Hər bir azərbaycanlının qida menyusunda şəkər tozu və qənd vazkeçilməz məhsullardan biridir. Səhər yeməklərini şirinçayla başlayan , gün ərzində bütün çay fasilələrində qənddən istifadə edən, şirniyyat və mürəbbələrdən imtina etməyi ağlına belə gətirməyən insanlar ölkəmizdə artan şəkərli diabet statistikasının formalaşmasında rol oynadıqlarını nəzərə almırlar.
Dünya ölkələrinin çoxunda şəkərli diabet bilavasitə ölüm səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlar törədir. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, 2018-ci ilin 8 ayı ərzində onların sayı 263 min 057 nəfərə çatıb. Bundan əlavə, Azərbaycanda 1654 uşaq bu xəstəlikdən əziyyət çəkir.
Dietoloq Leyla Zülfüqarova da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ağ qəndlə çay içmək və şirinçaylı səhər qəhvəaltıları kökəlmənin birinci səbəbidir, eyni zamanda şəkərli diabet xəstəliyi üçün dəvətnamədir: “Ölkədə şəkərli diabet xəstələrinin sayı çoxalır. Ümumiyyətlə, bizim mətbəximizdə karbohidratlı qidalar çoxdur. Çörək, tərəvəzlərdən kartof, kök və sair hamısı karbohidratdır. Onlar həzm olunarkən orqanizmdə qlükoza yaranır. Bir də var ki, birbaşa olaraq orqanizmə qlükozanı yükləmək. Bu metabolizmi zəif olan orqanizm üçün daha çətindir, onu həzm prosesindən keçirmək də çətindir. Qanda artıq qlükozanın səviyyəsi yüksəlir. Nəticədə mədəaltı vəz tərəfindən ifraz olunan insulin hormonu artır. İnsulin hormonunun vəzifəsi insanı şəkərli diabetdən qorumaqdır. Orqanizmə nə qədər çox şəkər daxil olursa, insulin hormonu da bir o qədər artır. Artıq müəyyən bir həddən sonra şəkəri parçalamağa insulinin də gücü çatmır. O zaman insanda ikinci tip şəkərli diabet yaranmağa başlayır. Bu bir-iki gün içində yaranmır. İnsanların bəziləri iddia edirlər ki, qorxu və stressdən şəkərli diabetə tutulublar. Bu 3-5 nəfərdə belə ola bilər, daha çox səhv qidalanma nəticəsində yaranır. İnsanlar müəyyən müddət şəkərönü bir vəziyyətdən əziyyət çəkirlər”.
L.Zülfüqarovanın sözlərinə görə, bu dövrün əlamətləri ilk növbədə çəkinin artması, kökəlmədir: “Bu zaman insan daha çox qarın çevrəsindən piylənməyə başlayır. İkinci əlamət çox susamaqdır. İnsanlar daha çox birinci tip şəkərli diabet əlamətləri görəndə qorxurlar, başa düşmürlər ki, ikinci tip şəkər də qorxuludur. Birinci tip şəkər əlamətləri sidiyə tez-tez getmək, gecələr durub su içməkdir. Bu qorxulu simptomlar olmadıqda insanlar arxayın olurlar ki, şəkər xəstəliyinə tutulmayıblar. İkinci tip şəkərə meyllilikdə insan tez-tez acır, yeməkdən doymur və qarın çevrəsindən kökəlir. Bu ikinci tip şəkər xəstəliyinə aparan yoldur, şəkərönü vəziyyətdir. Bu mərhələdə özümüzü qorumalıyıq. Əgər üstünə vaxtında düşməsək, daha da inkişaf edib birinci tip şəkər yaranmağa başlayır. O zaman insan daha çox susayır, arıqlamağa başlayır. Bu zaman artıq geri dönüş də çətinləşir, orqanizmdə insulinin ifraz olunması azalır. Bu daha qorxulu məqamdır. Həkimlər belə olduqda xəstələri sintetik insulinlərə keçirirlər. Çünki qeyri-düzgün bəslənmə tüğyan edir. Endokrinoloqlar xəstəni insulinə keçirirlər, mən bunun əleyhinəyəm. Mən sadəcə doğru qidalanma ilə xəstələrimi həm arıqladır, həm də şəkərini normada saxlayıram. İnsulin vurduğu halda şəkəri 400-ə yüksələn insanı mən iynədən imtina etdirərək, sadəcə düzgün qidalanma ilə şəkərini 250-ə salıram. Qidalanmaq bu məsələdə çox önəmlidir”.
Dietoloq hesab edir ki, hazırda endikrinologiyada çox səhv tendensiya gedir: “İkinci tip şəkərli diabetə keçən xəstəyə artıq insulin iynəsi yazırlar, o da başlayır bu iynəni almağa. Belə ki, bu xəstədə uzun müddət şəkərönü vəziyyət olub, xəstə üstünə düşməyib. Daha sonra insulin ifrazı azalıb və həkimlər buna görə bədənə sintetik insulin daxil edirlər. Nəticədə bədən tənbəlləşir. Mədəaltı vəz onsuz da insulini az ifraz edirdi, indi heç ifraz etmək istəmir. Biz bu duruma düşməmək üçün şirinçaydan, ağ qənddən imtina etməliyik. Mən bununla bağlı kitab da yazdım. Ölkənin baş endokrinoloqu da məni dəstəklədi, rəy verdi. Ancaq yenə də insanlar şəkərdən istifadədən əl çəkmirlər. Səhər yeməyini əvvəlki qaydada saxlamaqla yalnız şirinçayı oradan çıxara bilərik. Çaysız yeyəndə də səhər yeməyi dadlı olur, sadəcə buna öyrəşmək lazımdır. İnsanlar ilk 3-4 gün əziyyət çəkir, daha sonra bədən özü şəkər tələb etməyəcək. Çayı qəndlə deyil quru meyvələrlə içmək lazımdır. Hətta mən xurma kimi şəkər səviyyəsi çox yüksək olan meyvəni də tövsiyə edirəm, ən azı şirinçaydan daha yaxşıdır. İran bizə qonşu ölkədir, orada şəkərli diabetdən əziyyət çəkənlər çox azdır. Çünki onlar uzun illərdir quru meyvələrdən bol-bol istifadə edirlər. Bizim ölkəmizə gələn quru meyvələr də elə oradan gəlir”.