Hər bir xalqın özünəməxsus adət-ənənələri var, onların bəzilərinin etimologiyası bəllidir, bəzilərinin isə yaranma səbəbi unudulub. Bunlardan biri də may ayında toy-büsat qurmamaqla bağlıdır. Elə ki, may ayı gəldi, hamı toy etməyə qorxur. "Mayda toy etmək olmaz, düşər-düşməzi var", "mayda qurulan ailə tez dağılar", "may ailə həyatı qurmaq üçün ağır aydır" və s. kimi inanclarla insanlar may ayında toy etməkdən imtina edirlər.
Sputnik Azərbaycan bu batil inancın yaranma səbəblərini araşdırıb. Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, "may ayında toy etmək olmaz" fikri ilə bağlı tutarlı sübut yoxdur. Bu batil inanc, sadəcə, ənənə halını alıb və zamanla bu günümüzə gəlib çatıb.
"Qədim adətlərə görə, may ayında ağaclar çiçəklərini tökdüyü üçün nənələrimiz bunu gözəlliyin solması ilə izah edirmişlər. Zamanla bu, inanc halına düşüb. Bu, sadəcə adətdir. Bu adətin təməli qış qidalarının bitməsi ilə əlaqəli olub. Bu ayda hələ meyvə-tərəvəzin yetişmədiyinə, məhsulun bar vermədiyinə görə əvvəllər insanlar bu ayda toy etmək istəməyiblər", — psixoloq deyib.
F.Mehmanqızı bildirib ki, artıq belə batil inanclar unudulmağa başlayıb: "Bu fikirlər əvvəlki zamanlarda daha keçərli idi. İndi bəzi insanlar bu inancın əsasını unudub, amma riayət edirlər".
Astroloq Səbuhi Rəhimli isə deyib ki, may ayında toy edilməməsi ənənəsinin kökü qondarma "erməni soyqırımı"na dayanır: "Nə dində, nə də astrologiyada belə bir qanunauyğunluq mövcud olub. Bu ənənə qondarma "erməni soyqırımı" ilə bağlı yaranıb".
"Düşmənlərimiz bu ayda özlərinin qondarma "soyqırımı" hadisələrinə 40 gün yas saxlayırlar ki, bu da aprelin 24-dən başlayaraq bütünlüklə may ayını əhatə edir. Həmin bu yasın əsas hissəsi may ayına düşür. Həmin "ənənə", özümüz də bilmədən, bizim xalqın adətində hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur", — astroloq əlavə edib.
Astroloq bildirib ki, "mayda toy qadağandır" deyilən bir adət yoxdur: "Tibbi və ya elmi cəhətdən də may ayında toy olmaması üçün heç bir səbəb göstərilmir. Bu, cahillik əlamətidir. Bu ənənə aradan götürülməlidir. Kütləvi informasiya vasitələri, xüsusilə radio və televiziya kanalları bu mövzuda təbliğat işi aparmalıdır".
İlahiyyatçı Əkrəm Həsənov isə vurğulayıb ki, bugünkü cəmiyyətimizdə toy və yas mərasimləri ilə bağlı həddən çox yanlış, batil, xurafat inanclar və etiqadlar mövcuddur. Həmin bu yanlış inanclar və xurafatlar islama zidd olmasına baxmayaraq, çox möhkəm şəkildə xalqın qədimdən bəri gələn adət-ənənəsində oturuşub.
"Yalnız bizim ölkəmizdə Məhərrəm, Ramazan aylarında, həmçinin may ayında toy etmirlər. İslam dini baxımından məsələyə yanaşdıqda, nə "Qurani-Kərim"də, nə Allahın Rəsulunun hədislərində, nə də hansısa İslam alimlərinin fikir, rəy və görüşlərində elə bir anlayış var ki, Məhərrəmlikdə, Ramazanda nikah bağlamaq, toy eləmək qadağan olunsun", — ilahiyyatçı əlavə edib.
Ə.Həsənov bildirib ki, ölkəmizdə may ayında toy etməmək anlayışının da heç bir tutarlı dayanağı yoxdur: "Bu gün bütün sahələrdə olan mütəxəssislər bu anlayışın əslinin olmadığını bildirirlər. Bununla bağlı müxtəlif araşdırmalar da onu göstərir ki, may ayında toy etməyin icazəli olmaması anlayışı yoxdur. Ümumiyyətlə, bu anlayış kökündən yanlışdır".
"Bildiyimiz kimi, miladi təqvim bütün dünyada işlənsə də, dəqiq həqiqətə dayanmır. Əslində, səmada Ayın çıxması prosesi ilə hicri tarix daha dəqiq həqiqətə dayanır. Bu səbəblə, may ayında guya toy edənin bədbəxt olması, yaxud evlilik nəticələrinin pozulması anlayışı uydurmadan, xurafatdan, yalan sözdən başqa bir şey deyil. Belə bir anlayışa inanmaq sadəcə gülüncdür", –ekspert deyib.
Əkrəm Həsənov qeyd edib ki, hazırda may ayında ailə quranlar, toy-büsat keçirənlər, doğum günlərini qeyd edənlər də az deyil: "Bu gün insanların çoxu may ayında toy etməməyin yanlış olduğunu anlayır. İndiyə qədər də həmişə may ayında saysız-hesabsız toy-düyünlər olub və cütlüklər bir ömür boyu xoşbəxt həyat yaşayıblar".
"Bu gün də hər kəs rahat ola bilər ki, evlənmək istəyən cütlüklərin arzularını may ayında da yerinə yetirsələr, böyük xeyrə, fəzilətə nail olacaqlar, Allahın razılığını qazanacaqlar. Əksini iddia edən varsa, dəlilini, sübutunu, mənbəsini göstərsin. Əlbəttə, bu cür batil, xurafat inancın heç bir dayanacağı ola bilməz", — ekspert əlavə edib.