Sizi bilmirəm, mən elmi proqnozlara çox inanıram.
Nostradamusun 4-5 əsr əvvəl yazdıqları, Vanqa nənənin 50 il əvvəl dedikləri ağlıma batmır, amma hansısa məşhur universitetin adlı-sanlı aliminin gələcəyə dair verdiyi proqnoz mənə çox ağlabatan görünür.
Biz bir çox elmi proqnozların doğrulduğunu görə-görə böyüyüb yaşlanmış adamlarıq. Özü də bunlar elə proqnozlar idi ki, qətiyyən ağlabatan deyildi, hətta çox fantastik proqnozlar idi. Amma hamısı gerçəkləşdi.
Yazıçı Aleksey Tolstoy hələ ötən əsrin otuzuncu illərində “Mühəndis Qarinin hiperboloidi” əsərində lazer şüasından bəhs etmişdi, 30 il sonra o şüa kəşf olundu. Yazıçı insanın Aya uçacağını proqnozlaşdırmışdı, 40 il sonra bu iş baş verdi.
Yaxud 1980-ci ildə bir dəfə qonşu uşaqlarla oturub ordan-burdan söhbət edəndə biri “Elm və həyat” jurnalından oxuduğu elmi proqnoz barədə danışdı, dedi ki, vaxt gələcək, məsələn, 20-30 ildən sonra adamlar bir-birilə telefonda danışarkən, biri Amerikada, o biri Bakıda olsa da, bir-birini görəcəklər.
Bu çox ağlasığmaz elmi proqnoz idi, adam təsəvvür edə bilmirdi. Amma bunu deyən şəxs əmin idi ki, o deyilənlər doğrulacaq. (Həmin qonşum indi BDU-nun professorudur).
Budur, o 1980, bu 2018, amma insanların görüntülü danışmalarına artıq heç kim təəccüblənmir və hamı da min ilin kəşfiymiş kimi bundan yararlanır. Bir adam da bilmir ki, alimlər bu ixtiranı etmək üçün neçə onilliklər boyu yerə zeh qoydular, nə qədər böyük alimin o günü görməyə ömrü yetmədi.
Axtarsan, yüzlərlə belə ağlasığmaz kəşfin müasir insanın həyatına səssis-səmirsiz girməsini müşahidə edərsən.
Hazırda yeni-yeni elmi proqnozlar verirlər. Məsələn, dünən-srağagün mediada xəbər gedib ki, israilli professor, tarixçi alim Yuval Noy Harari yaxın gələcəkdə süni intellektin və robotların iş bazarında insanları sıxışdıracağını söyləyib.
Alim deyib ki, bəzi peşələr yox olacaq və insanlar üçün yeni iş yerləri yaranacaq. Bu isə xüsusi bacarıq və davamlı təhsil tələb edəcək. Nəticədə insanlar üç, dörd, hətta beş universitet oxumağa məcbur olacaqlar.
Heç demə, insanların 20 il sonra universitetdə hansı sahə üzrə təhsil alacaqları, harada işləyəcəkləri, kiminlə evlənəcəkləri və s. məsələlər kompüter vasitəsilə təyin ediləcək. O, artıq bu üsuldan banklarda kredit verilməsi zamanı istifadə olunduğunu bildirib.
İnanıram ki, elə də olacaq. Düzdür, həmişə olduğu kimi, bəzi adamlar yenə də elmi-texniki tərəqqinin əleyhinə gedəcək, kompüterin seçdiyi xanımla (və ya bəylə) yox, gedib xalaqızıyla (xaloğluyla) ailə quracaqlar, amma bu, onları məsud etməyəcək. Çünki heç biri mühəndisdən çox bilmir. Kompüter göstərirsə ki, məsələn, sən gedib Reykyavikin Sudurhlidar massivindəki sarışın Linda ilə evlənməlisən, demək, dirəşməli deyilsən, birbaşa İslandiyaya getməlisən, əks təqdirdə günün qara olacaq. İntəhası, bu işin də minusu odur ki, birinin bəxtinə kaliforniyalı ermənin oğlu çıxacaq, gədə də durub öz “yar”ının dalınca gəlmək istəyəcək, amma atası qızı verməyəcək ki, biz sümüyümüzü it sümüyünə calaya bilmərik.
Bişəkk, bizim ölkədə bu ixtiranın başqa minusları da olacaq. Məsələn, kompüter göstərəcək ki, Azərbaycan Respublikasının ali təhsilli vətəndaşı A. sosial təminat sektorunda, B. başqa dövlət qulluğundan işləsə xalqa, dövlətə faydalı olar. Amma onları oralara götürən kimdir? Adamlar gedib müraciət edəcəklər, deyəcəklər, baxın, bunu kompüter göstərib, bütün göstəricilərimiz düz gəlir. Amma orada onlara deyəcəklər ki, yox, bizim öz kompüterimiz var. Və iddialı adamların adlarını həmin kompüterə daxil edəndə məlum olacaq ki, onlar qapıdan içəri keçə bilməzlər.
Nəticədə insanlarda elmi-texniki tərəqqinin son nailiyyətlərinə inamsızlıq yaranacaq, gedib sektalara-filana qoşulacaqlar.
Elə Harari də bu işin gələcəyini yaxşı görmür, deyir, müvafiq alqoritm qəddar rejimlərin əlinə düşərsə, nəticələr qorxunc olacaq, “rəqəmsal diktatorluq”lar yaranacaq.
Bax, buna da inanıram. İnsan oğlu elə bir tipdir ki, özünə sərfəli olanda, öz komfortu, kalorisi üçün hər işə qol qoya, hər yaramazlığı başından aşıra bilər.