Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.
Onlardan 280-i 12, 20 ədədi isə 18 metrlik avtobuslar olacaq. Bakı Nəqliyyat Agentliyi (BNA) bildirir ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.
Qeyd edək ki, paytaxtda hələ də ictimai nəqliyyat qıtlığı var. Hər gün dayanacaqlarda avtobus qıtlığı səbəbindən sıxlıq müşahidə olunur. Sərnişinlər yağışlı, soyuq havada saatlarla avtobus gözləməkdən təngə gəliblər. Bu mənzərə artıq günümüzün ağrılı probleminə çevrilib. Yeni avtobus xətlərinin açılmasına ehtiyac olduğu halda rəsmi qurumlar hələ də məsələyə biganəlik nümayiş etdirirlər.
Maraqlıdır, ölkəyə gətiriləcək yeni avtobuslar bu problemə məlhəm ola biləcəkmi?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında deyib ki, dayanacaqlarda olan sıxlıqlar həm daxil olan vətəndaş müraciətləri, həm də Bakı Nəqliyyat Agentliyinin gündəlik müşahidələri və təhlilləri ilə aşkar edilən faktlardır:
“Çatışmazlıqların aradan qaldırılması və xətlərin optimallaşdırılması işləri gedir. Bu çərçivədə yeni xətlərin təşkili mövcud bəzi xətlərin fəaliyyətinin dayandırılması və ya hərəkət sxemində dəyişikliyin edilməsi nəzərdə tutulub. Yeni avtobuslar gətirildikdən sonra bu işlər daha da sürətlənəcək. Ola bilsin ki, gətiriləcək yeni avtobusların bəziləri mövcud xətlərdə istifadə olunsun. Yaxud hər hansı xətlərin birləşməsi ilə təşkil edilən yeni xətlərdə istifadə edilsin”.