Ötən gün Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) tabeliyində olan "Kids studio” uşaq bağçasında tərbiyəçi tərəfindən uşaqların döyülməsi videosu rezonansa səbəb oldu. Videoda tərbiyəçi tərəfindən uşaqların amansızcasına döyüldüyünün şahidi olduq. Bu hadisə ilk deyil. Bundan öncə də məktəb və bağçalarda müəllim və tərbiyəçilər tərəfindən uşaqların döyülməsi ilə bağlı müxtəlif faktlar aşkarlanıb. "Müəllim” və "tərbiyəçi”lər yetişməkdə olan bir nəsli şikəst etmək üçün əllərindən gələni edirlər. Erkən yaşlardan döyülən, söyülən, travma alan, şəxsiyyəti alçalan bir uşağın gələcəkdə də şəxsiyyət kimi yetişməsində problemlər yaranır.
Millət vəkili Fazil Mustafa baş verənlərə reaksiya verərək dəfələrlə milli məclisdə bu mövzunu gündəmə gətirdiyini, bununla bağlı müəyyə təkliflər verdiyini söyləyib:
"Uşaqlara qarşı əsasən kim aqressivlik göstərə bilər? Əlbəttə, savadına güvənməyən müəllim, dünyagörüşü məhdud tərbiyəçi. Müəllimin yetişdirmə mexanizmində problemlər var, tərbiyəçinin dünyagörüşündə natamamlıqlar var. Ötən Milli Məclisdə bu mövzunu gündəmə gətirmişdim, normal bir ailə düzəninə sahib olmayan adamların bağçalara, məktəblərə rəhbərlik etməsinin hansı müsbət nəticələri ola bilər? Bu şəxslər öz ətraflarına hansı keyfiyyətə sahib adamları yığacaqlar? Təbii ki, öz xarakterlərinə yaxın kimsələri. Uşağa intizam təlqin etmək normal bir davranışdır, lakin məlum videoda birbaşa vəhşilikdən söhbət gedir. Psixikası pozuq bir neçə qadının uşaqlar üzərində əsdirdiyi terrordan söhbət gedir”.
F.Mustafa qeyd edir ki, videodan da göründyüü kimi məlum bağçada ictimai nəzarət formal xarakter daşıyır:
"Bağça da, məktəb də ən güvənli məkanlar olmalıdır, buralarda təsadüfi adamlar, şəxsiyyəti müəmmalı adamlar, psixikası pozulan adamlar rəhbərliyə təyin olunmamalıdırlar. Uşaqla işləyən müəllimin və tərbiyəçinin savaddan da vacib mərhəmət duyğusuna sahib olması zəruridir. Məsələyə oldu-bitdi kimi yanaşıla bilməz, bu cür qəddarlıqların vüsət almasını vaxtında əngəlləmək lazımdır”.
Psixoloq Aytən Ələkbərova isə Sfera.az-a açıqlamasında müəllimlərin psixoloji testlərdən keçirilməsinin vacibliyini vurğulayıb:
"Bağça direktorları müəllimi işə qəbul edərkən onun ideal, real və sosial "mən”i bir psixoloqun nəzarətindən keçirilməlidir. Müəllimin ideal, sosial və real "mən”i aşkara çıxarılsa, bu zaman yarana biləcək müəyyən psixoloji problemlərin qarşısı alınmış olacaq. Biz valideynlər övladımızı bağçaya qoymuruq ki, şəxsiyyət kimi formalaşmağa başladıqda müəyyən travmalar, davranış pozuntuları yaransın. Çünki müəyyən travmalar aldıqdan sonra uşaqda davranış pozuntusu yaranır, ünsiyyətə girməkdə çətinlik çəkir. Psixoloqun nəzarətindən keçdikdən sonra müəllimlərin bütün "mən”ləri aşkara çıxır”.
Psixoloq ötən günkü videonun həmin uşaqlarda və onların valideynlərində yarada biləcəyi travmalardan danışıb:
"Ötən günkü videoya baxdım. Müəllim uşağı vəhşicəsinə silkələyirdi. Əminəm ki, uşağı belə silkələyərkən uşağın beyin, qan-damar sistemindən psixologiyasınadək problemlər yaranıb. Bu cür uşaqlar özlərini ifadə etməkdə də çətinlik çəkirlər. Əminəm ki, bu uşaqlarla yanaşı videonu izləyən valideynlərin də psixologiyasında problemlər yaranıb”.
Bəs cəmiyyətdə şok effekti yaradan bu cür hadisələrlə tez-tez üzləşməyimizin əsas səbəbləri və günahkarları kimlərdir? Hansı kriteriyalara cavab verən uşaq bağçalarına lisenziya verilir? Bu bağçalara işçilәr necә qәbul olunur? Bu işçilərin tәhsili varmı, psixoloji vəziyyətlərinin yerində olub-olmadığı, uşaqlarla ünsiyyət qurub-qura bilmədikləri yoxlanılırmı? Bu işә nәzarәt mexanizmi necәdir?
Bu suallara hələ də konkret cavab verən yoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nda tərbiyəçilərin uşaqların psixologiyasını dərindən bilmələrinin vacibliyi vurğulanır. Tərbiyəçilərin əsas vəzifə və öhdəliklərindən biri də uşağın meyil, maraq və qabiliyyətlərini aşkara çıxarıb inkişaf etdirmələridir. Bundan başqa tərbiyəçinin uşaqlarla münasibətdə səmimilik, qayğıkeşlik, pedaqoji mədəniyyət taktlarına malik olmasının vacibliyi vurğulanır. Məktəbəqədər təhsil proqramlarına qoyulan ümumi tələblərinə əsasən uşağın yaradıcı təxəyyülü formalaşdırılmalı, kommunikativliyi inkişaf etdirilməlidir. Lakin təəssüflər olsun ki, biz bir çox hallarda nəinki uşaqların yaradıcı düşüncəsinin inkişafının şahidi oluruq, əksinə onların təzyiq və zorakılığa məruz qaldığını görürük.