Dövlətin xəzinəsini göyə sovuranlar... və ya “Bakı Abadlıq Xidməti”nin himayəçisi kimdir?



Dövlətin xəzinəsini göyə sovuranlar...



Dövlət xəzinəsinə verdiyi paydan asılı olaraq ölkənin hər bir sakinini dolandırmalı olan toxunulmaz büdcəmizi bir çox məmurların çapıb-talaması haqqında uzun illərdir ki, yazırıq. Hüquq-mühafizə orqanları da bu bəla ilə fəal mübarizə aparırlar. Amma çapıb-talama faktları azalmır ki azalmır. Həm də büdcənin oğurlanmasının və qarət edilməsinin forma və metodları nə qədər çox aşkarlanırsa, dövlət malını talayanlar da öz quldur xislətlərini gizlətməyin daha yeni üsullarının axtarışını bir o qədər genişləndirirlər. Hətta yeni üsullar, ilk baxışda, elə cəzbedici təəssürat yaradır ki, belə fədakar əməyə görə təşəkkür bildirmək istəyirsən...

Hər bir bakılı və paytaxtımızın qonağı elə ilk imkandaca qoca Şərqin bu yeni möhtəşəm şəhərinin mərkəzini – Fəvvarələr bağını, Torqovını, Molokan bağını (Dənizkənarı bulvar – ayrıca söhbətin mövzusudur) gəzib-dolaşmağa çalışır. Etiraf etmək lazımdır ki, bu yerlər təkcə adamları özünün bənzərsiz arxitekturası, gözəlliyi, təkrarsız istirahət ab-havası ilə deyil, həm də təmizliyi ilə cəlb edir. Bəli, son illər paytaxtın mərkəzini nəinki ideal bir zövqlə yenidən qurmaq, həm də burada əvvəllər yalnız xəyala gətirilə biləcək təmizlik, səliqə-sahman yaratmaq mümkün olub. Nəhayət ki, küçə və xiyabanların xüsusi məhlullarla necə yuyulduğunu biz də öz gözümüzlə görürük. Vaxt vardı, sovetin dövründə xaricə gedib-gələn tək-tük bəxtəvərlərin “Parisdə küçələrin şampunla yuyulması” barədə söhbətini heyranlıqla dinləyirdik.

Düşünmək üçün bir işarə. Üzərində “Bakı Abadlıq Xidməti” yazılmış xüsusi geyimli onlarla adam, küçəyuyan maşınlar səhər sübhdən ta gecəyarıyadək burada təmizlik yaradırlar. Adamlar da onların əməyini layiqincə qiymətləndirməyə başlayıblar - əgər yeniləşmənin ilk illərində bir çoxları siqaret kötüyünü, kağız torbanı, hətta plastik qabları hara gəldi atırdısa, indi belə mənzərəyə az rast gəlinir. Nə yaxşı ki, səliqə-sahman yaradanlar belə dönüşə təkcə Bakıda deyil, elə hər yerdə bəzi küçəsüpürənlər kimi gəlib-gedənlərə bağırmaq və qabalıq göstərməklə nail olmayıblar. Onların yerə atdıqları zibilləri sakitcə yığışdırıblar və bu da adamlara çoxsaylı çağırış və işarələrdən daha tərbiyəvi təsir göstərib.

Həmin şəxslər kimdir, öz işini belə nümunəvi şəkildə sahmanlayan hansı təşkilatdır? Bu suallara cavab vermək üçün biz paytaxtın mərkəzindəki parklara xidmət edən “Bakı Abadlıq Xidməti” ASC-yə yollandıq – bizə rahat istirahət bəxş edənləri tanımaq lazımdır deyə... Qeyd edək ki, burada bizi çox səmimi qarşıladılar, işin təşkili və xüsusiyyətləri barədə xeyli və ətraflı danışdılar. Xoş və ciddi söhbətimiz oldu. Bütün bunlar bizi buraya gəlməyə vadar edən ilkin təəssüratımızı daha da möhkəmləndirdi – yaxşı işi layiqincə işıqlandırmaq gərəkdir.

