Yeni il varlıların bayramına çevrilir: Yarmarkada 580 manata yolka satılır - REPORTAJ


Yeni il varlıların bayramına çevrilir: Yarmarkada 580 manata yolka satılır - REPORTAJ

Yeni təqvim ilinə hazırlıq dekabrın əvvəlindən başlayıb. Artıq paytaxtın mağazaları, bəzi küçələri yeni il ab-havasıyla bəzənib. Xarici ölkələrdə bu bayrama daha çox önəm verilsə də, Azərbaycanda da Yeni il uşaqların sevimli bayramı sayılır. Xüsusən də evlərdə yolkanın bəzədilməsi bayramın ənənəvi xüsusiyyətidir ki, uşaqlar müxtəlif oyuncaqlar və rəngli işıqlarla bunu çox həvəslə edirlər. Artıq satış mərkəzlərində çeşidli yeni il atributları satılır. Hətta bu gündən etibarən paytaxtın bəzi ərazilərində Yeni illə bağlı yarmarkalar fəaliyyətə başlayıb. Kimisi bu atributlara cibdolusu pul xərcləyir, kimisi isə ümumiyyətlə, bayramı önəmli saymır. 

Maraqlıdır, bahalığı ilə Yeni il atributları içərisində seçilən yolkalar bu il neçəyə təklif olunur? 

Cebhe.info əməkdaşı qiymətlərlə maraqlanıb və ən ucuz və ən bahalı yolkanın neçəyə başa gəldiyini öyrənib. Qeyd edək ki, hazırda ən ucuz qiymətlər metrostansiyalarının çıxışlarında qurulan çadır-yarmarkalardadır. 

“28 May” metrostansiyasının çıxışında artıq 4 yarmarka qurulub. Bu yarmarkalarda satılan yolkaların qiyməti ölçüyə görə dəyişir. Belə ki, ən bahalı yolka 580 manata satılır ki, bu yolkanın hündürlüyü 3 metrdir. 1 və 2 metr hündürlükdə olan yolkaların qiymətləri 140-220, balaca yolkaların qiymətləri isə 10 - 60 manat arasında dəyişir. Yolkanın bəzədilməsi üçün oyuncaqların qiymətləri 1.50 manatdan başlayır, 30 manata kimi yüksəlir. Zərin qiymətində də fərqlilik var. Ən ucuz zər 1 manat, ən bahası isə 3 manatdır. 

Yolka ağacını işıqsız təsəvvür etmək çətindir. Yarmarkadakı işıqların qiymətlərini də öyrəndik. Satıcının sözlərinə görə, işıqlar yolkanın ölçüsünə görə alınır ki, bununla əlaqədar qiymətlər dəyişir. Ən ucuz yolka işığı 3 manatdan başlayır. Ən bahalı işıq isə 50 manatdır. Eyni materialdan hazırlanmış, eyni ölçülü yolkanı  yarmarkalarda fərqli qiymətdə görmək olar. Şəhərin mərkəzində yerləşən mağazalarda, ticarət mərkəzlərində isə fantastik qiymətlərlə, 2-3 dəfə bahaya əldə etmək mümkündür. Yeni il atributlarının haradan gətirildiyinə gəlincə, satıcılar əsasən Çin və Dubayın adını çəkir. 


Tarix: 5-12-2018, 21:45
Xəbəri paylaş





Xəbər lenti