Bakının ictimai nəqliyyatının mənzərəsi: Sürücünü gecə sözdə cəzalandırıb, gündüz əməldə ...


Bakının ictimai nəqliyyatının mənzərəsi: Sürücünü gecə sözdə cəzalandırıb, gündüz əməldə ... 

Bakıda 166 saylı marşrut avtobusunun sürücüsünün sərnişindaşıma qaydalarını pozması ilə bağlı xəbər verilmişdi. 

Belə ki, marşrut avtobusunda sərnişinlərdən bir neçəsi qapıdan sallanaraq gedib. Bu hala sərnişinlərdən  biri etiraz etsə də, sürücü buna məhəl qoymayıb və aralarında ciddi mübahisə baş verib. Hətta sürücü bu məsələdə özünə haqq da qazandırıb. 

Məsələ ilə 166 saylı marşrut avtobusunun dispetçeri Ruslan Quliyev dərhal açıqlama verərək sürücünün hadisə baş verən gün işdən azad olunacağını bildirib. 

Cebhe.info dispetçerin anında verdiyi bu açıqlamanın icra vəziyyəti ilə maraqlanıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sürücü barədə hansı tədbir görüldüyü barədə hələlik təmsil etdiyi quruma məlumat verilməyib: 

“Sürücü ilə bağlı tədbir görülməsi daşıyıcının səlahiyyətinə aiddir. Biz Bakı Nəqliyyat Agentliyi olaraq daşıyıcıya göstəriş vermişik ki, sürücü barədə tədbir görülsün. Tədbirlə bağlı bizə məlumat verilsin, ondan sonra nəticəsini bildirim”.

Belə çıxır ki, ya 166 saylı marşrut avtobusunun dispetçeri Ruslan Quliyev vəziyyəti nəzarət altına almaq üçün sürücünün elə həmin gün işdən azad ediləcəyini bildirib.  Daha sonra isə daşıyıcı qərarı təxirə salıb və məsələnin ört-basdır edilcəyini düşünüb. Yaxud da sürücü ilə bağlı tədbir görülsə də, bu barədə BNA-ya məlumat verməyə ehtiyac duyulmayıb və BNA bu məlumatı daşıyıcıdan tələb etməyib. Hər iki halda ictimaiyyət qanunsuzluğa görə hansı tədbirin görülməsindən məlumatsız qalmış olub ki, bu da növbəti belə halların təkrarlanmasına rəvac verə bilər. 

Çünki bu təcrübə artıq var. Dəfələrlə bu kimi hallarda tədbir görüləcəyinə dair ümumi açıqlama verilsə də, nəticə ictimaiyyətə açıqlanmayıb.  

Qeyd edək ki, 166 saylı marşrut avtobusu metronun "Koroğlu" stansiyasından Sabunçu rayonu, Maştağa qəsəbəsi Gülçülük savxozu xətti ilə hərəkət edir. 


Tarix: 23-01-2019, 14:40
Xəbəri paylaş





Xəbər lenti