Fazil Mustafa,
Milli Məclisin üzvü
Mövhumatı dəstəkləyən diplomluların çalışmalarında ən çox marağımızı çəkən Mərsiyyə janrı ilə bağlı arqumentləşdirmə cəhdləridir. Ən bəsit arqument isə aşağıdakı sualda yerləşib:
bu mərsiyyəni Nizami, Füzuli, Seyyid Əzim, Sabir kimi dahilər yazıb, siz onlardan ağıllısınızmı? Baxın, azacıq ziyalılıq cövhəri olan adam, ümumiyyətlə bu cür dəlildən yol alaraq bircə addım belə irəli getməz. Biz Nizamini, Füzulini, Seyyid Əzimi, Sabiri hansı əsərlərinə görə sevmişik, dəyərləndirmişik?
Nizamini "Xəmsə"yə görə, Füzulini "Leyli və Məcnun"a görə, möhtəşəm türkcə divanına görə, Seyyid Əzimin satirasına, qəzəllərinə və məktəbi təbliğ edən şeirlərinə görə, Sabirin satirasına görə sevməmişikmi?
Bu yazarların irsinin ədəbi mətn baxımından ən maraqsız cinahı bəlkə də mərsiyyələr sayıla bilər. İnanc nöqteyi-nəzərindən həmin yazarları bu janra görə yüksək dəyərləndirənlər ola bilər, ancaq bədii mətn kimi hansısa ciddi ədəbiyyatçı və ya oxucu bu janrın aludəçisi ola bilərmi? Digər tərəfdən Füzulidən başqa digərlərində bu janr cəmiyyətin dini ənənəsinə uyğunlaşmaq baxımından yaradıcılıqlarının ilkin dövrünə təsadüf edir.
Necə ki, Seyyid Əzim sonradan əsas yaradıcılığını həcvlərə, Həsən Bəy Zərdabinin məktəb açmaq ideyasını dəstəkləməyə yönəldir. Gəncliyində mərsiyələr yazan Sabir isə, sonradan baltanı kökündən vuraraq yazır ki, "Ağladıqca kişi qeyrətsiz olur, Necə ki, ağladı İran oldu". Bunlar əslində xurafatçı mühitin diqtəsi ilə dahilərimizin üz tutduqları bir janrdır. Füzulidə isə durum başqadır, bu Azərbaycan türkcəsinin böyük ustadı məhz inanc dəyərlərinin tələbi olaraq maktel, yəni mərsiyə janrında əsərlər yazmışdır. Ancaq bu yazıların hamısı "Leyli və Məcnun"un, onun qəzəllərinin bədii səviyyəsindən qat-qat aşağıdır.
Sonda isə, bu diplomlu alimlər buyurub Nizamini, Füzulini, Seyyid Əzimi, Sabiri məhz mərsiyələrini önə çəkərək cəmiyyətə tanıtmağa başlasınlar, əminsinizmi ki, onların dahiliyindən hansısa əsər-əlamət qalacaq?
Sözümün canı budur ki, kimin hansı inancda olması fərdi seçimdir, mütləq sayğı ilə yanaşılmalıdır. Kimin doğru və ya yanlış yolda olması bizlərin deyil, Yaradının biləcəyi bir mövzudur. İlon Maskın Marsda insan koloniyası yaratmaq ideyasının gerçəkləşəcəyi 21-ci əsrdə kiminsə öz dahilərinin mərsiyə yazması ilə öyünməsi yaxşı hal deyil, ziyalılığa, sağlam düşüncəyə uyğun deyil. Kiminsə öz şəhidinə içində ağlaması, dost çevrəsində ağlaması öz işidir, bunu ictimailəşdrməsi, reklam etməsi çəkilib bir az aralıdan baxanların özlərinə də yaxşı görünməyəcəkdir. Hələ Eynşteynin, Puankarenin, Rasselin, Əziz Sancarın yaşamış olduğu müasir dünyadan heç yaxşı görünmür.
(modern.az)