Mehribanlıqla xudahafizləşərkən həmsöhbətlərimiz vəd etdilər ki, məqalə tutarlı olsun deyə, lap ertəsi gün bizə konkret rəqəmlər, adlar və digər göstəricilər barədə qısa bir arayış verəcəklər. Buna görə də ofisə yenidən gəlmək dəvətini anlamlı qəbul etdik. Lakin ertəsi gün həmsöhbətlərimizin çaşqınlıqla bir-birinə baxaraq... onlar haqqında heç nə yazmamağı bizdən xahiş etməsi bizi təəccübləndirməyə bilməzdi. Görünür, xahişlərinin bəs etməyəcəyini düşünüb, üstəlik, iri bir zərf də vermək istədilər. Uzunmüddətli jurnalist fəaliyyəti dövründə belə zərfdə gizlədilmiş xahiş və təkliflərlə dəfələrlə qarşılaşmalı olmuşuq. Amma bu cür cəhdləri qəzəbsiz qarşılamağa hələ də adət edə bilmirik. Əlbəttə ki, zərfi qətiyyətlə geri itələdik, xahişi isə yerə salmalı olduq.
Həmsöhbətlərimizin əhval-ruhiyyəsindəki dəyişikliyin səbəbini çətinlik çəkmədən aydınlaşdıra bildik. Heç demə, söhbətimiz barədə məlumat alan “yuxarı rəhbərlik” haqqın.az-la ünsiyyəti qəti qadağan edib. Əlbəttə, əhvalımız əməlli-başlı korlandı. Amma jurnalist marağı tez bir zamanda bu hissə üstün gəldi. Düşündük ki, niyə belə edirlər? Biz ki bura pis niyyətlə gəlməmişdik. Yəqin bu adamların gizlətməli nəyisə var? Nə?

Təbii ki, bu suallar bizə dinclik verməzdi. Xüsusi jurnalist araşdırması aparmaq qərara alındı. Baxmayaraq ki, səninlə heç kim kəlmə belə kəsmək istəmədiyi bir halda bu cür araşdırmaya girişmək asan deyil. Amma verilən tapşırığı yerinə yetirə bilməyən, qarşısındakı maneələri dəf edə bilməyən jurnalist də jurnalist deyil.

Böl-paylaş belə başladı...

Bakıda hələ sovet dövründə Baksovetin nəzdində şəhərin abadlaşdırılması və yaşıllaşdırılması ilə məşğul olan Yaşıllıq Təsərrüfatı Tresti fəaliyyət göstərirdi. Qeyd edək ki, bütün şəhər üzrə! İşinin də öhdəsindən pis gəlmirdi. Düzdür, sovet dövründə şəhərdə ekzotika üçün cəmi-cümlətani bir cüt palma tapmaq olardı. Şam, iydə, küknar, zeytun və burada köhnədən əkilən digər ağaclar çoxluq təşkil edir, yağışın, küləyin qabağını ala bilirdilər. Günün istisində onların kölgəsində dincəlmək isə sadəcə ləzzət verirdi. Kollar, gül-çiçəklər – hamısı yerli idi, Yaşıllıq Təsərrüfatı Trestində yetişdirilirdi. Trest bütün yaşıllıqlara qulluq edir, suvarır, dibini belləyir, qol-budağını təmizləyirdi.

İllər ötdü, hər şey dəyişdi. O vaxtdan adını dəfələrlə dəyişən və indi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi adlanan trestin inhisarına son qoyuldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhərin yaşıllıq sahələrinin bir hissəsinin “Azərbaycanın yaşıllaşdırılması və landşaft quruculuğu” QSC üçün ayrılmasına nail oldu. Bütün meşələr, dağlar və çaylar sərəncamında olan nazirliyin paytaxtdakı kiçik bir ərazi nəyinə gərəkdir, sadəcə, anlaşılmır; burada indi də şəhərdə işləməyin çətinliyindən şikayətlənirlər. Dərininə gedəndə, hərçənd, nazirliyi nə cürsə başa düşmək olar. Amma sonradan sağlam məntiqlə mənası anlaşılmayan əsil zəncirvari reaksiya başladı.

Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədov respublika miqyaslı magistral yolların tikintisini yanı üstə qoyub, hər şeyə qadir oliqarx kimi Bakının bütün küçələrini onların qırağındakı ağac və kollarla birlikdə öz əlinin altına yığmışdı. Deyin görək, paytaxt küçələrinin kənarındakı ağaclar nəqliyyat nazirinin nəyinə lazım idi? Küçələrin özünü hələ demirik – vaxtilə bu barədə çox yazılıb. Deyilənə görə, Məmmədov ölkənin yollarından və Bakı küçələrindən yüz milyonlar, bəlkə də milyardlar əldə edib. Bir adam üçün az deyil. Ağaclar belə gəlir gətirə bilməz: çoxları belə düşünüb, nazir-oliqarxdan başqa. O, vəziyyəti ayıq başla qiymətləndirərək bu gəlir mənbəyini də itirməməyi qərara alıb. Bəlkə də sabiq naziri ağacların yaşıl yarpağının onun gözünə xoş görünən rəngi cəlb edib. Buradan gələn gəlir – elə-belə, xırda xərclərə gedib. Amma necə olur-olsun, keçmiş nazirlərin əməlləri təhlükəli epidemiya təsiri yaradıb. Gec də olsa, oliqarxlar gəlir vermək imkanları əvvəllər çox adamın ağlına gəlməyən yaşıllıqlara diqqətlə nəzər yetirib və layiqincə qiymətləndiriblər. Dəqiq hesablayıblar ki, düzgün yanaşılsa, ağacdakı hər yaşıl yarpaq cibdə göy əskinasa dönə bilər. Və başlayıblar. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisənin – Yaşıllıq Təsərrüfatı Trestinin “mişarlamağa” başlayıblar. Bu işdə “Bakı Abadlıq Xidməti” ASC də fəal iştirak edib.

Artıq adından görünür ki, əvvəlkilərdən fərqli olaraq, bu, özəl qurumdur. Deyərsən ki, o hara, başında qüdrətli nazir-oliqarx duran Nəqliyyat Nazirliyi kimi dövlət qurumu hara. Necə olub ki, bu nazir yalnız küçələrin kənarındakı ayrı-ayrı ağacları qamarlaya bilib, heç kimin tanımadığı özəl qurum isə şəhərin yaşıllıq təsərrüfatının “ən dadlı” tikələrinə sahiblənib? Bəlkə Bakı İcra Hakimiyyəti xeyirxah məqsəd güdüb – dövlət müəssisələri ilə rəqabət aparmaq üçün şəhər yaşıllıqlarının bir hissəsinə xidmət göstərməyi özəl qurumlara həvalə edib? Bununla da bizim istirahətimizə və büdcənin bu istiqamətdəki xərclərinin optimallaşdırılmasına daha əlverişli şərait yaratmağa çalışıb?

Belə olan halda şəhər hakimiyyəti, ən azı, müvafiq tender keçirməli və onun qalibini elan etməli idi. Belə bir tender olubmu və “Bakı Abadlıq Xidməti” ASC qalib gəlibmi – heç kim xatırlamır. Əgər tenderlərin vahid reyestrinin (tender.gov.az) on illik fəaliyyəti dövründə bu qurum yalnız bir dəfə FHN-in 2011-ci ildə Yanğın Təhlükəsizliyi Dövlət Xidmətinin binasının abadlaşdırılması üzrə keçirdiyi 44480,1 manat məbləğində tenderin qalibi olubsa, necə xatırlayasan axı. Şirkətin özündə də bunun təsdiqini tapa bilmədik. İqtisadiyyat Nazirliyinin indi müstəqil quruma çevrilmiş müvafiq Antiinhisar Xidmətində də o cümlədən... Eyni zamanda nazirlikdə bizə bir daha bildirdilər ki, dövlət qurumunun funksiyalarının bu cür özəl qurumlara verilməsi yalnız tenderin nəticələri əsasında mümkündür. Üstəlik, belə müsabiqələr birdəfəlik ola bilməz. Onlar hər il yenilənməlidir. Yəni müvafiq tenderlər hər il keçirilməli və hər dəfə də ən azı üç təşkilat iştirak etməlidir. Amma “Bakı Abadlıq Xidməti” ASC-nin xidmət etdiyi şəhər əraziləri (buraya şəhərin müxtəlif hussələrində onlarla park daxildir) ona sadəcə bizim öyrəşdiyimiz “yuxarıdan göstərişlə” verilib. Özü də, deyəsən, həmişəlik. Yaxud da yuxarıda nələrsə, kimlərsə dəyişilənə kimi... 

Büdcədən kimə nə qədər düşür?

