Son vaxtlar Azərbaycanda ailə-məişət zəminində baş verən zorakılıq, intihar və qətllərin sayı “rekord” həddə çatıb.
Hər gün media orqanlarında bu faktlarla bağlı məlumatlarla rastlaşırıq. Bu sahədə vəziyyətin artıq kritik mərhələyə qədəm qoyduğunu deyə bilərik. Bu günkü reallıqda daha çox xəbər lentlərində intiharlar, evdən qaçan gəlinlər, qətlə yetirilmiş qadınlar, təcavüzə uğramış qız və gəlinlərlə bağlı məlumatlar sıralanır.
2016-cı və 2017-ci illərin ən çox narahatlıq doğuran və ictimaiyyətdə geniş müzakirə mövzusu olan məsələlərindən biri qadın qətlləri oldu. Hər ayda bir neçə dəfə öldürülən, zorakılığa məruz qalan, intihara əl atan qadınlarla bağlı xəbərlər yayıldı. Vəziyyət o həddə çatdı ki, sosial şəbəkələrdə vəhşicəsinə törədilən qadın qətllərinə “dur” demək üçün kampaniyalar təşkil edildi. Tanınmış şəxslər bu kampaniyaya qoşuldu, ölkənin nüfuzlu təşkilatları qadın qətllərini dayandırmaq üçün hüquq-mühafizə orqanlarına belə müraciət etdi. Bu gün də həmin mənzərə təkrarlanır. Son bir həftə ərzində Azərbaycanda ailə-məişət zəminində xeyli sayda olaylar baş verib.
Fərqli rayonlarda olmaqla 23 yaşında iki gəlin evdən qaçıb. Belə ki, Şəki rayonunun Baş Zəyzid kənd sakini Aygün Mustafayeva gecə saatlarında evdən qaçıb. Kənd sakini 29 yaşlı Pərviz Abdullayev 6 il əvvəl 23 yaşlı Aygün Mustafayeva ilə ailə həyatı qurub. Oğuz rayonunda isə 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızı mayın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu arada qadın qətlləri və intihar da yer alıb. Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib. Sumqayıt şəhər sakini, 36 yaşlı Rafət Feyziyeva qısqanclıq zəminində əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Tovuz rayonunda üç uşaq anası özünü yandırıb. Rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib. İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsi olub.
Digər intihar hadisəsi Şəkinin Böyük Dəhnə kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Gülbəniz Hilal qızı Abdullayevanın meyiti yaşadığı ünvanda hamamda asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 58 yaşlı Gülbəniz Abdullayevanın hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub. Başqa bir hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində 1981-ci il təvəllüdlü Xələfova Səyalə Abdulla qızı yaşadığı evdə ailə üzvləri ilə münaqişə edib. Münaqişə zamanı o, sol qolunun damarını iti alətlə kəsərək, intihara cəhd göstərib. Yaralı qohumlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Bu siyahını uzada bilərik. Təbii ki, bu arada son vaxtlar azyaşlı uşaqların da intihar etməsi gündəmdədir.
Təəssüf ki, ölkənin ən aparıcı dövlət qurumları bu hadisələrə, ümumiyyətlə, məişət zorakılıqlarına və ailə münaqişəsi zəminində baş verən qətllərə, xüsusən, qadın ölümlərinə səssizlik nümayiş etdirir. Bu sahəyə cavabdeh olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu hadisələrə etirazı müşahidə olunmur. Ən azı hər baş verən faciəli hadisə ilə bağlı bəyanat yaymır. Halbuki qonşu ölkələrdə ailə-məişət zəminində baş verən hər bir qadın, uşaq ölümü ciddi hadisəyə çevrilir, cəmiyyət ölkənin müxtəlif şəhərlərində bununla əlaqədar etiraz aksiyaları keçirirlər. Azərbaycanda isə bu cür hadisələr adi hala çevrilib. Nə etiraz aksiyaları təşkil olunur, nə də kampaniyalar keçirilir.
Məlumdur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birbaşa olaraq qadın, ailə və uşaq problemlərini araşdırmaq, maarifləndirmək və mümkünsə həll etmək səlahiyyətindədir. Amma Komitənin fəaliyyət mexanizmi tamamilə bu problemlərdən kənar qurulub.
Qurum bu tip problemlərin özəyinə nəinki biganə qalır, hətta məsələdən yayınmaq məqsədilə belə müraciətləri üzərindən atır. Özü həll etməli olduğu problemləri qeyri-hökumət təşkilatlarına yükləyir və müraciət edənləri də həmin qurumlara yollayır. Beləliklə də bu qurum bütün fəaliyyətini il ərzində susqunluq üzərində qurur. Dövlət büdcəsindən kifayət qədər maliyyə yeyən Komitənin yarıtmazlığı özünü bütün aidiyyatı məsələlərdə büruzə verməkdədir. Nə ilin sonunda görmüş olduqları işlərlə bağlı hesabatları təqdim edirlər, nə də onlardan bu hesabatları tələb edənlər var. Ölkədə isə problemli uşaqların, qadınların və ailələrin sayı bitib-tükənmək bilmir.
Görünür, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu cür hadisələrin mövcudluğundan xəbərsizdir. Dəfələrlə uşaq zorakılıqlarına, qadın qətllərinə, ailə münaqişələrində zərər çəkənlərin problemlərinin həll olunmamasına biganəlik göstərirlər. Sadəcə, adı olan bu qurumun fəaliyyətsizliyi onların məsələlərə açıq biganəliyində bir daha sübut olunur. Çox az hallarda baş verən olaylara reaksiya bildirəndə isə Komitə üzərinə düşən səlahiyyətləri rayon mərkəzlərində fəaliyyət göstərən qadın komitələrinə ötürür. Sanki yerli komitələr hansısa fövqəladə işlər görəcəkmiş kimi bu vəzifələri də üzərlərinə götürürlər.
Ümid edirik ki, ailə, qadın və uşaqların Hicran Hüseynova problemi çözüləcək...
Alçina Amilqızı
Cebhe.info