Sahil Babayevin qısır heyvan proqramı rüsvayçılıq yaratdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qısır heyvan paylamaq proqramı rəsmən rüsvayçılığa səbəb olub

Cahan.info-nun məlumatına görə,
artıq sosial şəbəkələr bu biabırçılığı məsxərəyə qoyur, nazirliyi ifşa edən fotolar yaymaqla özünəməşğulluq proqramının gerçək mahiyyətini açırlar.

Nazir Sahil Babayev aztəminatlı ailələrə elə qoca, qısır, əldən düşmüş heyvanlar verir ki, fotolarına baxanda gülmək tutur. Feysbukda ajiotaj doğuran bu məsələ getdikcə geniş müzakirələrə səbəb olur, yeni-yeni faktların üstü açılmaqdadır.

Məsələn, jurnalist Həbibə Abdulla feysbukda yazıb: “Bizim kənddə camaata verilən heyvanların da biri babat olur, biri isə mütləq qoca, arıq, yaman gündə olur. Sahil Babayev və digər məsul şəxslərdə abır-həya olsa camaatın üzünə durmazlar...”

Jurnalist Fazil Əhməd bildirib: “ƏƏSMN-in müqavilə bağladığı MMC-nin tövləsinə baxış olsun, görəcəksən ki, inək onların yanında 400 nəfərlik toyu yola verə bilər. ƏƏSMN ləkəli üzünü yumaq faydasızdır”.

Goranboyun Ərizalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirov ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətçidir.

Üzləşdiyi problemlə bağlı danışan Ariz Dəmirov deyir ki, 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata götürülüb.

“3-cü qrup əliləm, bacım Fəridə 2-ci qrup əlildir. Anam Firuduz şəhid bacısıdır. 3 il gedib-gəldim, iş vermədilər. Məşğulluq Mərkəzinin müdiri Nicat Məmmədov deyirdi ki, iş yoxdur. Vəziyyətimiz olduqca ağırdır. Məni özünüməşğulluq proqramına yazdı.

1 ay Goranboyda Qocalar evində qoyun saxlamaqla bağlı təlim keçdilər, axırda da mənə qoca, əldən düşmüş qoyunları verdilər, dövlətə də guya 4 min manatlıq qoyun verilməsi haqda hesabat yazdılar” - deyə şikayətçi bildirib.

Onun sözlərinə görə təlimdə onlara yanı balalı qoyun veriləcəyi, həmin balaları böyüdüb satmaqla sığortaya pul ödəyəcəkləri bildirilib, heyvan saxlamağın qaydaları haqda dərs keçilib.

Mübariz Hacıyev şərh yazıb: “Mənim qohumuma da iki inək verilib. Həqiqətən inəklər çox arıqdı. Kim istəsə mediatur təşkil edə bilərəm”.

Bu faktları nazirliyin özü də dolayısı ilə təsdiqləməli olub. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon Məşğulluq Mərkəzinin üç əməkdaşı korrupsiya faktına görə saxlanılıb.

Mərkəzin direktoru Mehdi Abbasov, baş mühasibi Hafiz Məmmədov və aparıcı mütəxəssisi Ziya Muradov özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran 60 nəfərə yaxın vətəndaşa mal və materialların verilməsi üçün hərəsindən 1500-2000 manat rüşvət almaqda şübhəli bilinirlər.

azirlik konkret faktlarla bağlı yayğın, ümumi sözlərlə münasibət bildirməklə vətəndaşlara verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olmasının səbəbinin üzərindən sükutla ötür.

Nə baş verir? Niyə Azərbaycan dövlətinin vətəndaşa yönəlik olduqca əhəmiyyətli bir proyekti bu şəkildə reallaşdırılır?

Aydındır ki, dövlətin məqsədi vətəndaşı özünü maddi baxımdan təmin edəcək ailə təsərrüfatına sahib etməkdir.

Layihə bu şəkildə icra ediləcəksə, özünüməşğulluq proqramının məqsədinə çatması real olmayacaq. Faktlar belə nəticəyə gəlməyə ciddi əsaslar verir.

Göründüyü kimi, həm jurnalistlər, həm onların yaxınları, həm sosial şəbəkə istifadəçiləri S.Babayevin qısır, xəstə heyvan kampaniyasının nədən ibarət olduğunu konkret olaraq təsdiqləyirlər.

Xatırladaq ki, Astara rayonunun Rüdəkənar kənd sakini Ellada İsmayılova özünəməşğulluq proqramına yoxsulluğa son qoyacağı ümidi ilə qoşulub. Ona iki baş inək verilib. O, son ümidinin də puça çıxdığını bildirib.

“Atasız uşaq saxlayıram. İqtisadi vəziyyətim yaxşı deyil. İşlə bağlı rayon məşğulluq mərkəzinə müraciət etdim. Heç yerdə işləmirəm. Mənə dedilər ki, özünüməşğulluqla bağlı proqram var. Kurs oxumalısan.

Nazirlik sizə mal-qara verəcək. Neçə ay kurs oxudum. Sonra dedilər ki, mal üçün tövlən olmalıdır. Mən 4 min manat kredit götürdüm, mal tövləsi tikdim. Kredit ödəyirəm.

Gəldilər iki baş inək verdilər. Dedilər ki, hər ikisinin balası var. Müqavilənin şərtlərinə görə, bizə balası olan inək verilməli idi. Bu inəklərdən biri xəstədir. Əvvəl buna əhəmiyyət vermədik.

Fikirləşdik ki, keçər. Bir aydır müalicə edirik. Qulluq edirəm ki, özlərinə gəlsinlər. Gözləyirdik ki, artım olacaq. Test elədilər. Məlum oldu ki, inəklərin heç birisinin balası yoxdur. Bizi aldadıblar”.