Cinayətləri azaltmağın yolu həbsxanaları çoxaltmaq deyil

              
Hər gün qadınlara qarşı törədilən cinayətlər, uşaq təcavüzləri, dələduzlar, mütəşəkkil cinayətkarlar, amansızca cinayət törədən insanların xəbərlərinə rast gəlirik. Cinayətlərin sayının getdikcə artdığı bir dünyada insanın ağlına ilk gələn cinayətlərin qarşısının alınması üçün həbsxanaların vacibliyi və əhəmiyyəti olur. Artan cinayətlər müqabilində "cinayətkarların həbs ediləcəyi" və orada cəzalarını çəkəcəkləri bizi təsəlli edir.
Həbsxanaların cinayətkarları cəmiyyətdən uzaqlaşdırıb daha çox cinayət törətmələrinin qarşısını almaq kimi bir funksiyası olsa da, tək xüsusiyyətləri təbii ki, bu deyil. Həbsxanalar, eyni zamanda islahetmə mərkəzi və təsirinə də malik olmalıdırlar. Xüsusilə, dünyada törədilən cinayətlərin və həbsxanalardakı məhkumların sayı nəzərə alındıqda bu insanların buradan islah olunmuş şəkildə çıxmaları və beləliklə, cəmiyyətə zərərsiz və fayda verən, sağlam, iş gücü baxımından kömək edən, ağıllı və stabil insan olmaları əhəmiyyətlidir.

Bəs həbsxanalar bu məqsədə xidmət edə bilirlərmi? Təəssüf ki, bu sualın cavabı "xeyr"dir. Statistik göstəricilər həbsxanaların cinayətlərin qarşısını almaq funksiyalarını getdikcə itirdiyinin bariz göstəricisidir. Dünyanın bir çox ölkələrində törədilən cinayətlərin sayı hər il getdikcə artır, həbsxanalar isə məhkumların cinayət törətmədə daha da ixtisaslaşdığı, cinayətkar birliklərin idarə olunduğu yerlərə çevrilir. ABŞ-da 2005-ci ildə azad edilən məhkumların 43%-i iki il sonra, 77%-i isə beş il sonra yenidən həbsxanaya düşmüşdür. (5)
Cəzaçəkmə müəssisələrinin funksiyası təkcə məhkumları cəzalandırmaq deyil. Həbsxanalar bir tərəfdən cinayətkarların yenidən cinayət törətməsinin, digər tərəfdən də cinayətkarı islah edərək yenidən cinayət törətməsinin qarşısının alınması məqsədi ilə qurulurlar. Bu iki əsas funksiyanın yerinə yetirilməsi üçün hər bir həbsxana konkret standartlara cavab verməlidir. Lakin mövcud şərtlər nəzərə alındıqda bu gün bir çox həbsxananın bu funksiyanı yerinə yetirməkdən çox uzaq olduğu görünür.
Həbsxanalarının funksiyalarını itirməsinə yol açan ən mühüm səbəblərdən biri cinayətlərin artmasıdır. Cinayətlər artdıqca, təbii ki, məhkum sayı da getdikcə artır.

Məsələn, 1990-cı illərdə Böyük Britaniya həbsxanalarında 40 min məhkum olduğu halda, bu gün bu rəqəm 86 minə yaxınlaşıb. Bu hal yeni cəzaçəkmə yerlərinin açılmasını zəruri etsə də, yüksək maliyyə xərclərinə görə ölkələr bunu etmir və nəticədə həbsxanalarda böyük sıxlıqlar olur.
Məsələn, Böyük Britanıyanın Suonsi şəhərində 268 yerlik həbsxanada 469 məhkum qalır. Lids şəhərindəki həbsxanada sıxlıq daha da çoxdur. Burada 669 nəfərlik yerdə 1.128 nəfər cəza çəkir. Sıxlıqlar yeni problemlərə səbəb olur. Məhkum sayının artımına mütənasib olaraq xərclər artsa da, həbsxanalara ayrılan vəsaitlər kifayət qədər artırılmır.

Bu zaman tətbiq edilən müxtəlif qənaət vasitələrindən birincisi işçilərin sayını azaltmaq olur. Araşdırmalar göstərir ki, Böyük Britaniyadakı həbsxanalarda işçilərin sayı normadan 40% azdır. İşçilərin sayı azaldığına görə məhkumlar əmək, təhsil, idman və səhiyyə kimi xidmətlərdən məhrum olurlar. (1)
Analoji hal ABŞ-da da mövcuddur. ABŞ-ın əhalisi dünya əhalisinin iyirmidə biri olduğu halda, buradakı məhkum sayı dünyadakı məhkum sayının dörddə birinə bərabərdir. Bu ölkədə 2,3 milyondan çox insan həbsxanalarda cəza çəkir. Həbsxanaların cinayətlərin qarşısını alma xüsusiyyətini itirdiyinə dair başqa bir göstərici isə həbsxanalarda törədilən cinayət sayındakı artımdır.
2017-ci ildə İngiltərədə məhkumlar arasında özünə zərər yetirmə nisbəti 17%-dir. Hər 10 məhkumdan biri özünə zərər yetirən davranışlar edib. Məhkumlar arasında zorakılıq da çox yayılıb. İngiltərədə məhkumların həm bir-birinə, həm də işçilərə qarşı zorakılıq etdikləri müşahidə olunmuşdur. Ötən il hər 1000 məhkum arasında 84 zorakılıq hadisəsi əvvəlki illə müqayisədə 32% artmışdır. Həbsxanalardakı zorakılıq hadisələrinin qarşısını “NTRG”, “Tornado Timu” kimi xüsusi ekspert qrupları vasitəsilə almağa çalışırlar. (3)
Zorakılığın artması həbsxanalarda qruplaşmaları və üsyanları qızışdırır və nəticədə çoxsaylı ölüm hadisələri baş verir. Braziliyanın Amazonas ştatında rəqib narkotik qruplaşmaları arasında başlayan qanlı hesablaşma üsyana çevrilmiş və nəticədə 56 nəfər ölmüşdür. Bunlardan altısı başı kəsilərək öldürülmüşdür. (4)

