Azərbaycanda hər il Ramazan və Məhərrəm aylarında bir qayda olaraq İslam dininə hücumlar artır. Bəlli olur ki, kimlərsə din və dindarları xoşlamır, hətta nifrət edir. Və bunu sosial şəbəkələrdən büruzə verir. Demək olar ki, hər il (bəzən daha qabarıq, bəzən isə sönük formada - K.R.) eyni reaksiyaları müxtəlif adamlardan görürük.
Builki Ramazan ayı başlayandan İslam dininə və dindarlara qarşı təhqiramiz fikirlər yenidən tirajlanmağa başlayıb. Amma bu hərəkətlərin bəziləri daha sərt olur. Ancaq “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın din və dindarları hədəf alan fikirləri, necə deyərlər, həddi aşıb.
Yeri gəlmişkən, adı keçən QHT sədri ötən ilin iyun ayında qalmaqallı status yazaraq Azan səsinə qarşı olduğunu bəyan etmişdi. Onun bu fikirləri sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusu olan zaman QHT sədri həmin statusunu silmişdi. Açıqlamasında isə əvvəlcə bildirmişdi ki, onu bu fikirlərinə görə tənqid edənlər savadsız cahillərdir. Təşkilat rəhbəri ona irad bildirənləri Azərbaycanda olan geylərə, ermənilərə, qısa şalvarlılara, qara çarşablılara, vəhhabilərə də etiraz etməyə çağırmışdı. Amma sonradan təşkilat rəhbəri məlum fikirləri onun adından başqasının yazdığını deyib.
Bu dəfə isə B.Tağıyeva facebook-da Ramazan ayı və Oruc tutulması ilə bağlı müzakirələrdə aqressivlik nümayiş etdirərək İslama inananları şərəfsiz adlandırıb. Sitat: “İnananlar şərəfsizdir. Ərəbə qul olmaq ən alçaq şərəfsizlikdir. İnsan azad olmalıdır”.
Əlbəttə, yuxarıda qeyd olunan fikirlər başdan-başa təhqirdən ibarətdir. İstənilən halda insanların inanc azadlığı var. Kimin nəyə inanmasına bu şəkildə reaksiya verilməməlidir. Faktiki olaraq cinayət tərkibli bir hərəkətdir...
Ancaq bu yazı həm də bir ənənəvi sualı gündəmə gətirir. İslam ərəbçilikdirmi? Demək olar ki, müsəlmanlara qarşı olan, dindarlara qarşı aqressiv münasibəti ilə seçilən hər kəs İslam və ərəbləri bir tutur. Müsəlmanları ərəbləri təqlid etməkdə, onların təsirinə düşməkdə ittiham edir. Doğrudanmı belədir? Müsəlmanlar ərəbləri təqlid edirmi?
3 səmavi dindən musəvilik istisna olmaqla, İslam və Xristianlıq bəşəri dindir, hansısa etnik və ya coğrafi sərhədlərlə məhdudlaşmır. Yalnız yəhudilər musəviliyi “yəhudi dini” kimi yaşadır, digər xalqların içərisində musəviliyi qəbul edən şəxsləri yəhudi hesab etməklə musəviliyi yəhudilərin dininə çeviriblər. Ancaq xristianlıq və İslam haqda bunu demək olmaz. Hər iki din hazırda planetin bütün nöqtələrinə yayılıb, xristianlar 2,2 milyard, müsəlmanların sayı isə 1,6 milyard nəfəri keçib.
Konkret olaraq müsəlmanların ərəbləri yamsılamasına gəlincə, bu iddianın heç bir əsası yoxdur. Məsələ ondadır ki, İslam dini ərəb yarımadasında meydana çıxsa da, ərəb mahiyyətli olmayıb. Doğrudur. İlkin islam dövründə və sonralar da bir sıra idarəçilik metodları, ənənələrdə ərəb adətləri də əsas alınıb. Ancaq bu ümumi tendensiya olub. Çünki ilk illərdə belə İslama ərəblər qədər və hətta daha çox Sasani dövlətinin, yaxud da Bizansın təsiri olub. Əlbəttə, xüsusən də Əməvi sülaləsi zamanında ərəb təsiri hiss olunub. Ancaq yeri gəlmişkən qeyd edək ki, İslam dövlətinin, yəni Xilafətin mərkəzi yalnız 35 ilə qədər Mədinə şəhəri olub. 4-cü xəlifə İmam Əlinin (ə) zamanında isə artıq paytaxt İraq ərazisinə, Kufə şəhərinə köçürülür. Daha sonra isə siyasi mərkəz Dəməşq olur və 90 illik Əməvi sülaləsinin başa çatmasından sonra yenidən İraqa qaytarılır, Abbasilərin paytaxtı İraq olur. 9-cu əsrdən sonra isə Abbasi xəlifələrinin əhəmiyyəti azalır, sarayda farslar, orduda isə türklər dominant olmağa başlayır. Bu dövrdən sonra İslam dini həm də digər xalqların vasitəsilə yayılır və güclənirdi. Sonrakı 1000 ildə də belə oldu.
Bundan başqa, İslam dini yayıldığı ölkələrdə yerli adət-ənənələrlə də qaynayıb qarışıb. Bu səbəbdən də Ərəbistandakı islamla, məsələn, Orta Asiyadakı və ya Qafqazdakı islam arasında fərq olub. Təbii ki, toxunulmaz olan “qırmızı xətlər” istisna olmaqla. İslamın əsas şərtlərinə toxunmadan istənilən xalqın dini qəbul etdikdən sonra adət və ənənələrin uyğunlaşması prosesi gedib.
Və ən nəhayət, İslamın elan etdiyi əsas prinsiplər ərəb və ya başqa millətin adət-ənənələri demək deyil. Əsas prinsiplər hər zaman dəyişməzdir və burada hansısa etnik qrup, yaxud da xalqın təsirindən danışmaq olmaz. Bugünkü Avropa xristianları 2 min il əvvəlin Qüds və ya Nazaret (Həzrət İsanın vətəni - K.R.) şəhərindəki yəhudilərini nə qədər xatırladırsa, Azərbaycan və ya qeyri ölkənin müsəlmanları ilə ərəblər də bir-birilərinə o qədər bənzəyirlər. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, müsəlmanlar 8-9-cu əsrlərdən sonra orta bir mədəniyyət formalaşıdırıb. Bu mədəniyyətin qurulması bütün müsəlman xalqlarının əməyidir, təbii ki, burada ərəb, fars, türk, kürd, hind elementləri belə müxtəlif formada təzahür edir. Müsəlman adlarından tutmuş, dini mərasim, ədəbiyyat, elm, musiqi və digər müxtəlif sahələrdə bu təsir özünü hiss etdirir.
Ancaq aydın məsələdir ki, bəzi cərəyanlarda ərəb elementləri daha çoxdur. Bundan başqa, bir qayda olaraq insanlar dini təhsil aldıqları ölkələrin də təsirinə düşə bilirlər Yəni məsələn, İranda dini təhsil almış şəxslə Səudiyyə Ərəbistanında təhsil almış şəxsin davranış, tədrisində təhsil aldığı ölkənin elementləri özünü büruzə verir. Ancaq bu lokal təsirlərdir. İslam dini 10 əsrdən çoxdur ki, bir xalqın dini olmaqdan çıxaraq planetin bütün nöqtələrinə yayılmış ümumbəşəri bir dindir.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”