzaq məsafə qət etmədən yaşadıqları ərazilərə yaxın yerlərdə piknik təşkil etmələri üçün yeni yaşıllıqlar salınıb.

Avstriyanın paytaxtı Vyanada Dunay çayının sahilindəki parklar nəinki həftəsonu, günün istənilən zamanında sakinlərin istirahətlərini rahat şəkildə keçirmələri üçün müxtəlif təchizatlarla təmin olunub. Kəbab bişirmək və ya piknik etmək üçün daş manqaldan tutmuş səliqəli skamyalar, hətta ayaqyolu və duşa qədər düşünülüb. Üstəlik, bütün bunlardan istifadə ödənişsizdir. Həmçinin, meşədə elektrik enerjisindən istifadə üçün şitlər də quraşdırılıb.

3.jpg (403 KB)

“Piknik”i sevənlər arasında ABŞ xüsusi  fərqlənir. Nyu-Yorkun mərkəzi parklarında insanlar özləri ilə yemək götürüb ot və çəmənliklərdə istirahət edirlər. "Böyük çəmənlik" (Great Lawn) yazılan ərazidə isə maraqlı istirahət etmək olur. Kiçik şəhərlərdə, hətta uşaq meydançalarının yanında da xüsusi istirahət yerləri təşkil olunur. 

Türkiyədə də piknik mədəniyyəti yüksək səviyyədədir. İstanbul başda olmaqla, böyük şəhərlərdə belə sahələrin sayı olduqca çoxdur. Az qala şəhərin hər bölgəsində bir piknik yerləri mövcuddur. "Piknik" yerlərinin yaxınlığında kiçik çaylar, göllər üstünlük təşkil edir. Bu sahə üçün ayrılmış məkanların girişində isə manqal, samovar, eləcə də qab-qacaq dəstləri kirayə verilir. Yerli bələdiyyələrin nəzarətində olan bu məkanlar hər gün təmizlənir, zəhərli böcəklərin, həşəratların məskən salmaması üçün zaman-zaman dezinfeksiya edilir. Bunun üçün “piknik”ə gələnlərdən az miqdarda pul alınır.

4.jpg (408 KB)

Azərbaycansayağı “piknik”...

Azərbaycanda parklar sanki bəzək üçün salınıb. Şəhərlərdə nəinki “piknik” etmək, hətta otun üzərində oturmağa icazə vermirlər. Nəbadə, ayağını yaşıllığa uzadasan, dərhal polis başının üstünü kəsdirir. Ancaq skamya əyləşib yaşıllığa uzaqdan tamaşa etməyə icazə var.  Geniş imkanları olan paytaxtımızda təəssüf ki, “piknik”ə də qadağa qoyulub. Şəhər sakinləri “piknik” təşkil etmək üçün Qubaya, ya Xızıya üz tuturlar.

Bəs nə üçün "piknik" üçün Bakıda xüsusi yerlər ayrılmayıb?

Son illər Azərbaycanda əhalinin istirahəti üçün xeyli yeni parklar, yaşıllıqlar salınıb. Onlardan 1-2 parkı çıxmaq şərti ilə digərlərində hələ də ota yaxınlaşmağa icazə verilmir.

1.jpg (366 KB)

Məsələn, Heydər Əliyev Mərkəzi, Dədə Qorqud ərazisindəki ot örtüyündə insanlar rahat şəkildə istirahət edirlər və heç kim buna görə onları narahat etmir. Aralarında az sayda olsa da “piknik” edənləri də görmək olur.

Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev parkında dincələn bir qrup gənclərlə rastlaşırıq. Ayaq saxlayıb söhbətləşirik. Onların sözlərinə görə, bu parkda otluğun üstündə dincəlməyə icazə verilir. Lakin Dənizkənarı Bulvar ərazisində otluqda əyləşəndə mühafizəçi onları qovub.

5.jpg (470 KB)

Öz başıma gəlmiş hadisəni danışıram. 2 il bundan əvvəl dostlarla şəhəri gəzməyə çıxmışdıq. Hava yaman isti idi. Üstəlik də çox gəzmişdik. Dedik, yaşıllığa oturub, ayağımızın dincini alaq, həm də sərinləyərik. Elə yenicə əyləşmişdik ki, Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri uzaqdan qışqıra-qışqıra üstümüzə gəldi. Bir anlıq nəsə pis hadisə baş verdiyini düşünüb qorxdum.

Yaxınlaşanda aydın oldu ki, otluqda oturmağıma görə qışqırırmış. Baxmayaraq ki, Dənizkənarı Bulvar İdarəsi dəfələrlə mətbuatda yaşıllıqda oturmağa icazə olduğunu desə də, qurumu mühafizəçiləri bizi yerimizdən qaldırdı. İcazənin olduğunu onlara da dedim. Mühafizəçilər isə onlara belə göstəriş verildiyini dedi.

İdarənin aparat rəhbəri Elmir Bağırov musavat.com-a deyib ki, Dənizkənarı Milli Park ərazisində insanların qazonun və ya otluğun üzərinə çıxmağa icazə verilir. Heç bir məhdudiyyət yoxdur. Hətta gələcəkdə “piknik” üçün də müəyyən yerlər ayrılacaq.

Nə deyək, yalandırsa, gerçək olsun!

Ləman Mustafaqızı,
Musavat.com,
Fotolar Elçin Əkbərova məxsusdur.

Tarix: 13-05-2018, 16:14
Xəbəri paylaş





Xəbər lenti