NAZİRLİK PROBLEMİN HƏLL OLUNDUĞUNU DEYİR, AMMA...


NAZİRLİK PROBLEMİN HƏLL OLUNDUĞUNU DEYİR, AMMA...





Fazil Talıblı: “Bizdə də belə bir şübhə yaranır ki, onların başqa məqsədləri var...”

“Heç şübhəsiz, bu vətəndaşlarla bağlı müvafiq ölçülər götürüləcək”

“Hürriyyət” qəzetində bir-birinin ardınca dərc olunan “Sahil Babayevin özünüməşğulluq "OYUNU" - Kəndlilərə xəstə heyvanlar verildi”, "Özünüməşğulluq proqramı"ndan növbəti ŞİKAYƏT” və “Prezidentə qarşı sabotaj, yoxsa... - İlham Əliyevin sərəncamı bəzi məmurlar tərəfindən yarıtmaz şəkildə icra olunur” sərlövhəli yazılarda özünüməşğulluq proqramının iştirakçısı olan vətəndaşların şikayətləri, bizə təqdim olunan foto və sənədlərə əsasında sözügedən proqramın bölgələrdə yarıtmaz icrasından söz açmışıq.

Yevlax rayonunun Malbinəsi kəndinin sakinləri Mahmudov Sərvər Mahir oğlu, Sabiq Qurban oğlu, Nağı Şakir oğlu, Vaqif Barat oğlu və Qalib Bedos oğlu tərəfindən imzalanan şikayət məktubu əsasında (həmin məktubda məmur özbaşınalığından, fırıldaqçılıqdan şikayətçi olan, aldandıqlarını, biznes planda göstərildiyi kimi sağlam, yanıbalalı mal əvəzinə, onlara xəstə mal-qara təklif olunduğunu iddia edən vətəndaşlar, aidiyyatı qurumlardan günahkarların cəzalandırılmasını tələb edir) yazdığımız sonuncu məqalə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdığı üçün (nazirliyin rəsmi səhifəsində qeyd edilən bütün nömrələrə zəng vursaq da, cavab verən olmamışdı) nazirliyin sözügedən məsələyə münasibətini öyrənə bilməmişdik.

Amma araşdırmamızı yarımçıq qoymamaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblının mobil telefon nömrəsini tapıb, onunla danışmağa çalışdıq. “Hürriyyət”ə açıqlama verən F.Talıblı ilk olaraq bizi nazirliyə qarşı haqsızlıq etməkdə qınadı. Bildirdi ki, o, bir mətbuat katibi kimi media nümayəndələri ilə hər zaman sıx əməkdaşlıq edir, onların sorğularını tez və operativ şəkildə cavablandırır.

“Yevlax rayonunun bir qrup sakini məqsədli şəkildə əksər kütləvi informasiya vasitələrinə eyni mətni, eyni məktubu yollayıb”

Sözügedən məsələyə gəlincə isə Fazil Talıblı bunları vurğuladı:

«Yevlax rayonunun Malbinəsi kəndinin sakini Mahmudov Sərvər Mahir oğlunun fikirləri tamamilə əsassızdır. Adıçəkilən vətəndaş özünüməşğulluq proqramına qoşulsa da, ona hələ ki, aktivlər, yəni mal-qara təklif edilməyib. Belə olan halda, bu şəxsin guya ona yararsız mal-qara gətirilməsi ilə bağlı yalan və böhtan xarakterli fikirlərini qəbul edə bilmərik. Çünki bu fikirlərin arxasında hansısa qeyri-sağlam niyyətin, ambisiyanın dayandığını görürük.

Onu da qeyd edim ki, Yevlax rayonunun sizin qəzetinizə şikayət məktubu ünvanlayan bir qrup sakini məqsədli şəkildə əksər kütləvi informasiya vasitələrinə eyni mətni, eyni məktubu yollayıb.

“Proqram iştirakçılarına mal və materiallar verilməsi prosesi həmin vətəndaşların biznes planlarına uyğun şəkildə aparılır və bu prosesdə onların məmnunluğuna xüsusi diqqət yetirilir”

Vətəndaşların, eləcə də mətbuat nümayəndələrinin iradlarına biganə qalmamaq, onların suallarını cavablandırmaq bizim borcumuzdur. Amma qeyd edim ki, siz artıq Yevlax rayonunun Malbinəsi kəndinin sakinləri ilə bağlı mənə sual verən bəlkə də 200-cü müxbirsiniz. Biz həmin vətəndaşlarla şəxsən əlaqə yaratmışıq, onların məktubunu cavablandırmışıq.

Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materiallar verilməsi prosesi həmin vətəndaşların biznes planlarına uyğun şəkildə aparılır və bu prosesdə onların məmnunluğuna xüsusi diqqət yetirilir. Proqram iştirakçısının razılığı ilə təhvil-təslim prosesinin video görüntüsü lentə alınır, ona verilən aktivlərdən razı qalan vətəndaş ona təqdim olunan aktı imzalayır, razı deyilsə, mal-qara yenisi ilə əvəz edilir. Bu proses vətəndaş mal-qaranı qəbul edib, aktı imzalayanadək davam edir.

