Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir


Nazir Sahil Babayev TSEK-lərdə şəffaflığa nail ola biləcəkmi...

Azərbaycanda əlilliyin təyinatı prosesindəki problemlər növbəti dəfə nazir səviyyəsində tənqid olunub. Bu dəfə də tənqid yeni əmək və əhalinin sosial müdafiəsi nazirindən gəlib. Belə ki, nazir Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.

Bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən  əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. S.Babayev həmçinin diqqətə çatdırıb ki,  əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib.

Nazir həmçinin deyib ki, bölgələr üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, Azərbaycanın bir sıra bölgələrində əlillik səviyyəsi ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir. Bu məsələni Hesablama Palatası da qaldıraraq, ona aydınlıq gətirilməsi üçün xüsusi araşdırmanın aparılmasının gərəkdiyini bəyan edib.

Çox maraqlıdır ki, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələdir. Belə ki, 2013-cü ildə - təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.

TSEK-lÉrdÉ ile ilgili görsel sonucu

İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra  əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses  səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi - rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü.

İndi yeni nazir S.Babayev əlilliyin təyinatı ilə bağlı vəziyyətdən narazılığını açıqlayıb. Sələfi kimi ictimai rəyə hesablanmış addımlar atmasa belə, yeni nazirin də bu sahədə ciddi dönüş yarada biləcəyi ciddi sual altındadır. Hələ ki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb.

sahil babayev ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, əlilliyin təyinatı ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində korrupsiya imkanlarının böyük olduğu ikinci sahə pensiya sistemidir. S.Müslümovun həyata keçirdiyi “islahatlar” Dövlət Sosial Müdafiə Fondunda da korrupsiya və rüşvətin ən azı olduğu kimi qalmasına xidmət edib. Elə Hesablama Palatasının apardığı çoxsaylı yoxlamaların nəticələri də göstərir ki, pensiya sistemindəki köklü problemlər davam etməkdədir: ölmüş şəxslərin  adına pensiya yazılması, bir nəfərin bir neçə yerdən pensiya alması kimi faktlar Hesablama Palatasının aşkarlaya bildikləridir. Pensiya təyinatı, pensiyaların hesablanması sahəsində vəziyyət daha kəskindir. Güman olunur ki, Palatanın hazırda Fondda davam edən yoxlamaları nəticəsində daha böyük qanunsuzluqlar aşkarlanacaq.

Ekspertlər hesab edir ki, saxta əlillik, habelə haqqı çatan adamlara rüşvət vermədikləri üçün sənəd təqdim olunmaması, eyni zamanda pensiya təminatındakı korrupsiya ilə əlaqədar ciddi araşdırmalar gedir. Bu prosesin sonunda yüksək vəzifəli şəxslərin həbsinin qaçılmaz olduğu bildirilir.(“Yeni Müsavat”)


Tarix: 19-05-2018, 09:11
Xəbəri paylaş





Xəbər lenti