“BİZ BU EVİ NƏ VAXT ALACAĞIQ?” - Ailə üzvlərinin hamısı əlil olan evsiz vətəndaş nazir Sahil Babayevə müraciət etdi

 “Bizi hansı qurum, Sizin nazirliyiniz, yoxsa Yasamal rayon İcra Hakimiyyəti mənzillə təmin etməlidir?”
Ölkədə kifayət qədər eviz ailə var. Bunu kirayə bazarında hazırda evlərə təlabatın çox yüksək olması da sübut edir. Kirayə mənzillərin qıtlığı Bakı şəhərində gedən söküntü işləri ilə bağlı olsa da, bu, ölkədə evsiz ailələrin çoxluğu ilə də bağlıdır. Bu evsiz ailələr içində əlil insanların olması isə daha ağır haldır. Çünki iş qabiliyyətini itirmiş insanların həm kirayə pulunu ödəməsi, həm də dolanışığını təmin etməsi indiki bahalıq şəraitində çox dözülməz bir vəziyyətdir. Lakin təəssüf ki, bu gün kirayədə yaşayan ailələr içərisində hətta ailə üzvlərinin hamısının əlil odluğu ailələr də var.
Dərdini “Hürriyyət”lə bölüşən bu ailə başçılarından biri də Zeynalov Yusif Soltan oğlunun ailəsidir ki, bu ailənin dövlətin qayğısına ehtiyacı var. Nəzərə alsaq ki, ailə üzvlərinin hamısı əlil olan ailələr çox az sayda olar, onda dövlətin də bu cür ağır durumda olan insanları evlə təmin etməsi çətin olmaz.
“Dördümüz də ikinci qrup əlilik”
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265, mənzil 42-də kirayə yaşayan Yusif Zeynalov deyir ki, 2016-cı ildən Yasamal rayonunda əllilər üçün güzəştli mənzil növbəsinə dayanıblar: “Bu yaxınlarda icra başçısının müavini, həm də Mənzil Komissiyasının sədri Elçin Rzayevin yanında olmuşam. O, mənə izah edib ki, vəziyyət belədir... Deyirəm ki, Elçin müəllim 318 və 319-cu nömrələrlə 3 ilə yaxındır növbədəyik, biz bu evi nə vaxt alacağıq? Özü də mənim ailə üzvlərim 4 nəfərdir. Dördümüz də ikinci qrup əlilik. Heç birimiz işləmirik. Elə dövlət verdiyi 600 manat təqaudlə yaşayırıq. İki oğlum var, ikisi də xəstədir. Böyük oğlum ruhi xəstədir. Şizopatik pozuntu diaqnozu var. Himayəsində iki məktəb yaşlı uşağı var. Ailəsi İsmayıllı rayonunda yaşayır. Özü xəstə oldğuna görə bizimlə yaşayır. Özü da daima həkim nəzarətindədir. Aldığımz 600 manatın yarısını da kirayəyə verirəm, qalanını da ərzağa, dərman veririk”.
“2013-cü ildən Yasamal Rayon Polis İdarəsində qeydiyyatdayıq”
Y.Zeynalov qeyd etdi ki, onun əvvəllər evi olub: “Mən bu xəstələrə görə evimi satmalı oldum. 2008-ci ildə evimi satdım, bu xəstələri ölümdən qurtardım. Mən dövlətdən pul istədim, ala bilmədim, məcbur oldum ki, evimizi satım. İndi də küçələrdə qalmışıq. 2013-cü ildən Yasamal Rayon Polis İdarəsində qeydiyyatdayıq. Demək olar, ev üçün bütün qurumlara, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. 2013-cü ildən bizi ev üçün qeydiyyata götürmürdülər, əlillərə ev vermirdilər. Sonradan dedilər prezidentin fərmanı var. Bu fərmandan sonra sənədləri Yasamal Rayonun İcra hakimiyyətinə təqdim etdik. Bizim sənədlərimizi götürdülər, qeydiyyata aldılar”.
“Məsələ Yasamal rayonunda düyünlənir”
“Bu işlə əlaqədar mən ərazi üzrə millət vəkili Aytən Mustafazadəyə müraciət etmişəm. Onun işə münasibətini bəyənirəm. O, rayon icra hakimiyyətinin qəbulunda olub, məndən ötrü xahiş edib. Sonra Milli Məclisin üzvü, Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbliyə yazmışam. Onun da cavabı məni qane edir. Ancaq məsələ Yasamal rayonunda düyünlənir, mənə qanedici cavab vermirlər. Axırıncı dəfə bu ayın 5-də icra başçısı Əziz Əzizovun yanında olmuşam. Onu da Aytən xanım zəng edib deyib, onun xahişi ilə məni qəbul edib. Məni qəbul etdi, dedi ki, biz mənzil vermirik, vətəndaşı mənzillə nazirlik təmin edir. Ancaq doğrusunu deyim, mən indiki nazirə müraciət etməmişəm. Biz əvvəl Səlim Müslümova müraciət etmişik”,-deyə evsiz qalan vətəndaş əlavə etdi.
“Mən Sizdən xahiş edirəm ki, aztəminatlı, dövlət qayğısına ehtiyacı olan ailə kimi bizi mənzillə təmin edəsiniz”
“Hüriyyət” qəzeti vasitəsilə indiki nazir Sahil Babayevə müraciət edən Y.Zeynalov bidirdi:“Hörmətli nazir, bizim ailə üzvləri 4 nəfərdən ibarətdir, dördümüz də ikinci qrup əlilik. Böyük oğlum Etibar Zeynalov ruhi xəstədir, həkim nəzarətindədir. Özü xəstə olduğu üçün bizimlə yaşayır, yoldaşı və uşaqları İsmayıllı rayonunda kirayədə yaşayır.
Mən Sizdən xahiş edirəm ki, aztəminatlı, dövlət qayğısına ehtiyacı olan ailə kimi bizi mənzillə təmin edəsiniz. Biz 2016-cı ildən əlillər üçün güzəştli mənzil növbəsində dayanmışıq. Nömrələrimiz də 318 və 319-dur. Növbədə dayandığımız 3 il ərzində heç bir irəliləyiş yoxdur. Biz də bilmirik neyniyək. Yasamal Rayon İcra Hakimiyyətinə gedirik. Onlar bizi Sizin nazirliyin üzərinə, sizin əməkdaşlarınız isə rayon icra hakimiyyətinə yollayr. Mən dəqiq bilmək istəyirəm, bizi hansı qurum, Sizin nazirliyiniz, yoxsa Yasamal Rayon İcra Hakimiyyəti mənzillə təmin etməlidir?
Şamo EMİN, Hurriyyet.org
Tarix: 12-12-2018, 13:51
Xəbəri paylaş





Xəbər lenti