“Cəmiyyətin də vaxtaşırı ”təmir"ə ehtiyacı var" - tanınmış sosioloq


Prezidentin yeni qurumla bağlı fərmanı təqdir edilir; sosioloq Əhməd Qəşəmoğlu: “Arzu edərdim ki, mərkəzə işi bilən mütəxəssislər cəlb edilsinlər...”

Xəbər verildiyi kimi, prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.  Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək. Fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

“Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, onun rəhbərliyi ilə 1990-cı illərdə bu kimi mərkəz fəaliyyət göstərib: “Belə bir mərkəz ölkədə fəaliyyət göstərib və 1992-97-ci illərdə həmin mərkəzin rəhbəri olmuşam. İndi nəzərdə tutulan funksiyalar o zaman da yerinə yetirilirdi. Əslində belə mərkəz istənilən ölkədə hökmən olmalıdır. Çünki ölkə ərazisində gedən prosesləri öyrənmədən, təhlilini aparmadan hansısa sahədə qərarlar qəbul etmək olmaz. Bu qərarlarda çatışmazlıq olur. Sosial problemləri öyrənənləri həkimə bənzətsək, cəmiyyət də bir insandır. Həkim də insanın problemlərini təhlil etmədən dərman yaza bilməz. Bütün Qərb ölkələrində ən mühüm ixtisaslardan biri sosiologiyadır. Ona görə də bu mərkəzin yenidən yaradılması kifayət qədər xoş haldır. Biz o zamanlar çalışırdıq ki, ölkədə gedən aktual sosial problemləri dərindən öyrənək. Hansı ki, həmin sosial problemlər ölkənin tərəqqisi ilə birbaşa bağlı idi. O zaman bizim mərkəz Milli Məclisdə fəaliyyət göstərirdi. Çalışırdıq ki, gördüyümüz işlər, təhlillər qanunvericilikdə də öz əksini tapsın. Bu sahədə bizim kifayət qədər ciddi işlərimiz olub. Sonra müəyyən anlaşılmazlıqlar üzündən mərkəzimiz 1997-ci ildə ləğv olundu. Bu günə qədər də mərkəzin ləğvinin səbəbləri izah edilməyib”.

Sosioloq yeni yarıdılan mərkəzin əsasən hansı işlər görməli olduğu ilə bağlı fikirlərini də paylaşdı: “Biz istəyirik ki, ölkəmiz dünyanın qabaqcıl ölkələri sırasında olsun. Bunun üçün küçələrimizi təmir edib, parklar saldıq, hündür evlər tikdik. Bu, işin bir tərəfidir. Bəs sosial sferalarda iş gedirmi? Deyərdim ki, sosial sferalarda hədsiz dərəcədə çoxlu problemlər var. Bu problemlərin  də ”təmir"ə ehtiyac var. Yəni parkları təmir etdiyimiz kimi, sosial sferada olan problemləri də öyrənib, üzə çıxarmalıyıq. Buna çox böyük ehtiyac var. İstənilən sahədə belə problemləri görmək olar. Məsələn, təhsilimizlə bağlı xeyli problemlər var. Danışan təhsildən və səhiyyədən gileylənir. Eləcə də elm sahəsi də bu vəziyyətdədir. Digər tərəfdən isə əhalinin iqtisadi baxımdan zəif olan təbəqəsinin xeyli problemləri var. Qaçqınların, əlillərin hər birinin özünün ayrı-ayrılıqda problemləri var ki, bununla bağlı da demək olar ki, hər gün mətbuatdan məlumatlar oxuyuruq. Yəni hədsiz dərəcədə çoxlu sosial problemlər ortada qalıb.

Necə ki, parkları, küçələri torpaq basmışdı, indi də bizim sosial problemlər bu vəziyyətdədir. Tövsiyə edərdim ki, bu işə ilk növbədə sistemli yanaşılsın. Yəni bu gün bu işi, sabah başqa işi görərsən, qarışıqlıq yaranar. Sistem olması üçün də əvvəlcə məsələni aydınlaşdırmaq lazımdır ki, ölkənin tərəqqisi üçün hansı əsas meyarlar var. Sosial problemlər də həmin meyarların işığında öyrənilməlidir. Sadəcə, “biz sosial problem öyrənib, tövsiyə hazırlayırıq” deməklə iş olmaz. Gərək aydınlaşdırasan ki, bu sosial problemləri hansı məqsədlə öyrənirsən və tövsiyələr də ölkənin tərəqqisinə hansı formada kömək edəcək. Mən 6 mühüm istiqamət götürərdim ki, bu istiqamətlərdə çoxlu problemlər mövcuddur. Məsələn, sosial-iqtisadi vəziyyətlə bağlı xeyli problemlərimiz var. Mədəniyyət, mənəviyyat, vətənpərvərlik məsələləri ilə bağlı da çox böyük nöqsanlarımız, problemlərimiz mövcuddur. Bunların istiqamətində işlər aparmaq lazımdır. Həmçinin əhalinin estetik zövqü məsələsi burada önəmli nüansdır. Demoqrafik siyasətimizdə də xeyli problem var. Bu gün ailə bizim ən yaralı yerimizdir. Ailə haqqında kifayət qədər danışılır və buna baxmayaraq ailələrimizdə xeyli gərginlik var. Bu gərginlik özünü hər sahədə əks etdirir. Bütün bu problemlərə sistemli yanaşmaya ehtiyac var. Ona görə də arzu edərdim ki, mərkəzə bu işi bilən mütəxəssislər cəlb edilsin. Kimisə haradansa işdən çıxarıb, ora qoyurlarsa, burada nəticə olmayacaq. Bu başdan mərkəzin işinə uğurlar arzu edirəm".


Tarix: 11-02-2019, 14:04
Xəbəri paylaş





Xəbər lenti