Bu şəxslər əmlakını bağışlaya bilməz - Hüquqi maarifləndirmə


2018/12/emlak_1544599977.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə mövzumuz daşınmaz əmlakın bağışlanması ilə bağlıdır. Bəzən daşınmaz əmlakı bağışlayan şəxs daha sonra fikrindən daşınır, bəzən vətəndaşlar psixoloji təzyiq altında əmlakını bağışlamağa məcbur edilir və s.


Bu kimi halların dəyərləndirilməsi üçün vəkil Əziz Qənbərova müraciət etdik. Vəkil Femida.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən şəxs öz əmlakını əvəzsiz qaydada digər şəxslərə verə bilər. Tərəflər arasında bağlanılmış bu cür müqavilə “bağışlama müqaviləsi” adlanır:

“Mülki Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.



Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və əxlaqi borcun icrası bağışlama sayılmır. Hədiyə verən şəxs mütləqdir ki, fəaliyyət qabliyyətli şəxs olsun”.

Vəkil qeyd edib ki, şəxsin fəaliyyət qabiliyyəti varsa, bu o demək deyil ki, o, sahib olduğu əmlakı kiməsə təkbaşına bağışlaya bilər:

“Şəxsin fəaliyyət qabliyyətli olması hələ ona məxsus olan əmlakın bağışlamaq hüququnun olması demək deyil. Çünki şəxs birgə nikah dövründə qazanılmış və vərəsəlik hüququ ilə məhdudlaşmış əmlakla bağlı bağışlama müqaviləsi bağlaya bilməz. Bununla bağlı Mülki Məcəllənin 667-ci maddəsində konkret olaraq qeyd edilir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın”.



Daha bir maraqlı məqam isə psixoloji problemi olan şəxslərin əmlakını bağılaması ilə bağlıdır. Ə.Qənbərov bunları qeyd edib:

“Şəxsin psixi xəstəlikdən əziyyət çəkməsi onun fəaliyyət qabliyyətsiz olmasına dəlalət etmir. Bununla bağlı maraqlı şəxslərin iddiası əsasında həmin şəxs məhkəmə qaydasında fəaliyyət qabiliyətsizliyi təsdiq edilməlidir. Bağışlama müqaviləsi o halda etibarlı hesab edilir ki, daşınmaz əmlak üzrə və dövlət reyestrində qeydiyyata alınmalı olan daşınar əmlak (nəqliyyat vasitəsi və s) üzrə müqavilə notarial qaydada təsdiq edilmiş olsun. Şəxs hər hansı bir əmlakını gələcəkdə bağışlaması vədini də verə bilər ki, bu cür vədlər də notariat qaydada təsdiqlənməlidir”.



Vəkilin sözlərinə görə, psixoloji təzyiq altında bağışlamağa məcbur edilən şəxslər isə daha sonra əmlakını məhkəmə qaydasında geri tələb edə bilər.

Əgər şəxs psixoloji təzyiq altında hər hansı bir əmlakı bağışlayırsa bu zaman həmin bağışlama etibarsızdır. Maraqlı tərəflərin iddiası əsasında məhkəmə qaydasında mübahisələndirilə bilər. Eyni zamanda hər hansı bir şərt qarşılığında bağışlanıbsa, bu zaman hədiyyəni qəbul edən şərtə əməl etməzsə hədiyyə geri qaytarıla bilər.

Amin Nəzərli

Tarix: 12-12-2018, 16:16
Xəbəri paylaş





Xəbər lenti