Biz qeyd etdik ki, özəl qurum olan “Bakı Abadlıq Xidməti” ASC əhalinin daha gur olduğu yerlərdəki onlarla bağı və parkı anlaşılmaz şəkildə Bakı şəhərinin yaşıllaşdırılması üzrə dövlət təsərrüfat birliyinin əlindən qoparıb alıb. Yəqin ki, oxucu özü də fərqindədir ki, təsir dairələrinin belə bölüşdürülməsi təkcə ASC rəhbərliyinin ambisiyası və ya onun öz qabiliyyətini göstərmək istəyi ilə bağlı deyil. Belə bölgülər, bir qayda olaraq, yalnız bir məqsəd güdür - asan qazanc əldə etmək. Buna görə də müvafiq dövlət orqanları bu cür bölgülərə sayıqlıqla nəzər yetirməlidirlər. 

Prinsipcə, qazanc əldə etmək, hər işdə, o cümlədən də xidmət sahəsində əsas məsələdir. “Bakı Abadlıq Xidməti” ASC-nin də bu arzusunu təqdir etmək olardı. Amma yalnız o halda ki, şəhərin abadlaşdırılması xidmətləri bazarında onun bütün iştirakçıları üçün bərabət şərait yaradılaydı. Çünki son nəticədə bütün abadlıq işləri dövlət büdcəsindən maliyyələşdirilir. Belə ki, parklar və meydanlar şəhərin balansında olduğundan onun büdcəsindən bu məqsədlər üçün hər il milyon manatlarla vəsait xərclənir. Bu məsrəflər özünü artıqlaması ilə doğruldur – istirahət etmiş, sağlam insan dövlətin sərvətidir, məhz o, ölkəni irəli aparır, iqtisadiyyatını, turizmini inkişaf etdirir.

Amma belə bir məntiqi sual yaranır. Bu bazarda bütün iştirakçılara büdcəyə bərabər əlçatımlıq təmin edilirmi? Sağlam məntiqə görə, sağlam rəqabətin təmini üçün şərtlər bütün iştirakçılar üçün eyni olmalıdır. Deyək ki, ən pis halda, dövlət qurumlarında bu şərtlərin bir qədər üstün olduğunu düşünə bilərik. Lakin sözügedən məsələdə biz tərsini görürük. Adi gözlə baxanda da görünür ki, “Bakı Abadlıq Xidməti”nin texnikası da çoxdur, xüsusi geyimli işçiləri də.

Prinsipcə, bazarın digər iştirakçılarında da belə olmalıdır. Ancaq ömrü boyu süpürgədən və xəkəndazı əvəz edən karton qırığından başqa heç bir texnika görməyən hər hansı MİS süpürgəçisini sorğu-suala tutmaq yetər ki, onların arasındakı kəskin təzad özünü göstərsin. Təsəvvür edin, MİS süpürgəçisi (Yaşıllıq Təsərrüfatı Tresti haqqında da bunu demək olar) ayda 160 manatdan çox almır, onun “Bakı Abadlıq Xidməti” ASC-dəki həmkarının maaşı isə bundan az qala üç dəfə çoxdur. Digər kateqoriyadan olan işçilərin də əmək haqqında eyni nisbət müşahidə olunur.

“ASC-də iş daha yaxşı təşkil olunub, buna görə də əmək haqqı yüksəkdir”, - oxucu belə düşünə bilər. Həqiqətən də biz də artıq qeyd etdik ki, burada iş daha yaxşı təşkil olunub. Bəs nəyin hesabına? MİS-lərdən və digər dövlət qurumlarından fərqli olaraq, ASC-də iş iki növbəlidir ki, bu da əmək haqqı fondunun ikiqat çox olmasını tələb edir. Təzadlı vəziyyət yaranır. MİS-in süpürgəçisi eyni işə görə ASC-dəki həmkarından xeyli az pul alır. Düzdür, onların işinə diqqətlə baxanda, ASC-nin xidmət etdiyi sahələrin, hər halda, daha təmiz olduğunu görmək çətin deyil. Amma burada hər sahədə işçilərin sayı da MİS-dəki bütün süpürgəçilərin sayından çoxdur.

Misal üçün, Xəqani küçəsindəki, camaat arasında daha çox “Molokan bağı” kimi tanınan, kiçik parkı götürək, Bağın içərisində səhərdən-axşamadək çalışan təkcə süpürgəçilər deyil. ASC-nin işçiləri burada yaşıllığı və ağacları sulayır, otları biçir, gül-çiçək əkirlər. Bir sözlə, təmizlik, səliqə-sahman yaradırlar. Bayırda, hasarın o tərəfində isə MİS-in süpürgəçisi gündə bir-iki dəfə süpürgə çəkir və iş bitdi! İlk baxışda ASC-nin işi MİS-in işindən xeyli effektli görünür. Ancaq bu, ilk baxışda belədir.

