Mərkəzi Klinik xəstəxanasında soyğunçuluq... - İTTİHAM
Mərkəzi Klinika yarım əsirlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. 2001-ci ildən Türkiyənin “AHSEL”holdinqinə 10 illik idarəetməyə verilmişdi.
Həmin dövrdən də Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlayıb.
2007-ci ildə prezident İlham Əliyev tərəfindən xəstəxananın fəaliyyətinə ən ali səviyyədə yüksək etimad göstərilib və Mərkəzi Klinika adı altında Prezidentin Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilib.
Lakin prezident tabeliyində olan xəstəxana nə dövlət rəhbərliyinə, nə səhiyyə nazirinin 2008-ci ildə pulsuz tibbi xidmət haqda imzaladığı sərəncama məhəl qoyur, nə də tarifləri vicdanlı şəkildə müəyyən edir.
Özəl tibb mərkəzi olmamasına baxmayaraq, klinikalardakı qiymətlər burdan daha ucuzdur. Mərkəzi Kliniki Xəstəxanada vətəndaşları soğan qabığı kimi soyurlar.
Bura düşən çıxanda sevinir ki, sağ-salamatdır, bircə marşrut pulu qalıb. Ona görə ki xəstəxana bazara çevrilərək heç bir vətəndaşa pulsuz xidmət göstərmir.
Əgər gecə yarısı kimsə halı pisləşmiş vəziyyətdə bu xəstəxanaya çatdırılsa və üstündə lazımi qədər pul olmasa, xəstə can versə də onu qəbul etməyəcəklər. Ödənişin yarısını edənlər isə pul tam verilməyənə qədər xəstəni palatada girov saxlayıb buraxmayacaqlar.
Mərkəzi Klinikada elə fantastik qiymətlər müəyyən edilib ki, bura yalnız xalqın sərvətini talayan, harınlamış məmurlar rahat şəkildə gələ, müayinə oluna bilər.
Çünki həkim qəbulu 50 manatdan aşağı deyil. Həkim xəstəyə baxmamış, diaqnoz təyin olunmamış, xəstəliyin yüngül olub-olmadığı bilinməmiş artıq doktorun qapısını döyüb içəri girmək 50-60 manat civarındadır.
Halbuki, dövlət xəstəxanalarında qəbul pulsuzdur və Azərbaycan reallığına uyğun olaraq, xəstə həkiminə 10 manat “hörmət” edir.
Özəl klinikalarda isə 30-40 manat məbləğində qəbul qiymətləri dəyişir. Ancaq Mərkəzi Klinika rəsmən soyğunçuluq yuvasıdır. Burada əksər həkimlərin qəbulu 50-60 manatdır.
Məsələn, ginekoloq Sevinc Sevdimalıyeva, pediatr-alergoloq Sevinc Abdullayeva xəstəni müayinə etməmişə 50 manat ödəniş etməlisən. Əgər hər hansı ciddi problem aşkarlanmasa və 5-10 manatlıq bir dərman resepti yazılsa, 50 manat boşuna getdi.
Eynilə digər həkimlər - Rövşanə Qasımova, Ramin Salahov, Mahirə İsmayılova və Leyla Hümbətova və əksər həkimlərin qiyməti bahadır. Görəsən, bu qiymətləri kim müəyyən edir? Hansı meyarlarla, bazar tarifləri ilə belə məbləğ təyin edirlər?
Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi, Nazirlər Kabineti bu xəstəxana ilə bağlı araşdırma aparıb, qiymətlərin tənzimlənməsi istiqamətində nə üçün addımlar atmır?
Ölkədə yaşayış minimumu 180 manat götürüldüyü halda, həkim qəbulu niyə 50 manat olmalıdır?
Hökumət orqanları, deputatlar əhalinin sosial həyatını, gəlir və xərclərini nəzərə almadan pasientləri soğan qabığı kimi soyan bir klinika ilə bağlı məsələ qaldırmalıdırlar.
Mətbuatda da bu xəstəxanadan çoxlu şikayətlərə rast gəlmək olur. “Şikayətim morq deyilən Mərkəzi Klinikadandır. Allah heç kəsi o xəstəxanaya salmasın. Sağlam insane da oradan ölü çıxır”.
Bu sözləri ötən il Fərid adlı sosial şəbəkə istifadəçisi yazmışdı. Onun sözlərinə görə, qohumu sözügedən klinikaya yerləşdirilib:
“Qohumumdan gününə 500 manat alırdılar. Reanimasiya şöbəsinə yerləşdirəndən sonra dedilər ki, 2-3 günə əməliyyat olunacaq. Amma bir həftə uzandı, sonra 15 günə gedib çıxdı. Axırda dedik ki, əməliyyat olunmursa çıxaraq.
Qoymadılar, yanvarın 20-də əməliyyat olunacağını söylədilər. Ayın 19-u axşam zəng etdi ki, məni reanimasiya palatasına aparırlar. Axşam saatlarında vəziyyəti pisləşdi və sonra dünyasını dəyişdi”.
Fərid qeyd edib ki, çıxhaçıxda klinika 670 manat borc olduğunu bildirib: “Kinika tələb etdi ki, pulu ödəyin, əks halda mərhumu verməyəcəklər. Necə də qansız bir hərəkətdir. İnsanı öldürməkləri azmış kimi, meyitə görə pul da tələb edirlər”.
