Baş ağrıları və miqren: bu dərmanlar qəti olmaz – Həkim


bitmap-img6




Son zamanlar əhali arasında səbəbsiz baş ağrıları geniş miqyas aldığından az qala hər kəs yanında bir ağrıkəsici gəzdirir. Baş ağrısına “miqren” adı verib, bununla barışanlar da az deyil.

Bununla bağlı Axar.az-a danışan Elmed Tibb Mərkəzinin nevroloq həkimi Rasim İbişov bildirib ki, baş ağrısı – beyinin daxili və xaricində gedən hər hansı dəyişiklərə orqanizmin harayıdır. Amma beyin ağrımır. Çünki o parenximatoz toxumadır. Ağrı reseptorları selikli qişada olur. Bu qişalar qıcıqlanır və ağrı verir. Meningit və ensefalit ağrısı ən qorxulusudur. Burda artıq iltihabi proses gedir. Buna artıq adi baş ağrısı kimi yanaşmaq olmaz.

Xüsusən gərginlik tipli baş ağrıları ilə miqrenin fərqi və dərmanlarla bağlı danışan R.İbişovun sözlərinə görə, baş ağrılarının 200-dən çox növü var:

“Məsələn, klaster, dəstəli, yayılmış, lokal və s. İnsan həyatında olan müəyyən hadisələr, problemlər qıcıq yaradaraq ağrılar verə bilir. Kəllə qutusunun üzərindəki dərialtı toxuma gərginləşir, yığılır və ağrı yaranır. Məhz bu tipə “gərginlik baş ağrıları” deyilir. Bunun da səbəbi müxtəlif problemlər, stress, həyəcandır. Xəstənin başında ağrı 6 aydan çox müntəzəm olaraq davam edirsə, onda gərginlik tipli baş ağrılarına şübhə yaranır və diaqnoz olunur.

Nəzərə alaq ki, başda təkcə beyin yerləşmir. Gözlər, burun, ağız kimi orqanlar da var. Kəllə boşluğunda yerləşən bu orqanların özünün funksional pozğunluğu, iltihabi prosesi baş ağrısı verir. Gözün özünün kökü beyinin içinə gedib çıxır. Göz daxili təzyiq yüksəlir, baş ağrıyır.

Menzer, kompüter, telefon simptomu deyilən və bundan qaynaqlanan gərginlik tipli baş ağrıları da çox diaqnoz olunur. Nə qədər desələr ki, telefon elə də zərərli deyil, təcrübə əksini deyir. Telefon, kompüterin də istifadə müddəti, normativi var. Yeniyetmələr, gənclər 3-4 saat boynunu əyir, gözünü dikir telefona, kompüterə, o vaxt ayılır ki, boyun nahiyəsi gərginləşib, baş ağrısı başlayıb”.

R.İbişov insanların həkimsiz, özbaşına dərman alıb atmağa üstünlük verməsində təəssüfünü bildirib. Onun sözlərinə görə, “nimesil”, “spazmalqon”, “diklofenak”, “tempalgin” sərbəst satılır, əldə olunur:

“Nimesil”lə baş ağrısı müalicə olunmur. “Diklofenak” kimi ağır dərmanlar mədə-bağırsaq xorası və qanaxmalarına belə səbəb ola bilər. Dərmanları araşdırmadan atmaq olmaz. Adi dərman xəstəni ölümcül vəziyyətə də sala bilər.

Təcrübədə görürük ki, xəstə özü illərdir ağrıkəsicilərlə ağrını saxlayır, amma əsas problem kənarda qalıb”.

Miqrenin öz dərmanı var

Xüsusən qadınlar arasında dəbə çevrilən miqren çox vaxt dərmana tabe olmur. Miqrenin müalicəsi və dərmanı yoxdur deyilir. Bəs o zaman bu qədər ağrıkəsicini niyə qəbul edirik?

R.İbişov deyir ki, miqren 2 səbəbdən yaranır: damarın daralması və damarın genişlənməsi:

“Bu mərhələləri tutmaq olmur. Xəstə hər iki halda zoqquldayıcı ağrı hiss edir. Miqren üçün bir müayinə üsulu da yoxdur, MRT heç nə göstərmir. Bu iki mərhələ bir-birini əvəz edə bilir.

Xəstə əgər damarın genişlənməsi mərhələsində olsa, bu zaman “spazmalqon” içsə, onsuz da damar genişlənib, dərman bir az da genişləndirəcək. Deməli, spazm əleyhinə preparatlar olmaz. Və yaxud yığılma, sıxılma mərhələsində “diklofenak” versək, onsuz da damar yığılıb, o dərman daha da yığacaq.

Ona görə miqrendə biz ikili təsir göstərən kofein tərkibli, müasir miqren əleyhinə dərmanlardan istifadə edirik.

Gənc insanların baş ağrılarında orqanik səbəb olmadıqda, sakitləşdirici dərman fonunda aradan qalxa bilər. İstənilən forma baş ağrısını müasir differensial diaqnostika ilə diaqnoz edib, uyğun müasir preparatlarla qısa müddətdə müalicə edə bilirik”.
Tarix: 9-12-2018, 22:05
Xəbəri paylaş





Xəbər lenti