”Xəstələrlə bərabər həkimlər də mənəvi və fiziki cəhətdən vərəm xəstəliyinə yoluxublar” – Baş həkimdən nazirə şikayət…

 


 






”Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova məsul vəzifəsinə təyinat aldığı gündən etibarən institutunun daxilində xüsusilə Qərbi Azərbaycan bölgəsindən olan, iş stajı kifayət qədər yüksək, zaman-zaman pasiyentlərin rəğbətini qazanmış həkimlərə qarşı təzyiq, təxribat dolu kampaniyalar aparmaqla ölkəmizin səhiyyə siyasətinin inkişaf dinamikasına ciddi zərər vurub və vurmaqda davam edir. Onun ağlasığmaz əməllərinin təsirindən birbaşa zərər görən həkimlərlə bərabər, instituta sağlamlıqları ilə bağlı müayinə və müalicə üçün müraciət edən vətəndaşlarımız da zərər çəkirlər”.

Bu fikirlər 2018-ci ilin yanvar ayında tutduğu vəzifəsindən uzaqlaşdırılan tibb elmləri namizədi, həkim Səbinə Məmmədovanın səlahiyyətli nümayəndəsi, ictimai vəkil Samir Zeynalova məxsusdur. Criminal.az saytına müraciət edən vəkil deyir ki, savadlı tibb personalının olmaması nəticəsində müayinə və müalicə üçün müraciət edən vətəndaşlarımızın sağlamlıqları ilə bağlı təhlükələr, diaqnostik-müalicə ilə bağlı qeyri-müəyyənlik yaranır.


Vəkilin müraciətində deyilir: Həqiqət Qədirovanın qara qədəmlərindən sonra institutda aşkar xaos, qanunsuzluq və strees dolu qeyri-mənəvi abu-hava reallığa hakimdir. Real olaraq heç bir səbəb olmadan Qədirova Həqiqət ağlasığmaz ittihamlarla savadlı həkimlərə təzyiq göstərərək onların könüllü olaraq işdən uzaqlaşmalarına dair təşəbbüs göstərir. Bəzi həkimlər edilən təzyiqlərdən dolayı könüllü olaraq işdən ayrılsalar da, digər etiraz edib haqqına sahib çıxmağa çalışan həkimlər saxta və real hadisə motivlərini ifadə etməyən böhtan xarakterli intizam tənbehləri ilə işlərindən uzaqlaşdırılırlar. Bundan əvvəl Respublika QİÇS-lə Mübarizə Mərkəzində sahibləndiyi analoji əməllərdən dolayı tutduğu vəzifəsindən azad edilən Həqiqət Qədirova əvvəlki neqativ əməllərinin özünə olan təsiri nəticəsindən ibrət almadığı üçün anti-milli təmayüllü əməllərinə sadiq qalmağı özünə hələ də borc bilir.


Həqiqət Qədirova öz əməllərinə bəraət qazandıran, durmadan despot kimi savadlı və bacarıqlı həkimlər üzərində öz idarəçiliyini qeyri-mənəvi və qeyri-hüquqi formada diktə edir. O, az da olsa düşünmür ki, savadlı və səriştəli həkimlərimizə ehtiyyac duyulduğu bir zamanda onların qanunsuz və haqsız işdən uzaqlaşdırılması təkcə onlara qarşı yox, vətəndaşlarımızın sağlamlıqları ilə bağlı maraqlarına, bütövlükdə ölkəmizin sağlam yaşam mühitinə zərərvuran münbit durumdur. Həqiqət Qədirova heç özünün həqiqətən ağciyər xəstəlikləri ilə bağlı primitiv anlayışının olmaması ilə bağlı da düşünmür. Onun mövcud mənəvi-psixoloji durumundan yalnız bu qənaətə gəlmək olur ki, o həqiqətən Azərbaycan xalqının sağlamlığına qarşı radikal düşmən mövqeyində qərarlaşıb. Əgər belə olmasa idi, pasiyentlərinin fərdi olaraq ehtiramını qazanmış institunun bacarılıq, diqqətcanlı və şəffaf fəaliyyətə sahib aşağıda adları çəkilən həkimləri tutduqları vəzifələrindən şərlənməklə azad edilməzdirlər:

