Ramana qəsəbəsi: "Suyun içində evlər, bataqlıq, xəstəlik"

         
  


Ramana Südçülük Sovxozundayıq. Yağış yağsa da yağmasa da, yollar gölməçələrlə dolu olur.

Su axının gedəcək yeri yoxdur. Sakinlər 7-8 ildir kanalizasiya sisteminin çəkilmədiyini deyirlər.

Yağış və qrunt suları evləri, zirzəmiləri də su içində qoyub.

"Yağışlar başlayanda biz suyun içində üzürük. Evimizin altı sudur. Nə qədər evin altını doldurasan torpaqla? Elə pulumuz torpağa gedir. Xeyri yoxdur. Buna bir əncan çəkilməlidir", - Elnarə Quliyeva deyir.

Bəzi sakinlər evləri su içində qaldığından buraları tərk ediblər.

"Antisanitariyadır, hər tərəfi su basıb. "Şambo"lar dolub, baxan yoxdur. Nə bələdiyyəsi, nə icrası baxır. Ortalıqda qalmışıq", - Qafar Musayev giley edir.

Südçülük Sovxozu ilə eyni ərazidə yerləşən Plastik Boru Zavodunun yolu təmirli olsa da, sakinlərin yaşadıqları yerlər bataqlığın içindədir. Onlar deyir ki, zavoddan axan sular da küçələrə tökülür.

"Ölkəmiz milyarder ölkədir. 40 milyarda yaxın xaricdə pulumuz var. Zavod da kömək etsin, o biri də etsin, kanalizasiya çəkməsələr də heç olmasa drenajlar düzəltsinlər", - Qafar Musayev deyir.

"Üzürük də, bir dənə gəmi lazımdır. Mənim nəvələrim var, məktəbə gedə bilmirlər. Uşaqlar hamısı evdə qalıb, ev dustağıdırlar. Gör nə vəziyyətdə yaşayırıq. Özü də oğlan uşağıdır, bu gün-sabah bunun əsgərliyi var. Çox xahiş edirəm, uşaqlarım cəbhədə can verib. Gör anaları hansı vəziyyətdə yaşayır. Xahiş edirəm ki, bu haqda bir ölçü götürsünlər. Belə dövlət olmaz, belə hökumət olmaz. Suyun içində boğuluruq. İndi nə zəmanədir ki? Dövlət xaricdən gələni yerləşdirir, amma öz vətəndaşına bir gün ağlamır", - deyə Minurə Əsədova şikayətlənir.
Deyirlər ki, burada yaşayan sakinlərdən bir neçəsinin övladları astma xəstəliyinə tutulub.

"Mənim uşağım astmadır. Evimdə iki xəstə uşaq var. Bu vəziyyətdə uşaq yaşayarmı? Biz dövlətdən heç nə istəmirik. Sadəcə kanalizasiya xətti çəksinlər. Axşam Təcili Tibbi Yardım gəlir uşağın üstünə. Deyir, mən sənin uşağına necə iynə vurum? Bu vəziyyətdə yaşayan uşağa iynə vurum? Evinizdən üfunət iyi gəlir", - Zülfiyyə Nadirova söyləyir.

Bakı şəhərində kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün 2017-ci ildə büdcədən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb. Bu layihədə Ramana Südçülük Sovxozu da yer alıb. Ancaq Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vəsaitin südçülük sovxozunun bir hissəsinə aid edildiyini deyir.

"O ərazidə infrastrukturumuz yoxdur ki, o işləri görək. Yəni yaxınlıqdan nə bir kanalizasiya xətti, nə də kollektor keçmir ki, qrunt sularını ora yönəldə bilək", - Anar Cəbrayıllı deyir.

Bu ərazidə nə zaman kanalizasiya xətti çəkiləcəyi isə məlum deyil.

Qəsəbə sakinləri səslərini eşitdirmək üçün yanvarın 9-da yolu kəsərək aksiya da keçiriblər.

Tarix: 11-01-2019, 15:46
Xəbəri paylaş





Xəbər lenti