“Pensiya almaq üçün 16 min manat toplamalısan” - Yeni qayda

 Bir müddət əvvəl “Əmək pensiyaları haqqında” qanuna müəyyən dəyişikliklər edildi.
Dəyişikliklərdən sonra vətəndaşlarda əmək pensiyaları, yaşa görə pensiya və s. ilə bağlı müəyyən suallar yaranıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun müsahibəsini təqdim edirik:
– İstərdim ki, əvvəlcə bir qədər əmək pensiyaları haqqında danışaq. Əmək pensiyasının hansı növləri var, hansı pensiya növünü alanlar daha çoxdur?
– “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən, əmək pensiyasının üç növü var: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə. 1 sentyabr 2018-ci il tarixinə olan göstəricilərə görə, ölkəmizdə 1 milyon 309 min nəfər əmək pensiyası alır. Onlardan 58,5 faizi yaşa, 30 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.
– Əmək pensiyaları istiqamətində hansı xarici təcrübədən yararlanmağı düşünürsünüz?
– Azərbaycanın pensiya sistemi oturuşmuş bir sistemdir. Bununla belə, pensiya təminatı sahəsində aparılan islahatlar müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində və beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir. İslahatlar konkret hansısa bir ölkənin deyil, ümumən qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunmaqla davam etdirilir.
– Pensiya təyinatının elektronlaşdırıması nə zaman planlaşdırılır?
– Əmək pensiyaları sahəsində islahatlar mütəmadi olaraq davam etdirilir. Bununla bağlı “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 5 sentyabr 2018-ci il tarixli Fərmanda pensiya təyinatının avtomatlaşdırılması, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsi, vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi tapşırılıb. Bununla əlaqədar qanunvericilikdə dəyişiklik layihəsi Milli Məclisdə qəbul olunub. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edildikdən sonra Qanuna dəyişiklik 2019-cu ilin 1 yanvarından qüvvəyə minəcək. Həmin vaxtdan da pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.
Yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Pensiya şəxsə onun pensiya hüququnun yarandığı gün avtomatik təyin ediləcək. Həmin gün ona pensiya təyin olunduğu, kartını hansı bankdan və nə zaman alacağı barədə SMS-lə məlumat veriləcək. Vətəndaşın müraciətinə, sənəd təqdim etməsinə ehtiyac qalmayacaq. Şəffaflıq və çevik pensiya təyinatı təmin ediləcək.
– Özəl pensiya fondları ilə bağlı vəziyyət nə yerdədir?
– Hazırda özəl pensiya fondları ilə bağlı beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda “Özəl pensiya fondları haqqında” qanun layihəsi də hazırlanıb. Bundan əlavə, bu istiqamətdə Avropa İttifaqının maddi dəstəyi ilə həyata keçirilən “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində işlər davam etdirilir.
– Kişi və qadınlar üçün pensiya yaşının dəyişdirilməsi gözlənilirmi?
– Xeyr.
– Minimum pensiyanın təyin edilməsi üçün tələb olunan məbləğ nə qədər olmalıdır? Bu məbləğ toplanmadığı təqdirdə vətəndaşa pensiya təyin edilirmi?
– Qüvvədə olan qanunvericiliyə əsasən, minimum əmək pensiyası almaq üçün 16742 manat 88 qəpik pensiya kapitalı tələb olunur. Qeyd olunan məbləğ toplanmadığı təqdirdə isə, vətəndaşın 25 il sığorta stajı olduqda ona əmək pensiyası təyin olunur.
Gələn ilin əvvəlindən isə, yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Bu da pensiya almaq imkanlarını xeyli artıracaq.
– Məsələn, biri işsizdir və o məbləği toplaya bilmisə, bu halda necə?
– Yaşa görə pensiya hüququ yaranmadıqda, qadınlara 62 yaşında, kişilərə isə 67 yaşında yaşa görə müavinət təyin edilir. 2019-cu ilin əvvəlindən qüvvəyə minəcək dəyişikliklər yaşa görə müavinət təyin ediləcək on minlərlə insanın əmək pensiyası hüququnun yaranmasına imkan verəcək.
– Məcburi sosial sığorta haqlarının artırılması məsələsi nə yerdədir?
– Hazırda sosial sığorta haqlarının artırılması məsələsi gündəlikdə deyil.(Sputnik Azərbaycan)
Tarix: 26-12-2018, 06:34
Xəbəri paylaş





Xəbər lenti