Şəhid ailəsi nazirin bu addımına da etiraz etdi... - Müraciət
Şəhid ailəsi nümayəndəsi Fadil Fadilov DİA.AZ-a yazdığı müraciətində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin göstərişi ilə keçirilən jurnalist müsabiqələrini gərəksi vəsait xərcləməsi kimi təqdim edir. Narazı vətəndaşın dia.az-a yolladığı müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son bir ayda jurnalistlər arasında 2 yazı müsabiqəsi elan edib. Bunlardan biri 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə bağlı digəri isə nazirliyin 100 illiyi ilə əlaqədar yazı müsabiqələridir. Bunu sıradan bir tədbir kimi və ya nazir Sahil Babayevin daxili işi kimi qiymətləndirmək olardı. Amma bu elə bir şəraitdə baş verir ki, nazir qəbul etdiyi vətəndaşlara vəsaitin olmamasından şikayətlənir. Sirr deyil ki, belə müsabiqələr havayı başa gəlmir. Veriləcək mükafatların məbləği və həmin mükafatı alacaq şəxslərin sayına diqqət edəndə açıq-aydın görünür ki, bir müsabiqəyə orta hesabla 15-16 min manat vəsait sərf olunacaq. İki müsabiqəyə isə ümumilikdə 30 min manatdan artıq pul sərf olunacaq. Bu vəsaitlə 3 şəhid ailəsinin 11 min manatlıq birdəfəlik ödəməsin vermək olardı. Və ya hər gün qəbul otağında şikayətə gələn əlillərin problemlərin həll etmək olardı.
Ancaq nə yazıq ki, bu dəqiqə cənab naziri daha çox jurnalistlər üçün müsabiqə keçirmək düşündürür. Hansı ki, gənc naziri öz təbliğatına pul xərcləmək yox, əlillərin və şəhidlərin problemləri düşündürməli idi. Cənab prezident onu bu vəzifəyə məhz buna görə təyin edib. Görünür S.Babayev özünü daha çox təbliğ etmək, bu sahəyə lazımi qədər pul ayırmaq yolunu tutub. Sual olunur- həqiqətən əgər vəsait yoxdursa bir ayda bu istiqamətdə 40 min manata yaxın pul xərcləmək üçün vəsait hardan tapılır..."