Qarabağ müharibəsi veteranlarından biri də xəstəxanada çıxılmaz duruma düşüb. III qrup əlil Elşad Rəhmanov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutununda əməliyyat olunsa da, onun problemi ilə bağlı hər hansı dəyişiklik baş verməyib. Bu barədə Cebhe.info-ya “Azad İstehklakçılar Birliyi”nin nəzdnində yaradılmış Tibb müəssələrində istehlakcı hüquqlarının müdafiə komissiyasının sədri Əhməd Rəhmanov məlumat verib.
Elşad Rəhmanov 2011-ci ildə ictimai nəqliyyatda baş verən qəza zamanı qolundan xəsarət alıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutununda əməliyyat olunub, qolunun bərpası üçün müvəqqəti “Yelizarov aparatı” qoyulub. Bu aparat çıxarılan zaman metalın bir hissəsi qolunda qalıb. Bu günlərdə isə həmin metal çirklənmə verdiyindən yenidən adıçəkilən xəstəxanaya üz tutmalı olub. Bu zaman əməliyyatla həmin metalın çıxarılacağına söz veriblər. Əməliyyat aparılıb. Əməliyyatdan sonra özünə gələn xəstəyə bildirilib ki, metalı çıxarılmayıb. Yalnız çirklənmə təmizlənib.
Xəstənin özünün bizə verdiyi məlumata görə, ona deyilib ki, metal sinir sisteminin altında yerləşir, ona toxunulsa, qolu işləməyə bilər: “Qalmışam çıxılmaz durumda. Heç kim qarantiya vermir ki, bu metal yenidən çirklənmə verməyəcək. Burdan çıxıb, başqa xəstəxanaya getsəm, məni götürməyəcəklər ki, yeni “narkoz” almısan, 2-3 aydan sonra yenə bura qayıtsam, bura da məni götürməyəcək. Bilmirəm nə edim”.
Qeyd edək ki, Elşad Rəhmanov hazırda xəstəxanadadır.
Məsələni araşdırmaq üçün xəstənin həkimi, professor Çingiz Əlizadə ilə əlaqə saxladıq. O, isə “bu xəstə bizdə yatır, mənim ixtiyarım yoxdur ki, bu məlumatları sizə verim. Siz bizim Nazirliyə müraciət edin, onlar icazə versə, mən sizə bütün məlumatları verərəm” cavabını verdi.