Görəsən, niyə günahkarların əzabları bəzən təxirə düşür?
1. Birincisi ona görə ki, əgər hər günahkar dərhal və tez bir zamanda cəza alsaydı, onda seçim ixtiyarını əldən verər, sərbəst və müstəqil durumunu itirərdi. Belə ki, cəza təhdidi ilə hamı vacibatları yerinə yetirər və haramlardan çəkinərdi. Bu zaman insan muxtar olmazdı, yəni ixtiyar sahibi olmazdı. Lakin Allah insanı muxtar yaratdığı üçün, insan seçim azadlığına malikdir və o, günah da edə bilər, dürüst həyat da sürə bilər, günah etdikdə səmimi tövbə edərək, geriyə qayıda da bilər.
2. İkincisi isə bəzi günahkarlar o qədər günah dənizində qərq olublar ki, onları xilas etmək artıq mümkünsüz hala gələr və Allah Təala onları daha dərin günahlarda qərq edər. Qurani-Kərim bu dəstə günahkar haqqında buyurur: “Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün)möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır”. (“Ali-İmran” 178).
3. Bəzi günahkarlar etdikləri günahlarından bir zaman keçəndən sonra peşman olur və tövbə edirlər. Əgər əzabları təxirə düşməsəydi, onlar tövbə qapısına tərəf yönəlməyə fürsət əldə edə bilməyəcəklərdi. (Həvzəh)
4. Bəzən günahkarın cəzası ona görə təxirə düşür ki, onun nəslindən saleh və mömin insanlar dünyaya gəlməlidir. Bunun üçün Allah həmin şəxsə möhlət verir ki, yaşasın və bu nəsilləri dünyaya gətirsin.
/Deyerler.org/