“Əsas odur ki, başlayaq... Sığorta haqqını sonra dəyişdirmək olar” - Vahid Əhmədov


"İcbari tibbi sığorta ilə bağlı qanun 20 ilə yaxındır ki, qəbul edilsə də, həyata keçirilmirdi, biz mütəmadi bu məsələlərə toxunurduq. Dünya təcrübəsinə istinadən Azərbaycanda icbari sığortanın tətbiqinin vacib olduğunu vurğulayırdıq. Nəhayət ki, bu, həyata keçiriləcək”.

Bunu BakuPost-a açıqlamasında "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  qanuna münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. 

V. Əhmədov qanuna dəyişikliklərdən öncə İcbari Tibbi Sığorta Agentliyinin yaradıldığını xatırladıb. Həmin Agentlik icbari tibbi sığorta ilə əlaqədar Yevlax, Mingəçevir və Ağdaşda pilot layihə həyata keçirib: "Biz də bu işlərin necə həyata keçirilməsi ilə maraqlanırdıq. Artıq müsbət nəticələr var. Nəhayət, icbari tibbi sığortanın bütün Azərbaycanda həyata keçirilməsi üçün qanuna dəyişiklik edilir”.
 
Millət vəkili qanunda icbari tibbi sığorta üzrə sığorta haqqı ilə bağlı məsələyə də toxunub: "Biz icbari tibbi sığortanı ilk dəfə tətbiq edirik. Sığorta haqqı 29, yaxud 50 manat olacaq, bu, sonrakı məsələdir. Bu məbləği istənilən vaxt dəyişdirmək olar. Biz icbari tibbi sığorta çərçivəsində təqdim edilən xidmətlərlə əlaqədar baza paketini istənilən vaxt dəyişdirək. İcbari tibbi sığorta bütün Azərbaycan ərazisində 2020-ci ildən tətbiq olunacaq. İcbari tibbi sığorta normal həyata keçirilsə, o halda paketə yenidən baxmaq olar. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müharibə əlilləri, şəhid ailələrinə ciddi güzəştlər tutulur. Biz icbari tibbi sığortanın tətbiqinə yeni başlayırıq. Əsas odur ki, başlayaq, necə həyata keçəcəyini görək, sonra qanuna dəyişikliklər etmək olar ”.  

V. Əhmədov gələcəkdə icbari tibbi sığorta çərçivəsində təqdim edilən xidmətlərlə əlaqədar baza paketinə cərrahi əməliyyatların da daxil edilməsini istədiklərini bildirib: "İndiki mərhələdə isə əsas odur ki, icbari sığortanın ölkədə tam tətbiqinə başlansın”.
Tarix: 28-12-2018, 07:06
Xəbəri paylaş





Xəbər lenti