“Dövlət İmtahan Mərkəzinin statistik məlumat bazası göstərir ki, təhsilin keyfiyyəti üzrə reytinq cədvəlində ən pis göstəriciləri olan rayonların sırasında ölkənin ənənəvi pambıqçılıq rayonları üstünlük təşkil edir”.
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.
Ekspert qeyd edib ki, yeni təhsil naziri ən azından bu amili nəzərə alaraq, həmin rayonlarda icra başçılarının təhsil prosesinə müdaxiləsinə imkan verməmək üçün təşəbbüs göstərə:
“Gərək yeni təhsil naziri bu rayonlarda təhsil işçilərini pambıq əkməyə, pambıq yığımına cəlb etməyə imkan verməyə. Müqayisə üçün 2017-ci il üzrə rayonlar üzrə statikaya baxaq.
2017-ci ilin yekunlarına görə 74 rayon və şəhər üzrə 11 illik buraxılış imtahanlarının nəticəsinə görə ən son 15-lik olan rayonlara Sabirabad, Cəlilabad, Kürdəmir, İmişli, Ağcabədi, Hacıqabul, Salyan, Zərdab və Yevlax rayonlarının adları var. Bu rayonlar üzrə 11 illik təhsil üzrə buraxılış imtahanlarının orta balı 32.5-40 intervalında dəyişir (maksimum 90 bala qarşı). Bu siyahıda Sabirabad ən pis göstərici ilə sonuncu yerdədir.
2017-ci ilin yekunlarına görə 74 rayon və şəhər üzrə 9 illik buraxılış imtahanlarının nəticəsinə görə ən son 15-lik olan rayonlara Sabirabad, Cəlilabad, Kürdəmir, Ağcabədi, Hacıqabul, Salyan, Zərdab, Saatlı və Yevlax kimi rayonlar daxildir. Bu rayonlar üzrə 9 illik təhsil üzrə buraxılış imtahanlarının orta balı 59-69 intervalında dəyişir (maksimum 200 bala qarşı). Bu siyahıda Cəlilabad ən pis göstərici ilə sonuncu yerdədir”.