Bu vəziyyət qarşısında ölkələr daha çox həbsxana açaraq, daha çox həbsxana məmuru təyin edərək, küçələrdəki polis sayını artıraraq cinayətlərin qarşısını almağa çalışırlar. Lakin bunlar da yetərli olmur, cinayətlərin sayı sürətlə artmağa davam edir.
Bunun üçün həbsxanalarının sayını artırmaq yox, cinayətlərin qarşısını alan profilaktik tədbirlər görmək lazımdır. Tədbirlərin bəziləri bunlardır:
Həbs əvəzinə müxtəlif növdə cəzaların tətbiq edilməsi vacibdir. Bu cəzalar həbs cəzası ilə birlikdə və ya həbsdən sonra da tətbiq oluna bilər. Zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etmə, istismar və heyvanlara işgəncə kimi cinayətləri törədənlər ictimaiyyətə açıq yerlərdə daima tanıdılaraq ifşa edilə bilərlər.
Digər görüləcək tədbir isə ilk dəfə cinayət törədənlərin təcrübəli cinayətkarlarla eyni həbsxanalarda cəza çəkməsinin qarşısını almaqdır.
Bundan başqa, qan davası, namus cinayəti kimi adət-ənənə mənşəli cinayətkarlığa qarşı bunların yanlışlığının izah edildiyi ictimai kampaniyalar keçirilə bilər.
Digər bir tədbir isə polislərin texniki imkanlarını inkişaf etdirərək cinayətkarları tutma sayını artırmaqdır. Çünki insanlar tutulacaqlarından əmin olsalar, cinayət törətməkdən daha çox çəkinərlər.
Həbs cəzası yeganə cəza forması olmamalıdır. Cəzalandırmanın bu forması bəzi cinayətkarları cinayətkar xarakterlərini daha da möhkəmləndirməyə səbəb olur. Bu səbəbdən həbsxanalardan azad olan bəzi insanlar tez-tez yenidən cinayət törədirlər.
Ən kiçik cinayətin belə həbs cəzası ilə cəzalandırılmasından çəkinmək lazımdır. Üç ildən az cəza nəzərdə tutan cinayətlər təkrar törədildiyi zaman ağır cəzaların verilməsi cinayətin təkrar törədilməsinin qarşısını alar.
Cinayətkarlıqla mübarizədə təkcə cəzaların artırılması yetərli həll yolu deyil. Cinayətkarlığın tamamilə aradan qaldırılması hədəfə alınmalıdır. Bunun üçün cəmiyyət içində təhlükəli olan ideya və fikirləri ortadan qaldıracaq maarifləndirmə sisteminin mənimsənilməsi vacib şərtdir. İnsanlarda milli şüur, sevgi və sədaqəti inkişaf etdirəcək elmi-mənəvi proqramla cəmiyyətləri nifrətdən sevgiyə çevirmək mümkündür. Mətbuat və mediadan istifadə etməklə cəmiyyətin təfəkkürü asanlıqla dəyişdirilə bilər. İnsanları cinayətə yönəldən yoxsulluq, işsizlik kimi məsələlərin də ədalətli yolla həll edilməsi bu məsələdə kömək olacaqdır. Unudulmamalıdır ki, insanı cinayət törətməyə yönəldən məhz nifrət problemidir. İstər hökumətlər, istərsə də cəmiyyətlər ilk planda nifrət hissini ortadan qaldıracaq proqram müəyyən etmədiyi müddətcə texniki tənzimləmələrin bu məsələni həll etməsi mümkün deyil.
İstinadlar:
Andrew Neilson, Our prison system is at breaking point – that's why we need to put fewer people in jail, The Independent 18 Temmuz 2017, http://www.independent.co.uk/Voices/prison-crisis-inspector-report-violence-drugs-suicide-howard-league-penal-reform-a7847781.html
Evan Valetta, 10 staggering statistics about the US prison system, SBS 19 Aralık 2017, https://www.sbs.com.au/guide/article/2017/12/06/10-staggering-statistics-about-us-prison-system
FullFact, The state of prisons in England and Wales, 2 Ağustos 2017, https://fullfact.org/crime/state-prisons-england-and-wales/
The Guardian, Dozens killed in gang violence at Brazilian jail, 2 Ocak 2017, https://www.theguardian.com/world/2017/jan/02/dozens-killed-in-gang-violence-at-brazilian-jail-manaus
Evan Valetta, 10 staggering statistics about the US prison system, SBS 19 Aralık 2017, https://www.sbs.com.au/guide/article/2017/12/06/10-staggering-statistics-about-us-prison-system

Adnan Oktar
Tarix: 22-06-2018, 22:32
Xəbəri paylaş





Xəbər lenti