Sabir adına Dövlət Pedaqoji Kollecində nələr dəyişib: Yaxud, nələr dəyişməlidir?


Sabir adına Dövlət Pedaqoji Kollecində nələr dəyişib: Yaxud, nələr dəyişməlidir?

Ölkədə təhsilə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, respublikamızın təhsil müəssisələrinin beynəlxalq rəqabətə dözümlülüyünü təmin etməyə yönəlmiş düşünülmüş siyasət müsbət nəticələrini verməkdədir. Bu səbəbdəndir ki, son illər yerli ali və orta ixtisas müəssisələrinə inam artmaqdadır.

Xüsusilə də pedoqoji kadrların hazırlanmasına böyük önəm verirlir və bu sahə ölkə rəhbərliyinin qayğı və diqqəti ilə əhatə olunub. Pedoqoji kadrların hazırlanması üzrə ixtisaslaşmış təhsil ocaqları sırasında isə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Mirzə Ələkbər Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci məxsusi mövqeyə malikdir.

Rubrika.az olaraq xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əsası ötən əsrin 19-cu ilində qoyulub. Azərbaycanın ən qədim universiteti – Bakı Dövlət Universiteti ilə eyni ildə təsis olunan kollecin bugünə qədər onminlərlə tələbəsi olub. Hazırda paytaxtda və regionlarda çalışan pedaqoqların çoxu məhz bu kollecin yetirməsidir.

Hazırda kollecdə 3000-ə yaxın təhsil alır. 300-ə yaxın heyətin çalışdığı kollecin müəllimləri arasında alimlər, elmlər doktoru, professorlar, elmlər namizədləri də var. Məlumat üçün bildirək ki, kollecin rəhbərliyi bir müddət öncə dəyişdirilib. Belə ki, Təhsil Nazirinin 22 noyabr 2018-ci il tarixli əmrinə əsasən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor vəzifəsinə dosent İsrail İsa oğlu İsgəndərov təyin olunub.

Rubrika.az olaraq yeni təyinatın Dövlət Pedaqoji Kollecinin əvvəlki nüfuzunu özünə qaytaracağına inamımızı ifadə etməklə yanaşı adıçəkilən təhsil ocağında müşahidə olunan müəyyən neqativ hallarla bağlı barışmaz mübarizəyə başlanacağına ümid edirik. Təbii ki, mətbuatda da geniş bəhs olunmuş həmin nöqsanlarla bağlı yeni təyin olunmuş direktoru ittiham etmək absurd olardı. Yeni direktor, dosent İsrail İsa oğlu İsgəndərovun təhsil sistemində nüfuzlu şəxs olması da əvvəllər müşahidə olunan çatışmazlıqların elə keçmişdə qalacağını düşünmək üçün ciddi əsaslar verir.

Qeyd edək ki, buna qədər müxtəlif zamanlarda yerli mediada çap olunan materiallarda Dövlət Pedaqoji Kollecində bir semestr ərzində təxminən yarım milyona qədər rüşvətin yığılmasından tutmuş, təhsilin çox aşağı səviyyədə olmasına qədər çeşidli ittihamlar yer alırdı. Həmin məlumatlarda iddia olunurdu ki, kurs işləri və təcrübə sənədləri pulun hesabına başa gəlir: “50 manatdan aşağı kurs işi və təcrübə sənədi qiymətləndirilmir. İmtahan sessiyası bir tələbəyə 400-600 AZN-ə başa gəlir. Kollecdə dərs bölgüsü müəllimlərin cibinə görə müəyyənləşir. Sinif jurnallarında qiymət qaralamsına tez-tez təsadüf edilir ki, bu da birbaşa saxtakarlıqdır. Bundan əlavə, keçmiş rəhbərliyin başqa dolanışıq yerlərindən biri kimi kollecdə aylığa çıxan tələbələr göstərilir”.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu ittihamlar yeni direktor təyinatından öncəni xarakterizə etdiyindən indi bütün müzakirələr kollecdəki vəziyyətin dəyişib-dəyişməyəcəyi yönündədir. Yenə də təkrarlayırıq ki, yeni rəhbərliyə ümüdlər sonsuzdur, elə təhsil nazirinin məhz dosent İsrail İsgəndərova etimad göstərməsi də həmin inamın növbəti təsdiqi kimi dəyərləndirilməlidir.

Rubrika.az olaraq kollecdəki son durum və təhsil prosesinin hansı səviyyədə qurulması ilə bağlı yaxın günlərdə sözügedən təhsil ocağından geniş reportaj hazırlamaq niyyətindəyik. Bununla bağlı kollecin rəhbərliyinin rəsmi müraciətimizə müsbət cavab verəcəyinə ümid edirik. Odur ki, mövzuya yenidən qayıdacağıq.
Tarix: 24-12-2018, 08:00
Xəbəri paylaş





Xəbər lenti