Azərbaycanda yas mərasimlərinə həmişə özünəməxsus yanaşma olub, oturuşmuş adət-ənənələr mövcuddur. Yas mərasimləri bölgələrdə formasına görə dəyişsə də, dəyişməyən bir ənənə var - bu da yas məclislərində qadın və kişilərin ayrı oturmasıdır. Toy, nişan və ziyafətlərdə bunun əksi olsa da, yas mərasimlərində qadın və kişilərin bir yerdə oturmasına olduqca az təsadüf edilir.
Maraqlıdır, şəriət bununla bağlı nə deyir?
İslam dini üzrə araşdırmaçı - ekspert Rəsul Mirhəşimli Cebhe.info-ya açıqlamasında deyib ki, bu, əslində fərdi məsələdir. Yəni, kiminsə başqasının davranışlarına nəzarət etmək icazəsi yoxdur:
“Amma dini mərasimlərdə çalışılır ki, buna əməl olunsun. Çünki kişinin naməhrəm qadınla bir yerdə oturmasına yaxşı yanaşmırlar. Bütün hallarda bu, fərdi bir məsələdir. Ənənəvi olaraq dünyanın hər yerində qadın və kişilər yas mərasimlərində ayrı oturur. Bunun üçün kimlərinsə yenilik etməyinə ehtiyac yoxdur”.
Ekspert əlavə edib ki, İslam dini qadınla kişinin bir yerdə olmasına qadağa qoymur:
“Sadəcə, bu qadağalar qadın və kişi münasibətlərində başqa formalar üzrə tənzimlənir. Hər hansı bir tədbirdə və ya məclisdə qadınla kişinin bir yerdə oturması İslam baxımından qadağan olunmayıb. Amma yasda kişi və qadınlar ənənəvi olaraq hər zaman ayrı oturublar və bu gün də belə davam edir. Əslində bu gün sosial problem qadınla kişinin bir yerdə oturmaması deyil. Yas mərasimlərində problem israfçılıqla bağlıdır. Yas mərasimlərində İslam adətləri bir çox hallarda əks olunmur. Azərbaycanın yas məclislərində ənənəvi olaraq keçirilən yeddi, qırx və il mərasimlərinin İslamla heç bir əlaqəsi yoxdur. Bu, xristianların adətidir və Azərbaycana da yaxın 200 ildir ki, gəlib. Çünki Allah yas məclisləri ilə bağlı buyurur: “Dünyasını dəyişmiş mərhumun yaxınlarını 3 gün ziyarət edin”.
Dini ekspert Vaqif Cəliloğlu deyib ki, İslama görə yas mərasimlərində qadınlarla kişilərin bir otaqda oturmasına yalnız bir şərtlə icazə verilir:
“Bu zaman otağın ortasından ən azı parçadan ibarət arakəsmə olmalıdır. Otaqda məclisi idarə edən molla, yaxud rəhbər qadınlar və kişilər üçün ayrı-ayrı olmamalıdır. Orada bir mollanın, axundun, aparıcının olması kifayətdir. Çünki pərdənin o tərəfində oturan qadınlar da və bu tərəfində oturan kişilər də onu eşidir. Arakəsmə ona görə lazımdır ki, qadın əyiləndə, vacib olan yerə gedəndə rahat olsun və şəhvani gözdən qorxmasın. Bir sözlə, qadının sərbəsliyi üçündür. Əslində pərdə qadının məclisdə özünü necə aparmasının, azad olmasının qarantıdır. Amma şəriətimiz “Quran” və Peyğəmbərimizin hikmətinə söykənərək belə bir fətva verib ki, qadınlarla kişilər məclisdə birgə oturmasın. O ki qaldı toylarımıza, bu gün toylarımızın heç biri insani və insafi deyil. Əvvəla, ona görə ki, toylar içkisiz keçmir. İçkini isə İslam birnömrəli haramlardan hesab edir. İçkili məclisdə müxtəlif tərzdə, açıq-saçıq geyimdə qadınlarımız da iştirak edir. Bəzi qadınlarımızın orada şəhvətə dəvəti qeyri- insani və qeyri- insafidir”.