Səhiyyə Nazirliyi ləğv edilmir, amma əvəzində...

 Səhiyyəni və Nazirliyi ayaqda saxlamaq üçün mühüm təkliflər var

Cari il iyulun 1-dən etibarən Səhiyyə Nazirliyi (SN) uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

SN iyulun 1-dən təhlükəli yeyinti məhsullarının və qida məhsullarının idxalından sanitariya mühafizəsini təmin etmək vəzifəsindən də məhrum olacaq. Belə ki, Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.
Çox təqdirəlayiq qərardır. Həqiqətən. Bu cür strateji bir sahəni SN-nin nəzarətində saxlamaq olmazdı. Hətta, təklif edərdim ki, səhiyyənin özü bu nazirliyin əlindən alınıb verilsin daha babat bir quruma. Tutaq ki, ASAN Xidmətə. SN də getsin başqa və camaata daha az zərərli təsir göstərən işlərlə məşğul olsun.
Məsələn, boş oturmamaları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunu alıb vermək olar SN-ə. Gərçi, hava proqnozlarını tərsməzhəb, baş-ayaq çatdıracaqlar, amma yenə də olsun. Ən azından, yağış əvəzinə qar "yağdırmaları" qanqren olmuş ayağın yerinə sağlam ayağı kəsmələrindən daha az təhlükəlidir.
Ya da lazımsız idarə olan Dövlət Statistika Komitəsinin (DSK) özündən də lazımsız olan Həyat Keyfiyyətinin Statistikası Şöbəsini SN-ə həvalə etmək olar. Ona görə yox ki, SN-dəkilər DSK-dakılardan daha dəqiq və vicdanlı hesablama qabiliyyətinə malikdirlər. Ona görə ki, SN-ə etibar etmək üçün bundan daha az vacib olan ikinci bir fəaliyyət sahəsi yoxdur. Heç olmasa, oturub hesablasınlar və özləri üçün müəyyənləşdirsinlər ki, "keyfiyyətli" səhiyyəmizin sayəsində həyatımız hansı keyfiyyətdədir.
Prinsipcə, kağız üzərində fəaliyyət göstərən idman federasiyalarından birinə də təhkim etmək olar SN-in rəhbər heyətini. Məsələn, Azərbaycan Kamandan Oxatma Federasiyası… Yox, bu, olmaz. Vurub camaatın gözünü çıxararlar, sonra gözün yerinə qulaq tikərlər ki, "dayanın, özümüz həll edərik, axı biz ixtisasca həkimik".


Azərbaycan Səmti Müəyyənetmə (Orientirinq) Federasiyasını (ASMF) düşünmək olar. Doğrudur, hələlik bəlli deyil ki, bu federasiya nə iş görəcək, hansı səmtə-hansı yana gedəcək və ümumiyyətlə niyə var, axı bu ASMF. Belə baxanda, SN-in özünün də səmti-yönü, hara getdiyi, əhalini hara apardığı və ümumiyyətlə niyə mövcud olduğu bəlli deyil. Bu mənada SN-lə ASMF-in mahiyyətləri uyğun gəlir və onlar eyni çətir altında fəaliyyət göstərərsə, heç birinin "orientirinq"i qaçmaz.
Açıqcası, həvəs olsa, oturub fikirləşmək, SN-dəkilərin qabiliyyətinə uyğun daha bir sıra fəaliyyət növləri tapmaq olar. Baxın, bunların sisteminin əsas özəlliklərindən biri nədir? Başın ağrıyır, üz tutursan Əhmədlidəki "N" saylı poliklinikaya. Sağdan-soldan başını nəzərdən keçirdikdən sonra bir şey qanammırlar və sənə belə bir istiqamət verirlər:
"Gedirsən Badamdardakı "M" adlı klinikaya, beynini kompüter tomoqrafiya etdirirsən, oradan 9-cu mikrorayondakı "P" adlı klinikaya yollanıb qanından analiz verirsən. Sonra qalxırsan Yeni Yasamaldakı "Ətçilər"in yanına, qapana çıxıb çəkini ölçdürürsən, oradan birbaşa "İnşaatçılar"a enib dərzi Tellinin yanında boyunun ölçüsünü aldırırsan. Hə, bakinbordlarını və boynunun ardını aldırmağı da unutmursun, bunu da ancaq "Gənclik"də Vüsal bərbər bacarır. Və bütün bu prosesi keçdikdən sonra kağız-kuğuzu yığıb gəlirsən yanıma – "N" saylı poliklinikaya".
İndi bu cür xidmət göstərən insanlara hansı sahəni layiq bilmək olar? Düzünə qalsa, heç bir sahəni. Ki, bu da mümkün deyil, axı SN-i və SN-dəkiləri birmənalı silmək də olmaz. Ona görə də gözünü yumub əlini salırsan lotereya torbasına, təxmini bir daş seçib çıxarırsan. Bir də baxırsan ki, Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) çıxdı. Zərəri yoxdur, ATXİ-nin 1897-ci ildə yaranarkən daşıdığı adı bərpa edirsən, vəssalam – "Artistlər İttifaqı"…
Sputnik.az



Tarix: 14-05-2018, 13:56
Xəbəri paylaş





Xəbər lenti