Şəhid övladından Rövşən Rzayevə müraciət - "15 il kirayələrdə yaşamağın, əzab-əziyyətin nə olduğunu siz heç vaxt dərk edə bilməzsiniz"
Şuşa rayon sakini, şəhid övladı, məcburi köçkün Gəraylı Samir Sabir oğlu saytımız vasitəsi ilə Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.
Şəhid övladının müraciətində deyilir:
“Cənab Rövşən Rzayev!
Uzun illərdən bəri Bakı şəhərində məcburən kirayədə yaşamağımızla bağlı dəfələrlə sizə müraciətlər edərək mənzillə təmin olunmağımıza köməklik etməyinizi xahiş etmişik.
Sizə etdiyimiz müraciətlərlə bərabər qəbulunuzda olaraq ailəmizin durumunu şəxsinizə çatdırmağıma baxmayaraq, sonda hər hansı bir müsbət nəticə olmayıb. Sonuncu dəfə 3 gün öncə müavininiz Sabir Əhmədovun qəbulunda olaraq adınıza yenidən müraciət ünvanladım. Ailəmizin durumunu yenidən Sabir Əhmədova danışdım və sonda müavininiz dedi ki, qərarı sədr Rövşən Rzayev verəcək.
Cənab Rövşən Rzayev 2 gün öncə sizə ünvanladığım yazılı müraciətlərdən birinə cavab gəlib. Həmin cavabda rəhbərlik etdiyiniz Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin adında bildirilir ki, "Beyləqan rayonu ərazisində məcburi köçkün ailələri üçün inşa olunmuş 500 evlik qəsəbədə 2 nəfər ailə tərkibinizə uyğun olaraq 1 otaqlı, 413 nömrəli ev təklif olunmuş, lakin köçməkdən imtina etmişsiniz".
Hörmətli Rövşən Rzayev, birincisi hazırda məcburi köçkün ailələri üçün 500 evlik qəsəbə Beyləqan rayonunda deyil, Xocavənd rayonu ərazsində inşa edilir.
Hörmətli Rövşən Rzayev, ikincisi mən anamla 15 ilə yaxındır ki, Bakı şəhərində yaşayıram. Bizim işimiz burdadır və tanımadığımız bir qəsəbəyə yerləşməkdən imtina etməyimizin ilk səbəbi bununla əlaqədardır.
Cənab sədr, üçüncüsü hər dəfə müraciətimdə bildrimişəm sizə ki, 15 il kirayələrdə yaşamağın, əzab-əziyyətin nə olduğunu siz heç vaxt dərk edə bilməzsiniz.
Rövşən Rzayev, dördüncüsü ölkə prezidenti cənab İlham Əliyev ötən həftə şəhid ailələri ilə keçirtiyi görüşdə açıq şəkildə bildirdi ki, bütün şəhid ailələri mənzillə təmin ediləcək və dövlətimiz onların sosial problemlərini yüksək səviyyədə həll edəcək. Prezident İlham Əliyev cənablarının şəhid ailələrinə göstərdiyi bu yüksək hörməti siz heç etmək istəyirsiniz. Çünki hər dəfə çalışırsınız ki, biz dövlətimizdən inciyək, küsək. Ancaq illərdir əziyyətlərə baxmayaraq, bizim yenə də ümidimiz siz yox, dövlətimizdir.
Hörmətli Rövşən Rzayev, siz və əlaltılarınız qəsdən bizə Xocavənd rayon ərazisində inşa edilən qəsəbədə mənzil təklif edirsiniz. Çünki bilirsiniz ki, biz bu təklifdən imtina edəcəyik. Axı siz başa düşməlisiniz ki, biz 15 ildir Bakıda yaşayırıq, işimiz burdadır və inşa etdiyiniz Xocavənd rayonu ərazisindəki qəsəbədə bizim məskunlaşmaq imkanlarımız yoxdur. Bütün bunları bilə-bilə özünüzü başa düşməməzliyə qoyursunuz.
Yenə də təkrar edirəm, ailəmizin ümidi sizin kimi maraqlarını qoruyan məmurlara yox, dövlətimizə və onun rəhbərliyinədir. Ona görə də ölkə rəhbərinin sonda bizi eşidəcəyinə və şəhid ailəsinin problemini həll edəcəyinə inanıram". AzFakt.com