1.Səbinə Məmmədova; tibb elmləri namizədi, şöbə müdiri.
2.Ruhiyyyə Səfərova; Anestezioloq-reanimatoloq.
3.Vüqar Behbudov; həkim-cərrah (Cəmi 1 ay işləyə bilib),
4.Kamal Əliyev; tibb elmləri doktoru. Vərəm cərrahiyyəsi üzrə yeganə aparıcı cərrah, şöbənin elmi rəhbəri.
5.Vüqar Səfərov; Anestezioloq- reanimatoloq, şöbə müdiri.
6.Elşən Həsənov; anestezioloq-reanimatoloq
Direktor qərəzli fəaliyyətini davam etdirməklə institutun daha bir neçə uzunmüddətli staj-təcrübəyə malik əməkdaşını da hazırda potensial hədəfə alıb:
1.Arif Qurbanov – həkim rentgenoloq.
2.Xatirə Əliyeva – USM həkimi.
3. Aygün Alxasova; tibb elmləri namizədi, laboratoriya şöbəsinin müdiri.

Vəkil əlavə edir ki, potensial qurbana çevirilmiş adları yuxarda keçən şəxslər məhz Həqiqət Qədirovanın dözülməz fəaliyyətinə sivil qaydada etiraz etdikləri üçün töhmət alıblar: ”Həqiqət Qədirova onları da işdən uzaqlaşdırmaqla təhdid edir. Hətta ən dəhşətli faktlardan biri də budur ki, Xanım Qədirova öz əməllərinin gerçəkliyi fonunda DTX əməkdaşlarının qərarlaşmasına yer verməkdən çəkinməyib. Bir qrup mülki geyimdə olan DTX əməkdaşını Həqiqət Qədirova öz əmələrinə ortaq etməklə həkim Xatirə Əliyevanı qorxutmaq məqsədi ilə istifadə edib. Bu özbaşınalığa isə hələ Dövlət Təhlküəsizlik Xidmətindən əsaslı reaksiya gəlmədi.. Ağciyər xəstəlikləri institunda yaratdığı sərt və dözülməz abu-hava ilə birmənalı olaraq qeyd etmək olar ki, xəstələrlə bərabər həkimlər də həm mənəvi, həm də fiziki cəhətdən vərəm xəstəliyinə yoluxublar.
İnstitutda baş verən nizamsızlıqlar az olmamış kimi antisanitariya, vərəmli xəstələrlə sağlam insanların eyni ortamda müayinə olunması vərəmə yoluxma risklərini artırıb. Əldə edilən məlumata görə, praktikaya gələn 5 rezident həkim mövcud mühafizə edilməmiş, anti-sanitar normalara cavab verməyən şəraitdən dolayı vərəmə yoluxub. Vəziyyətin son dərəcə acınacaqlı və həyəcan təbili çalması bütün çılpaqlığı ilə ortadadır”.
Vəkil daha sonra yazır: ”Həqiqət Qədirova ilə əlbir olan mənfur düşüncəli şəxslər var. Onlardan biri Firidun Məcidovdir. Onun 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə ixtiyarı yoxdur. Digəri isə Faiq Ağayevdir. İxtisasca bronxoloqdur, kecmiş direktordur. Səhiyyə naziri Oqtay Şirəliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevdən sağlam və təhlükəsiz gələcəyimiz naminə bu barədə ciddi tədbir görülməsinə dair göstərişlərin verilməsini xahiş edirəm. Öz sahəsi üzrə son dərəcə peşəkar olan tibb elmləri namizədi Səbinə Məmmədovanın Həqiqət Qədirovanın yerinə təyinatı ölkəmizin səhiyyə sahəsinin mühüm istiqamət üzrə inkişafında məqsədə uyğun gerçəklik olar”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Criminal.az saytına açıqlamasında bildirdi ki, bir müddət əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunda baş verənlərlə bağlı Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, heç bir qanun pozuntusu yoxdur. Həqiqət Qədirovanın bir neçə işçini vəzifəsindən azad etməsi tibb müəssisəsində nizam-intizamın bərpa olunması və əhaliyə daha yüksək tibbi xidmət göstərilməsi məqsədilə həyata keçirilib
Tarix: 28-05-2018, 10:34
Xəbəri paylaş





Xəbər lenti