Büdcədən sərf olunan vəsaitləri hesaba alanda hər şey tərsinə dönür. Burada yüksək əmək haqqı da, texnikanın, bitkilərin və onlara qulluq üçün preparatların alınması üçün böyük məsrəflər də və digər amillər də öz rolunu oynayır. Bütün xərclər büdcədən çıxdığı üçün, yəqin ki, hansısa tariflər də mövcud olmalıdır. Məsələn, deyək ki, hər kvadratmetrə çəkilən xərci müəyyən etmək və bu pulu da həmin dərəcə ilə hesablamaq olar. O cümlədən də tələb etmək. Amma hələlik görürük ki, büdcə pulları heç də lazımi qaydada bölüşdürülmür.

Burada belə bir misal da çəkmək olar. ASC-nin işçiləri üçün demək olar ki, heç bir risk yoxdur – uzağı, onları it dişləyə bilər. Bu da onların öz günahıdır. Bütün hallarda, burda itləri buruntaqsız gəzdirmək olmaz – çox qələbəlikdir, it gəzdirmək mədəniyyətini isə çoxları hələ öyrənməlidir. Küçələrdə isə yazıq süpürgəçiləri tez-tez maşın vurub öldürür.

Şəhər hakimiyyəti yolların təmizlənməsi üçün müvafiq texnika almaq əvəzinə yazıq süpürgəçiləri ölümə göndərir. Guya qənaət edirlər. Amma ASC-yə qənaət yoxdur. Küçələrdə avtomobillərin necə gəldi saxlanması böyük başağrısıdır. Nə DYP, nə MİS, nə də bir başqası qanunsuz parklanma ilə bacarmır və ya bununla məşğul olmaq istəmir, cərimələr, evakuatrlar da kömək eləmir. Özləri belə deyirlər. Çoxları xatırlayır ki, sovet dövründə xüsusi maşınlar şəhərin mərkəzi küçələrini təmizləyib sulayırdı. Bu maşınların vurduğu soyuq su şırnağı sürücüləri cərimələrdən yaxşı ayıldırdı. Bizdə köhnəyə qayıtmağı, görünür, istəmirlər – bizim üçün süpürgədən yaxşısı yoxdur. Yaşlı qadınların öz süpürgələri ilə maşının altına düşməsi heç kimi maraqlandırmır, küçələrin çirkini təmizləməyə isə yağış və külək kömək edir...

Biz süpürgəçilərdən təsadüfən yapışmadıq. Təşkilatların mülkiyyət formasından asılı olmayaraq, onların iş vaxtı eynidir. Onlar təxminən eyni ölçüdə ərazidə təmizlik aparırlar. Onlara da, bunlara da pul dövlət büdcəsindən verilir. Özəl quruma başqa mənbələrdən maliyyə vəsaiti daxil olmur. Əlbəttə, o, kənardan ayrıca sifariş yerinə yetirə bilər, ancaq belə sifarişlərdən aldığı pulla, çətin ki, işçilərin yüksək əmək haqqına çatdırsın. Çoxsaylı texnikanı, bahalı kimyəvi və digər preparatları demirik.

Ağacları kökündən çıxarmaq lazım gələndə “Bakı Abadlıq Xidməti” ASC köməyə Bakı Yaşıllıq Təsərrüfatı Birliyini çağırır. Şəhərin mərkəzində çoxillik ağacı hansısa səbəbdən çıxarmaq və ya yerini dəyişmək lazım gələndə yalnız bu birliyin mütəxəssislərinə müraciət olunur. Ekologiya Nazirliyinin razılığı alındıqdan sonra yaşıllaşdırıcılar ətraf infrastruktura zərər vurmadan bu işi görürlər. Qəribə bir vəziyyət alınır: mürəkkəb bir iş olanda Yaşıllıq Təsərrüfatı işçilərini çağır, pul alınanda isə “abadçılar” irəli! Hanı bəs haqqında danışmağı sevdiyimiz ədalət, hanı ömrü boyu uğrunda mübarizə apardığımız əməyə və digər dəyərlərə görə bölgü?...
Tarix: 17-05-2018, 03:40
Xəbəri paylaş





Xəbər lenti