“Kasıba deyə bilmərik ki, 1 uşağın olsun” – Aqiyə Naxçıvanlının açıqlamasına cavab...


“Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs, ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki...”

Bu sözləri millət vəkili Aqiyə Naxçıvanlı Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır: “Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər”.

Onun sözügedən açıqlaması isə birmənalı qarşılanmayıb və sosial şəbəkədə geniş müzakirə olunub. Kimiləri millət vəkilini dəstəkləsə də, onu tənqid edənlər də çoxluq təşkil edir.

Musavat.com məsələ ilə bağlı sorğu keçirib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədr Mehriban Zeynalova millət vəkilinin emosional davrandığını deyib: “Aqiyə xanımın çıxışı emosional təsirdən yaranıb. O, kimsəsiz uşaqlarla görüşüb. O uşaqlar zorakılığa məruz qalıb, valideyn sevgisi görməyib, həyatda böyük travma alıb. Görünür, sığınacaqdakı görüşdən təsirlənib. Onların həyat hekayəsi istənilən adama mənfi təsir edərdi. Bəlkə də, bəzi ifadələrin istifadəsi lazım deyildi, peşəkarlıqdan uzaq idi. Amma hər bir halda onun çıxışından ürəyinin yandığını görürük. O ailə problemlərinə biganə deyil. Aqiyə xanım demək istəyir ki, şüurlu şəkildə ailə qurun, məqsədiniz tək ərə getmək olmasın, siz layiqli vətəndaş yetişdirməyə çalışmalısınız. Hər məsələni  fərqli mənalara yozmaq olar. Aqiyə xanımın açıqlamasına da hərə öz prizmasından yanaşır. Arzu edərdik ki, Aqiyə xanım orda yardıma möhtac qadınlar üçün yataqxanaların açılması məsələsini qaldırsın. Qadınlar, uşaqların sosial vəziyyətinin gücləndirilməsinə toxunsun. Bizdən də təşkilatımızdakı problemlər və boşluqlarla bağlı ona məlumat verməyimizi istəyib. Həqiqətən elə qadınlar var ki, qanunsuz olaraq birinə ərə gedib, onun üçün uşaq doğur, sonra başqa birinə gedib, onun üçün də uşaq doğur. Biz qadınları maarifləndirməli, onların sosial rifahını gücləndirməliyik”.

Sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu cür çıxışlara baxdıqda təəssüf hissi keçirir: “1994-cü ildə ailə məsələləri ilə bağlı böyük bir təkliflər paketi hazırlamışdım. O zaman Milli Məclisdə elmi mərkəzin rəhbəri idim. Təəssüf ki, o vaxtdan ailə məsələsinə səthi baxılır. Kiməsə deyə bilmərik ki, 1 uşağın olsun və ya 5 uşaq sahibi ol. Bu gün dövlətdə çox uşağı təmin edəcək mexanizm yoxdursa, Aqiyə xanımın dediyi sözlərin əhəmiyyəti var. Bütün bunlar məsələyə yarımçıq yanaşmaqdandır. Bizim dövlət müstəqil dövlətdir.  Ailə məsələləri ilə bağlı yüksək səviyyədə hazırlanmış konsepsiyası olmalıdır. Konsepsiya hazırlamaq üçün ölkənin vəziyyəti dərindən öyrənilməli, ciddi elmi əsaslarla problemlərdən çıxış yolu təyin edilməlidir. Bugünkü vəziyyətdə mən də insanlara uşaqlarla bağlı nə deyəcəyimi bilmirəm. Amma insanlara qadağan etmək olmaz ki, 3 uşağın olmasın. Əslində uşaqların sağlam, keyfiyyətli böyüməsinə çalışmalıyıq. Uşaqların sayından çox keyfiyyəti önəmlidir. Təəssüf ki, Azərbaycanda ailə siyasəti, modelləri ilə bağlı  elmi təminat yoxdur”.

Ə.Qəşəmoğlu xarici ölkələrdə hər uşağa görə valideynə, ailəyə edilən yardımlardan da danışıb: “Xarici ölkələrdəki ailə siyasəti ilə tanışam. Əgər ailədə 1 uşaq olsa, əhali arasında qocaların sayı artacaq. Qocaların sayı artanda vergi ödəyiciləri azalır, ölkə də miqrantları ölkəyə buraxmalı olur. Ona görə 1 uşaq arzuolunmazdır. Çalışmaq lazımdır ki, ölkədə artımla bağlı mənfi indeks olmasın. Mən 1994-cü ildə 3 uşağın olmasını təbliğ edirdim. O vaxt BMT-nin əhali fondunun emblemləri vardı. Bütün ölkələrin ailə modelində ata-ananın yanında 1-2 uşaq fotosu çəkilirdi. Biz üç uşaq çəkmişdik. Ailədə 1 uşaq olanda eqoist böyüyür, ətrafı ata-anası, nənə-babasıdır. Həm də əhali sayı azalır. Iki uşaq olanda aralarında konflikt olur. 3 uşaq olanda evdə  cəmiyyət modeli yaranır. 3 uşaq ideal ailə modelidir. Biz də çalışmalıyıq ki, elə ailə modeli olsun ki, bizim ailələrdə 3 uşaq dünyaya gəlsin. Ailələrin 3 uşağa baxmaq imkanı olsun. Biz deyə bilmərik ki, kasıbların az, zənginlərin çox uşağı olsun. Bunu demək etik deyil”.

