Rövşən Rzayev etimadı itirib ki... - GİLEY

Rövşən Rzayev etimadı itirib ki...
Azərbaycanın işğal altında olan Şuşa şəhərindən məcburi köçkün olan, hazırda Bakı şəhəri Nəsimi rayonu Kovareçkin küçəsi 21-də müvəqqəti məskunlaşan Əliyev Aqşin Səyyar oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən olan şikayətini Reportyor.info saytı vasitəsilə ölkə rəhbərliyinin diqqətinə çatdırmağı xahiş edib. Şikayətçi yazır ki, hazırda atası, anası və onun 4 nəfərdən ibarət ailəsi darısqal və dözülməz bir şəraitdə yaşayırlar: “Şuşa şəhərindən qaçqın düşəndən sonra, dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizə məcburi köçkünlər üçün tikilən mənzillərdən ev verməyiblər. Müxtəlif instansiyalara yazdığımız şikayətlər “Qaçqınkom” tərəfindən lazımınca araşdırılmayıb.

Sonda mən məcbur olub KİV-lər vasitəsilə ailəmizin düşdüyü acınacaqlı durumu ictimailəşdirdim. Bundan sonra, “Qaçqınkom”un yeni komandasında təmsil olunan və həmin qurumda ictimaiyyətlə əlaqələri tənzimləyən İbrahim adlı şəxs şikayət etdiyim saytlardan nömrəmizi alıb bizimlə əlaqə saxladı. Bizi Komitəyə dəvət etdi. Orada bizə 15 gün ara fasiləsi ilə 3 dəfə ərizə yazdırdılar. Üstündən 45 gün keçəndən sonra, məlum oldu ki, bu, süründürməçilikdən başqa nəsə deyilmiş. Sonuncu dəfə mənim tarix üzrə fəlsəfə doktoru və tanınmış rəssam olan atam ora getdi. Çox çətinliklə aparat rəhbəri Eldar adlı şəxsin qəbuluna düşə bildi. Həmin zaman “Qaçqınkom”da gördüyü kobud, laqeydsiz, başdansovdu rəftardan sonra atamın elə ordaca halı pisləşdi. Bu durumda olanda belə ona heç bir tibbi yardım göstərilmədi.

Nəzərinizə çatdırım ki, orda keçirdiyi stres nəticəsində atamın durumu hələ də yaxşı deyil. Bizə heç bir ciddi əsas gətirmədən deyirlər ki, ailəmizə mənzil düşmür. 6 nəfərdən ibarət mənzili olmayan, qaçqın ailəsinə ev düşmürsə, bəs kimə düşür? Bunun cavabını biz artıq “Qaçqınkom”dan almaq istəmirik. Biz ailə olaraq cənab Prezidentdən kömək gözləyirik. Çox xahiş edirik ki, bizim dözülməz mənzil şəraitimiz, ailəmizin maddi durumunun ağırlığı da nəzərə alinaraq “Qaçqınkom”un bizim ailəyə qarşı bəslədiyi bu qərəzli münasibət də aydınlaşdırılsın”.
\\azinforum.az\\
Tarix: 13-12-2018, 09:00
Xəbəri paylaş





Xəbər lenti