Pullu ali təhsil ləğv edilir? - ADDIM-ADDIM


Pullu ali təhsil ləğv edilir? - ADDIM-ADDIM

Dövlət ali təhsil müəssisələrində təhsil alanların təqribən 70 faizini ödənişli əsaslarla oxuyanlar təşkil edir. Ödənişli plan yerlərinin sayının çox olması az bal toplayanların da ali məktəblərə qəbul olunmasına şərait yaradır. Bu cür tələbələrin sonda aldıqları diplomlar isə istifadəsiz qalır. Təhsil haqlarının yüksək olması isə məsələnin digər tərəfidir. Qeyd edək ki, bəzi fakültələrdə o cümlədən,  Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika, Bakı Dövlət Universitetinin hüquq və Azərbaycan Dillər Universitetinin bir sıra fakültələrində  illik təhsil  haqları 4500 manata qədər yüksəlir.

Son illər ərzində ilbəil ödənişli ixtisaslar üzrə plan yerlərinin artırılması hazırda belə bir tendensiya yaradıb ki, artıq ali məktəbə qəbul hər kəs üçün əlçatan olub. Ali məktəblərdə dövlət sifarişli yerlərə qəbul isə çətinləşib.

Gələn tədris ilindən təhsil ekspertlərini, ictimaiyyəti narahat edən durumda müsbət dəyişikliklər ola bilər. Belə ki, dövlət ali təhsil müəssisələrində ödənişsiz yerlərin sayının artırılması nəzərdə tutulur. Maliyyə naziri Samir Şərifov bu haqda açıqlama verib: 

“Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildən əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur”.

Nazir deyib ki, vəsaitlər 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq. 

Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında ödənişsiz yerlərin sayının artırılmasını təqdir edib: 

“Təhsilin inkişafı üzrə dövlət strategiyasında da gələcəkdə ödənişli təhsilin aradan qaldırılması nəzərdə tutulur. Ölkəmizdə sosial-iqtisadi inkişafın getdiyi bir vaxtda ölkəmizdə təhsil alan 10 tələbədən 7-sinin ödənişli əsaslarla oxuması təəssüfedici məqamdır. Dünyanın təhsili inkişaf edən ölkələrinin bir çoxunda ödənişli təhsil mövcud deyil. Bizə bir çox hallarda Finlandiyadan misal gətirirlər, amma bu ölkədə ödənişli təhsil yoxdur”.

Ekspert deyir ki, “Təhsil haqqında” qanunun 38-ci maddəsində də bildirilir ki, dövlət təhsil müəssisələri mənfəət güdmür: 

“Bu da o deməkdir ki, burada ödənişli təhsilin miqdarı çox olmamalıdır. 2019-cu ilin büdcəsindən təhsilə ayrılan vəsait 2,3 milyard təşkil edir. Bu böyük məbləğdir. Bu qədər təhsil büdcəsi olan dövlətdə ödənişli təhsilin mövcud olması doğru deyil”.

Bu baxımdan da ekspert gələn il ödənişsiz təhsilin yerlərinin artırılmasını təqdir edir: 

“Ötən təcrübə göstərdi ki, ödənişli təhsilin səviyyəsinin artırılması ali məktəblərdə təhsilin səviyyəsinin yüksəlməsinə xidmət etməyib. Əksinə, ali məktəb rektorlarının milyardlarla ölçülən sərvətlərə sahib olduğunu görürük. Görünən odur ki, ödənişli təhsildən ali məktəblərə daxil olan vəsait  təyinatı üzrə sosial tədbirlərə və müxtəlif təhsil layihələrinə deyil, düzgün olmayan səmtə, ali məktəb rəhbərlərinin şəxsi mənfəətlərinə xidmət etməyə başlayır. Ona görə də bu addımı alqışlayıram və düşünürəm ki, ümumiyyətlə zamanla ödənişli təhsil aradan qalxmalıdır. Azərbaycan kimi iqtisadi cəhətdən uğurlar əldə etmiş bir ölkədə ödənişli təhsilin qalması utancverici haldır”.//Cebhe.info//


Tarix: 9-12-2018, 21:38
Xəbəri paylaş





Xəbər lenti