Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib


Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Xəzər rayonu, Binə Bələdiyyəsinin sədri H.Həmidovun “ARAMA” jurnalına qarşı şikayətini nəzərdən keçirən komissiya üzvləri müəyyən ediblər ki, özünü “ARAMA” jurnalının əməkdaşları kimi qələmə verən şəxslər davranışlarında sui-istifadə hallarına yol vermiş, şəxsi xarakterli mübahisələrinin həlli üçün jurnalist adından istifadəyə cəhd göstərmişlər. “ARAMA” jurnalına MŞ adından ciddi xəbərdarlıq edilib.

Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, sayt əməkdaşları Fəridə Əzizova və onun qohumu Aysel İsgəndərova barədə hazırlayıb yaydıqları xəbərlərdə ciddi xətalara yol veriblər. Belə ki, informasiya qondarma faktlar üzərində qurulmuş, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilməmişdir, qarşı tərəfin rəyi öyrənilməmişdir. Sayt redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri, saytda təkzib verilməsi, narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq addımlar atılması yönündə rəy veriblər.

İclasda Vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb. Komissiya üzvlərinə ünvanlanmış müraciətdə iddia olunub ki, saytda UNEC barədə qısa müddət ərzində 200-ə yaxın məqalə dərc edilib. İddiada qeyd edilib ki, yayımlanmış məqalələrdə böhtan xarakterli məqamlar yer tutub, qarşı tərəfin rəyi isə öyrənilməyib, balans prinsipi pozulub. Saytın baş redaktoru Asif Mərzili isə bildirib ki, hazırlanmış məqalələrdə balans prinsipinin qorunmasına, qarşı tərəfin mövqeyinin öyrənilməsinə cəhd göstərilib, amma qarşı tərəfdən cavab almaq mümkün olmayıb. Bununla yanaşı, Komissiya müəyyən edib ki, son vaxtlar “Tezadlar.az” saytı barədə MŞ-yə gələn şikayətlər intensivləşib, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər prinsipləri pozulub. Asif Mərzili cavabında bildirib ki, bu şikayətlərin çoxu məqsədli şəkildə maraqlı şəxslər tərəfindən təşkil etdirilib. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirilməyə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün “Təzadlar” qəzeti və onun onlayn versiyası olan “Tezadlar.az” saytı üzrə materiallar MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına, monitorinq qrupuna yönləndirilsin.

Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbinin müəllimi Yusifova Gülnar Novruz qızı “Xeberman.com”, “Doqruxeber.com,” “Teref.az”, “Azadqadin.az” və “Xeberaz.az” saytlarına qarşı şikayətinin araşdırılması zamanı sayt təmsilçiləri bildiriblər ki, şikayətçidə narahatlıq doğuran “Beyləqan məktəbində rəzalət” adlı məqaləni digər KİV-ə istinadən yayıblar. Amma həmin KİV barədə məhkəmə hökmünün çıxarıldığını və məqalədə əks olunan detalların yanlışlığı barədə məlumatı aldıqdan sonra xəbərin yayımına xitam veriblər. Bu baxımdan mübahisə həll edilmiş sayılıb.

“Cənnət-M” MMC-nin direktoru Əhmədov Yaşar Misir oğlu və vətəndaş Əliyeva Zəminə Elman qızının “Olke.az” saytına qarşı müraciəti də araşdırılıb. Müəyyən edilib ki, sayt əməkdaları şikayət doğuran materialı məhkəmə sənədləri əsasında hazırlasalar da, əlavə edilən faktlarda və jurnalist şərhində ciddi təhriflərə yol veriblər. Məqalədə adı keçən şəxslərin mövqeyinin öyrənilməməsi nəticəsində balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Komissiya qarşı tərəfə öz mövqeyini ifadə üçün şərait yaradılması, yanlış faktların aradan qaldırılması yönündə rəy verib.
 
Tarix: 15-01-2019, 21:55
Xəbəri paylaş





Xəbər lenti