Qaban illərinin xronologiyası: İlk mason lojası, Pişəvərinin qətli, azərbaycanlıların köçürülməsi...


Qaban illərinin xronologiyası: İlk mason lojası, Pişəvərinin qətli, azərbaycanlıların köçürülməsi...

Astrologiyada 3 ziddiyyətli Zodiak ili var ki, onlardan da biri Qaban (Donuz) ilidir. Bu illərdə ən təzadlı və gözlənilməz hadisələr bir-birini əvəz edib. Min illərin astroloji müşahidələrinə əsasən, Qaban illəri bir qayda olaraq sakit və sülh dövrü kimi dəyərləndirilir, böyük müharibələrə rast gəlinmədiyi qeyd olunur. Lakin bu Zodiak işarəsinin bərqərar olduğu tarixi xronologiyanı təhlil edəndə görürük ki, deyilənlər heç də həmişə özünü doğrultmayıb. Tarix üçün mühüm hadisələri özündə ehtiva edən Qaban illəri dəqiq fikir söyləmək imkanlarımızı məhdudlaşdırır. Buna şahid olmaq üçün gəlin birlikdə səyahətə başlayaq.

Qaban ilinin tarixə verdiyi ən böyük hadisə Osmanlı İmperiyasının, Böyük Britaniya Krallığının, SSRİ-nin və Fələstin ərazisində İsrail dövlətinin yaranmasıdır. Türkiyə Cümhuriyyətinin, müstəqil Pakistan, Hindistan, Banqladeş, Şimali Kipr və Bruney dövlətlərinin yaradılması da deyilən dövrə düşür. Lakin işğallar da az olmayıb: Tunis, Ədən və Sudan İngiltərə tərəfindən, Urmiya, Təbriz və Ərdəbil şəhərləri Osmanlılar tərəfindən, Şimali Osetiya, Gəncə xanlığı, Şəmkir, Naxçıvan, Abbasabad qalası, Sərdarabad qalası, İrəvan, Mərənd və Təbriz şəhəri rus qoşunları tərəfindən məhz Qaban illərinin müxtəlif dövrlərində işğal olunub. Bəhs etdiyim illərdə rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakənə hücum edib, Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərtləri və "Andlı öhdəlik" haqqında saziş imzalanıb. 

Qaban illərində Quba xanlığı da çox fəal olub. Belə ki, 1767-ci ildə Bakı xanlığı Quba xanlığına birləşdirilib. 1803-cü ildə isə Şeyxəli xan Dərbənd şəhərini yenidən öz xanlığına qatıb. Həmin dövrdə Hacı Çələbinin başçılığı ilə üsyan da baş verib və müstəqil Şəki xanlığı yaranıb.

Qaban ilində Hollandiyada ilk mason lojası yaranıb, ABŞ-da quldarlıq ləğv edilib, həmçinin  Napoleon Bonapart Vaterloo döyüşündə İngiltərə və Prussiya ordularına məğlub olub, Hindistanla Pakistan arasında qısamüddətli müharibə baş verib, ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Tədqiqat bürosu (FTB) yaradılıb, Polşada "Yanvar qiyamı" ilə milli azadlıq hərəkatı, Uralda isə tarixə "Kartof üsyanı” ilə düşən kəndli etirazları vüsət alıb. Yeri gəlmişkən, Fransada Bastiliya qalasının alınması, Fidel Kastronun rəhbərliyi ilə Kuba üsyançılarının Havananı ələ keçirməsi, İsrailin baş naziri İzhak Rabinin sui-qəsd nəticəsində öldürülməsi, Bosniya serblərinin müsəlmanların yaşadığı Srebrenitsa şəhərində 8 min mülki müsəlmanı qətlə yetirməsi və ABŞ-ın Oklahoma şəhərində baş verən partlayışda 168 nəfərin həlak olması da məlum silsilədəndir. 

Qaban illərində fəlakət də yan keçməyib ki, onlardan da ən böyüyü 105 min insanın ölümünə, Tokio və Yokoxamanın məhvinə səbəb olan “Böyük Kanto” zəlzələsidir (1923). Qardaş Türkiyənin Ərzurum vilayətində meydana gələn 7,1 şiddətindəki zəlzələdə azı 1400 nəfərin həlak olması da barəsində danışdığım ilə düşür (1983). 

