Kredit, borc və alimentin ödənilməməsi, gecikdirilən vergi və sosial sığorta ödənişləri kimi problemlər getdikcə artır. Buna görə də bəzi hallarda vətəndaşın ölkədən çıxışına qadağa qoyulur.
Amma söhbət konkret hansı borclulardan gedir və nə qədər borcu olan şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulur?
Bu məsələnin özü də bir qədər mübahisəlidir. Mövzu ilə bağlı Cebhe.info-ya danışan vəkil Əsabəli Mustafayev bildirib ki, barəsində məhkəmə qərarı olan şəxs ölkədən kənara çıxa bilməz: “Məhkəmə qərarı qəbul edildikdən sonra icraya yönəldilir. Əgər borclu bocunu verməkdən imtina edirsə, icraçı məhkəməyə bununla bağlı təqdimat verir ki, şəxsin ölkədən kənara buraxılmasına qadağa qoyulsun. Çünki o, məhkəmə qərarına qarşı çıxıb. Bu məsələdə yalnız məhkəmə qərarı əsas tutulur, məbləğin isə heç bir fərqi yoxdur”.
Vəkil əlavə edib ki, bəzi dövlət orqanları da şəxsin ölkədən çıxışına qadağa qoya bilir: “Bu qadağalar çox vaxt məhkəmə qərarı ilə olmur. Yəni, həmin orqanın öz qərarı ilə qadağa sadəcə sistemə yerləşdirilməklə həyata keçirilir. Bunu müəyyənləşdirmək lazımdır ki, qadağa hansı orqan tərəfindən və niyə qoyulub. Tutaq ki, şəxsin adı sadəcə hansısa hadisədə şahid qismində keçir. Onun barəsində ya polis, ya da prokurorluq orqanları ölkədən çıxışışa qadağa qoyulması barədə qərar qəbul edir.
Bu şəxslərə əvvəlcədən xəbərdarlıq olunmur. Onlar da işini planlaşdırır, xərc çəkir, bilet alır, yola çıxanda isə onu geri qaytarırlar. Bu, əlbəttə ki, qanun pozuntusu, həmin şəxsin həyatına müdaxilədir. Çünki qanunda da birbaşa göstərilir ki, hansı şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər. Barəsində məhkəmə qərarı olanlar, təqsirləndirilən və şahid qismində adı çəkilənlər, şərti cəza tətbiq edilənlər, yaxud azadlığı məhdudlaşdırılan şəxslər ölkədən kənara çıxa bilməz”.