Nanə Nara adlı şəxs da övladını təcili sözügedən klinikaya çatdırmışdı və başına gətirilənləri feysbukda yazmışdı:
“Dedilər ki, 200 manat depozit qoyub yuxarı qalxın. Üstümüzdə 90 manat var idi. Yoldaşım təcili valyuta məntəqəsinə qaçdı ki dolları dəyişib qalan 110 manat da versin.
Həkim dedi ki, bədənində maye quruyub və təcili sistem qoşulsun. Bunu özümüz də bilirdik və sistem tələb edirdik.
O çıxan kimi tibb bacısı 600 manat depozit istədi. Dedim ki aylıq məvacibimiz 600 manatdır. Dilə tutmağa başladılar ki, heç olmasa 500 manat qoyun”.
Bir neçə il qabaq isə Əmircan sakini Mötəbər Sadıqov modern.az-a qohumu Nüşəddin Abbasovun ölümü ilə bağlı danımışdı.
Mərhumun atası İsmayıl Abbasov isə bildirmişdi ki, oğlu bel ağrısından şikayətlənirmiş: “Mənə dedilər ki, Mərkəzi Klinik Xəstaxananın (MKX) çox yaxşı həkimləri var. Mən də oğlumu götürüb ora apardım. Xəstəxanada onu ultrasəs müayinəsinə saldılar. Bel sümüyünü yoxlayan həkim Elviz Qasımov dedi ki, uşağınızın belində vərəm görsənir. Sonra da əlavə etdi:
“Bir sözlə, oğlunuzun vəziyyəti çox ağırdır, əməliyyat olunmasa, ayaqları və dili də tutulacaq, iflic olacaq. 10 min manat pul gətirin, əməliyyat edim və oğlunuzu sizə sağ-salamat verim. Əməliyyat olandan sonra oğlunuz 10-15 gün də xəstəxanada qalacaq””.
İ.Abbasov deyir ki, birtəhər 10 min manatı düzədib Mərkəzi Klinik Xəstaxananın kassasına köçürüb.
“Bundan sonra oğlumu əməliyyata saldılar. Əməliyyat təqribən 6-7 saat çəkdi. Həkim çıxanda uşağı soruşdum, mənə “arxayın olun hər şey yaxşıdır” dedi. Oğlum Nüşəddin üç gün reanimasiyada qaldı. Nüşəddin reanimasiyadan çıxanda ayılmışdı, amma danışmırdı, heç kimi tanımırdı. O bizim üzümüzə baxırdı, biz də onun üzünə”.
Şikayətçinin sözlərinə görə, həkimlər xəstəni ayağa qaldırmaq üçün plastik bel qurşağı alınmasını istəyiblər, buna görə 280 manat tələb olunur.
“Borc-xərc edib getdim xəstəxanaya. Çatan kimi oğlumu əməliyyat edən Elviz həkim dedi ki, xəstədə vərəm olduğu üçün Səhiyyə Nazirliyindən gələn əmrə əsasən, onu dərhal xəstəxanadan çıxmalıdırlar.
Məni apardılar baş həkimin müavininin yanına. Müavin mənə bir kağız yazdı, dedi ki, get Ağciyər Xəstəlikləri İnstitutundan Ofeliya həkimi gətir. Mən də getdim Ofeliya həkimin yanına, amma o gəlmədi, başqasını göndərdi.
İnstitutdan gələn həkim bunları danladı, dedi ki, niyə vərəmli xəstəni qəbul ediblər. Mərkəzi Klinik Xəstaxananın həkimləri Ağciyər Xəstəlikləri İnstitutundan gələn həkimi apardılar öz otaqlarına, bir saat keçəndən sonra bizi çağırdılar, dedilər ki, xəstəni Ağciyər Xəstəlikləri İnstitutuna aparmalıyıq. Təcili tibbi yardım maşını çağırıb Nüşəddini Ağciyər Xəstəlikləri İnstitutuna göndərdilər.
Ora çatan kimi həkimlər baxıb dedilər ki, xəstənin vəziyyəti çox ağırdı, onu nahaqdan yollayıblar. Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri oğlumu Mərkəzi Kliniki Xəstaxanada əməliyyat edən həkimi ora dəvət etdilər. Elviz Qasımov gələndə ona dedilər ki, xəstəni nahaq əməliyyat edib, vəziyyəti ağırdır”.
Xəstənin atası deyir ki, bundan sonra həkim Elviz Qasımov onun oğlunu MKX-ya qaytarmaq istəyib. Mərkəzi Klinika isə buna görə, İsmayıl Abbasovdan əlavə 4 min manat pul istəyib.
“Ağciyər Xəstəlikləri İnstitutunun bir professoru Mərkəzi Kliniki Xəstəxananın həkimi Elviz Qasımova onu da irad tutdu ki, xəstəyə bir paket müsbət rezuslu qan vurulub, bu isə odun üzərinə bir vedrə benzin tökməyə bənzəyir.
Sonra Ağciyər Xəstəlikləri İnstitutunda oğlumu süni nəfər aparatına qoşdular, amma onun vəziyyəti düzəlmədi və bur neçə saatın içərisində, dekabrın 17-də öldü”.
Mərkəzi Kliniki Xəstəxana rəhbərliyinin mövqeyini dinləyə bilərik. \\azerinfo.az\\