Qaban illəri ixtiralar və elmi tərəqqilər dövrü kimi də tarixdə əbədiləşib. Bu siyahı kifayət qədər uzun olduğu üçün yalnız ən vaciblərini diqqətinizə çatdırıram: Rusiyada ilk universitetin - Moskva Universitetinin əsası qoyulub (1755), Fransada ilk dəfə Ayın şəkli çəkilib (1839), İstanbulda Elm Komitəsi yaradılıb, İranda "Bilik evi" adlandırılan darülfün və ilk rəsmi dövlət qəzeti fəalyyətə başlayıb (1851), Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib, Londonda ilk metropoliten xətti işə salınıb (1863), ABŞ-da Emil Berliner tərəfindən qramofon icad edilib (1887), Rual Amundsenin ekspedisiyası ilk dəfə Cənub qütbünə yetişib (1911). 

Qaban ilinin son yüz ili isə daha maraqlıdır: Aya ilk planetlərarası kosmik raket ("Luna-1") buraxılıb, "Salyut" stansiyası ilə "Soyuz-11" nəqliyyat gəmisinin birləşməsi ilə dünyada ilk orbital stansiya işə başlayıb, Yahoo-nun əsası qoyulub, DVD formatlı disklər ictimaiyyətə təqdim olunub, Microsoft şirkəti Windows 95 əməliyyat sistemini istifadəyə buraxıb. Yeri gəlmişkən, Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayətinin Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilməsi, Şengen razılaşmasının imzalanması, həmçinin “Barselona” futbol komandasının yaradılması da məlum ilə təsadüf edir. 

Bəs Qaban illləri Azərbaycana nə verib? 

Təəssüf ki, bu dövrlər dövlətimizə çox zərbələr dəyib. Onlardan ən zərərlisi Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, SSRİ Nazirlər Soveti tərəfindən "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etməsi, Güney Azərbaycan İnqilabi hərəkatının görkəmli xadimi, Azərbaycan Demokrat firqəsinin yaradıcısı Seyid Cəfər Pişəvərinin qətlə yetirilməsidir. Çeçenistanda "Röyter" Agentliyinin operatoru Fərhad Kərimovun həlak olması və Xüsusi Təyinatlı Polis Dəstəsi ilə hökumət qoşunları arasında qanlı qarşıdurmanın baş verməsi də məyusedici hal olub.

Buna baxmayaraq, uğurlarımız, sevincli illərimiz də olub. Ən başlıcası, Azərbaycan milli mətbuatının təməli qoyulub - Həsən bəy Zərdabinin təşəbbüsü ilə "Əkinçi" qəzeti dərcə başlayıb. Daha sonra Mirzə Kazımbəyin "Türk-tatar dilinin qrammatikası" dərsliyi çap olunub, Bakıda ilk rus-türk məktəbinin əsası qoyulub, Təbrizdə Mirzə Həsən Rüşdiyyə "Dəbestan" adlı ilk xüsusi yeni tipli Üsuli-cədid məktəbini təsis edib, Bakını Quba, Xaçmaz və Tiflislə birləşdirən telefon xətti işə salınıb, «Azərbaycan» jurnalının ilk sayı çapdan çıxıb, Şollar-Bakı su kəmərinin çəkilişinə başlanıb, "İliç buxtası" neft mədəninin əsası qoyulub, Azərbaycan SSR rəsmi olaraq latın qrafikalı əlifbaya keçib (1923), Azərbaycanın ilk səsli - “Mavi dəniz sahilində” bədii filmi çəkilib, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universiteti yaradılıb, Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.

Gördüyünüz kimi, bütün bu xronoloji ardıcıllıq Qaban ilinin tam təsəvvürünü yaratmaq üçün qəti qərar verməyə imkan vermir. Elə Qabanın özü də həmişə qərarsızlıqdan əziyyət çəkir.

Səbuhi Rəhimli
Cebhe.info

Tarix: 18-12-2018, 16:13
Xəbəri paylaş





Xəbər lenti