ÐаÑÑинки по запÑоÑÑ sahil babayev xÉstÉ heyvanlar

“30 min baş mal-qara verilib, onlardan yalnız 119-u qəbul edilməyib, bu üzdən yeniləri ilə əvəz edilib”

Xüsusi vurğulamaq istəyirəm ki, adıçəkilən Malbinəsi sakinləri ilə bağlı araşdırma aparmışıq, bu üzdən tam əminliklə deyə bilərəm ki, onların bütün iddiaları əsassızdır.

Sizi ümumi statistika ilə tanış etmək istərdim. Özünüməşğulluq proqramı çərçicvəsində minlərlə insan öz ailə təsərrüfatını qurub. 2018-ci ildə 7267 nəfər bu proqramın iştirakçısı olub. Onlardan 5500 nəfəri artıq aktivlərlə təmin edilib. İndiyə qədər proqram çərçivəsində heyvandarlıq üzrə vətəndaşlara 30 min baş mal-qara verilib, onlardan yalnız 119-u (bu da ümumi sayın 0, 4 faizini təşkil edir) müxtəlif səbəblərə görə qəbul edilməyib, bu üzdən yeniləri ilə əvəz edilib.

“Ən kiçik nöqsanları dəfələrlə şişirtməklə cənab prezidentin sosial-iqtisadi əhəmiyyətli proqramının icrasına kölgə salmaq istəyirlər...”

Amma mətbuatımız, hörmətli həmkarlarım 3-5 nəfərin şikayətini xüsusi qabartmaqla məşğuldur. Bir daha təkrar edim ki, həmin vətəndaşların bunu nə məqsədlə etdiyini dəqiq bilməsək də, onların əməllərinin arxasında hansısa qüvvəılərin dayandığı bizdə heç bir şübhə doğurmur.

Təbii ki, mən heç bir vətəndaşı ittiham edə bilmərəm, bu mənim səlahiyyətlərim xaricindədir. Sadəcə sizi real vəziyyətlə tanış edirəm. Həmin o kəndin adıçəkilən sakinlərini nazirliyə dəvət etmişik, məşğulluq xidmətinə dəvət etmişik, amma onlar hər dəfə bir bəhanə gətirərək (gah deyirlər, savadsız adamlarıq, bilmədən aktı imzalamışıq, gah deyirlər, şər qarışmışdı, gözümüz qaranlıqda yazılanları seçmədi, bilmədik nəyi imzalayırıq vəs. və i. a.) təkliflərimizi qəbul etmirlər. Bizdə də belə bir şübhə yaranır ki, onların başqa bir məqsədləri var.

Heç şübhəsiz, bu vətəndaşlarla bağlı müvafiq ölçülər götürüləcək. Amma hələ ki, bizim mövqeyimiz sualları cavablandırmaq, cəmiyyəti doğru-düzgün məlumatlandırmaqdır. Bəlkə həmin vətəndaşlar bilməyərəkdən bunu edir.

Amma ən kiçik nöqsanları dəfələrlə şişirtməklə cənab prezidentin sosial-iqtisadi əhəmiyyətli proqramının icrasına kölgə salmaq istəyənlər ölkədə aparılan uğurlu islahatları, az təminatlı ailələrlə bağlı keçirilən bu aktiv dəstək tədbirlərini gözdən salmağa niyyətlidir”.

Nazirlik sözügedən məsələdə passivlik nümayiş etdirməməlidir...

Əlbəttə, Fazil Talıblı kimi, biz də heç kəsi ittiham etmək fikrində deyilik. Amma bir məsələ diqqətimizi xüsusi cəlb edir. Əgər nazirlik adıçəkilən şəxslərin fırıldaqçı olduqlarına bu qədər əmindirsə, nədən indiyədək bu iş hüquq mühafizə orqanlarına verilməyib?! Axı əgər hər hansı bir qurum ona atılan böhtanı cavabsız qoyursa, bu o deməkdir ki, ya həmin qurum öz səlahiyyətlərini yerinə yetirə bilmir, ya kimdənsə qorxub çəkinir, ya da həmin qanunsuz əməllərin təşkilatçısı elə özüdür.

Təbii ki, bu şikayətlər birbaşa əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə qarşı sabotaj da ola bilər, yəni mətbuatın əli ilə həmin naziri vəzifəsindən kənarlaşdırmaq niyyəti ilə edilə bilər. Nazirliyin bu məsələdə nümayiş etdirdiyi passivlik isə nazirliyin, özəlliklə də nazirin ziyanınadır.

Təbii ki, bu məsələdə son sözü hüquq mühafizə orqanları deməlidir. Biz isə sadəcə vətəndaşların şikayətini və nazirliyin sözügedən məsələ ilə bağlı mövqeyini ictimailəşdirdik.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

P.S. Qeyd edək ki, dünən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də ötən ilin noyabr-dekabr ayları ərzində vətəndaşlara 29 min baş heyvan paylandığını və şikayət əsasında 119 heyvan yenisi ilə dəyişdirildiyini bildirib.

Tarix: 5-02-2019, 13:22
Xəbəri paylaş





Xəbər lenti