Şəhid anası intihar edəcəyini bildirir - “Oğlumun “qan pulu” verilməsə, 20 Yanvar günü özümü yandıracam”

 Həqiqət Məmmədova: “Mən Prezident İlham Əliyevə də, Sosial Müdaifə Fonduna da, Ali Məhkəməyə də, hətta “Hürriyyət” qəzetinə də yazdım, mənə köməklik edən olmadı, oğlumun “qan pulu”nu ala bilmədim”.
Bu məktubu Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olan şəhid Adil Məmmədovun anası Həqiqət Məmmədova “Hürriyyət”ə növbəti məktubunda yazır.
“Yalandan deyilmiş məbləğə çəkilən imza mənim ailəmdən heç kimin deyil”
Şəhid anası əlavə edir: “Mən “Hürriyyət” qəzeti vasitəsilə məmur şəxslərə son dəfə məlumat verərək, kömək istəyirəm. Bir şəhid anası kimi deyirəm, şəhid oğlumun “qan pulu”nu versinlər ki, mənim dəfn pulum olsun. Araşdırdım, yalandan deyilmiş məbləğə çəkilən imza mənim ailəmdən heç kimin deyil. Bu, artıq son qətiyyətli yazımdı.
20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam. Yandıracam ki, qoy, dünya ictimaiyyəti, hər kəs görsün və bilsin ki, şəhid anası özünü övladının məzarı üstündə yandırıb. Onsuz da mən ağır acıdan belə də yanıram”.
“Hürriyyət” olaraq “Şəhid anasına “qan pulu” verilmir”, “Hökumət şəhid ailəsinə pul verməkdən imtina edir” sərlövhəli yazılar dərc etsək də, məsələ ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkətinə məktub ünvanlasaq da, göründüyü kimi, heç kim şəhid anasının harayına səs vermək istəmir. Üstəlik, şəhid anasına böhtan atırlar ki, oğlu Adil Məmmədov 1994-cü ildə şəhid olanda ona 200 min manat pul verilib. Görün, vəziyyət nə həddə gəlib çatıb ki, şəhid anası oğlunun məzarı üstündə 20 Yanvar günü özünü yandırmaq istəyir. Bu, artıq sözün bitdiyi yerdir...
Şəhidlərin “qan pulunu” yeyən məmurlar unutmasınlar ki, mütləq bir gün buna həm Allah, həm də dövlət qarşısında cavab verməli olacaqlar...
Hurriyyet.org
Tarix: 14-12-2018, 14:45
Xəbəri paylaş





Xəbər lenti