"Güzaran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli  fikirlərini sosial şəbəkədə bölüşüb: “Aqiyə Naxçıvanlının ciddi etiraza səbəb olan açıqlaması təkcə sıradan bir deputatın mövqeyi deyil. Bu, dövlətin sosial öhdəliklərindən demək olar ki, tamam imtina etməsinin məntiqi davamıdır. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan sosial dövlətdir, ailənin sosial ehtiyaclarının ödənilməsinə birbaşa dövlət məsuliyyət daşıyır.

Azərbaycan Konstitusiyası - Maddə 16.

Sosial inkişaf və dövlət

I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

Azərbaycan Konstitusiyası - Maddə 17.

Ailə, uşaqlar və dövlət

I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir

YAP-çı deputatın sözlərindən belə başa düşülür ki, nə qədər doğursan doğ, ancaq dövlətdən heç nə istəmə. Bu, faktiki olaraq dövlətin konsitision öhdəliklərindən imtina etməsidir. Ora-bura yozmayın – bunun başqa adı yoxdur.

Əslində, bu, dövlətin 2-ci devalvasiyadan sonra sosial öhdəliklərindən rəsmi imtina etməsinin davamıdır. Bir qədər əvvəl baş verənlərin qısa xronikasına diqqət yetirək.

Pensiya islahatı adı ilə müəyyən qrup təqaüdləri 55 manata endirdilər. Halbuki 2018-ci ilin yaşayış minimumu haqqında qanuna görə, pensiyaçıların yaşayış minimumu 155 manat müəyyən edilib. Hökumətin hesablamalarına görə, pensiyaçıya acından ölməmək üçün 155 manat lazımdır. Bu məbləğin cəmi 36 faizini dövlət ödəyir.

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edildi. Dəyişikliyə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək. Azərbaycan praktikasına istinadən əminliklə demək olar ki, fiziki qüsurlu əlillər pensiyaları ilə vidalaşmalı olacaq.

Ünvanlı sosial yardımların verilməsi meyarlarını yada salın. Hətta paltaryuyan maşını olan ailələrə belə, yardım ayrılmır. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edir ki, ailənin paltaryuyan maşını varsa, o ailə yoxsul sayıla bilməz.

Yəni paltaryuyan maşını da satıb, daha rəzil günə qalmalıdır ki, dövlət mərhəmət əlini ona uzatsın. Ünvanlı sosial yardımların verilməsindəki korrupsiya hallarından danışmaq isə artıqdır – bu, hər birinizə bəllidir. Son dövrlər isə praktiki olaraq ünvanlı sosial yardımlardan imtina edilir. Dövlət büdcəsinin xərclərinə yoxsulların pulunu kəsməklə qənaət edilir.

Fiziki qüsurlu əlillərə də eyni münasibət olacaq. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edəcək ki, əlilin çəliyi varsa, o, yoxsul sayıla bilməz. Beləliklə, dövlət daha bir sosial öhdəliyindən imtina etməyə hazırlaşır.

Lap tutaq ki, 3-5 faiz fiziki qüsurlu əlil yaxşı yaşayır. Sağlamlığını ömürlük itirmiş insanlara ayda 150-160 manat təqaüdü çoxmu görürlər? Bəs, əlillər dövlətin varlığını necə hiss edəcəklər?

Ünvanlı sosial yardımlar, çoxuşaqlı ailələrə verilən müavinətlər faktiki dayandırılıb, fiziki qüsurlu əlillərin pensiyası faktiki ləğv edilir, dövlət səhiyyə müəssisələri rəsmən pullu xidmətə keçir, ali təhsil 75 faiz pulludur. Bir sözlə, sosial dövlət modelindən rəsmən imtina edilir.

Hökumət bu yaxınlarda daha bir sosial ideyanı ana bətnindəcə dəfn etdi. Söhbət sosial evlərin əhaliyə satılmasından gedir. Sosial evlərin satışa çıxarılması “sosial ev” fəlsəfəsinə ziddir. Bu evlər kasıb ailələrə simvoliklə məbləğə - ayda 20-30 manata kirayə veriməli idi. Ancaq rəsmən elan edildi ki, evlərin 1 kvadrat metri bazar qiymətindən də baha - 950 manata satılacaq. Bu evləri ayda ən azı 803 manat gəliri olan ailələr ala bilər. Orta aylıq gəlirin 530 manat olduğu ölkədə isə təbii ki, 803 manat gəliri olanlar varlı təbəqə sayılır. Kasıb təbəqə üçün bütün nəfəsliklər qapadılır və dövlət konstitsion sosial öhdəliklərindən imtina edir”.


Tarix: 16-05-2018, 20:19
Xəbəri paylaş





Xəbər lenti