“Otuz gün işləyib 155 manat maaş alıram. Gündəlik yolpulu, yemək pulunu çıxanda ortada bir şey qalmır. Bəs mənim işıq, qaz, su pulumu kim ödəməlidir? Gərək bu maaşları 2-3 dəfə artırsınlar ki, dolana bilək”.
Dövlət qurumlarından birində xadimə işləyən Zeynəb Əmiraslanovanın ehtiyacları yenicə qaldırılmış maaş artımından qat-qat artıqdır.
O, Azərbaycanda mimimum əmək haqqının artırılmasından yararlanan 450 min insandan biridir.
Prezident İlham Əliyev fevralın 8-də imzaladığı sərəncamla minimum əmək haqqının məbləği 50 manat artırılaraq 180 manat müəyyən edilib. Buna qədər isə bu rəqəm 130 manat idi.
Rəsmilər minimum əmək haqqındakı artımı müsbət qarşılayır və bunun heç bir inflyasiyaya səbəb olmayacağını deyirlər. Aşağı maaş alan insanlar isə bu artımla nəyinsə dəyişəcəyinə inanmırlar.
Ötən ay keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov verdiyi açıqlamada 2018-ci ilin sonunda inflyasiyanın “təxminən 2.3 faizə” düşdüyünü bildirib.
Kimlərin əmək haqqı artacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, “muzdla çalışanların azı 40 faizinin əmək haqlarında artım olacaq”.
Onların arasında həkimlər, tibb bacıları, elm və mədəniyyət işçiləri, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə sahəsində çalışanlar və dövlət orqanlarında çalışan bəzi işçilər də var.
Azərbaycanda minimum əmək haqqı 2017-ci ilin dekabrında 14 manat artırılmışdı.
Ailənin tək gəliri
Həyat yoldaşını itirəndən sonra ailənin yeganə maaş gətirəni olan Zeynəb Əmiraslanova üçün “bu qazancla” nə uşaqlarını oxuda bilir, nə də “bir gələcək” görür.
“Bu yaşdan sonra başqa yerdə işə götürmürlər ki, deyəsən, çıxım, maaşı çox olan işə gedim. Bilmirəm uşaqlara nə gün ağlayım, nə çarə qılım”, o əlavə edir.
“Düşünmürəm ki, gəlirim ciddi şəkildə artacaq”
Elmlər Akademiyasının Fiziologiya institutunda çalışan Ülviyyə İsrafilova deyir ki, maaşlarında artım olacağı barədə fikirlər səslənsə də, hələ ki dəqiq rəqəmlər barədə məlumatı yoxdur.
“Müxtəlif fikirlər səslənir. Hələ ki, dəqiq məbləğ barədə bir söz deyilməyib. Düşünmürəm ki, gəlirim ciddi şəkildə artacaq”.
“Bugünkü qiymətlərlə yaşayışın real dəyəri arasında fərq var”
İqtisadi məsələlər üzrə təhlilçi Rövşən Ağayev deyir ki, Azərbaycanda yaşayışın rəsmi təsdiq olunan minimum dəyəri ilə gerçək minimum dəyəri arasındakı fərq var.
“Bir halda ki, Azərbaycan ölkəyə böyük neft pulları gələndən sonra Dünya Bankının təsnifatında aşağı gəlirli ölkə qrupundan orta gəlirli ölkələr qrupuna keçib, yaşayışın həm minimumu, həm orta, həm də yuxarı standartları dəyişməlidir. İstehlak səbətinin tərkibi 15 il əvvəl müəyyən olunub və müasir dövrün tələblərinə cavab vermir.
Yenidən beynəlxalq təcrübədən baxsaq, bugünkü qiymətlərlə yaşayışın real dəyəri 180 manatdan daha çox olacaq”, Rövşən Ağayev vurğulayır.
Azərbaycanda “Yaşayış minimumu haqqında” qanun prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla qüvvəyə minib. İstehlak səbəti də bu qanunla müəyyənləşib.
“…180 manat da, əlbəttə, kommunal xidmətlər və digər məsələləri tam ödəyə bilmir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, minimum əmək haqqının artımı bir çox insanın həyat şəraitinə təsir edəcək.
“Əvvəllər bu rəqəm 10-15 manat artırılırdı, indi isə prezident əhalinin vəziyyətini nəzərə alaraq 50 manat artırdı. Bu, təxminən 600 min nəfəri əhatə edəcək və bu insanların maaşları həddən artıq aşağıdır”, o BBC News Azərbaycancaya deyir.
Vahid Əhmədov düşünür ki, bu artım inflyasiyaya səbəb olmayacaq: “Azərbaycanda ciddi inflyasiya gözlənmir”.
Millət vəkili qeyd edir ki, 180 manat Azərbaycanda yaşamaq üçün kifayət etməsə də, əvvəlki məbləğlərdən “daha yaxşıdır”.
“Bir var ki, 130 manat olsun, bir də var 180 manat. Bu artım vacib idi. Belə götürəndə, 180 manat da, əlbəttə, kommunal xidmətlər və digər məsələləri tam ödəyə bilmir. Bunu hamı başa düşür, amma dövlət büdcəsinin hazırkı vəziyyəti üçün bu, normaldır”, o deyir.
“Nə dəyişəcək ki?”
Sumqayıt xəstəxanalarının birində işləyən, adının çəkilməsini istəməyən tibb bacısı deyir ki, maaşı 167 manatdır, bu artımla əmək haqqı 200-230 manat civarında olacaq:
“İki uşağım var, kommunal xərclər, yemək, geyim… bunların hamısını qarşılamaq lazımdır. İşim başdan-ayağa stress, riskdir, amma əvəzində qazancım qəpik-quruşdur”.
Müsahibimizin fikrincə, ərzaq məhsullarındakı bahalaşma bu artımı da gözəgörünməz edir: “Nə dəyişəcək ki? İndi güclə ala bildiyimizi yenə də güclə alacağıq”, o əlavə edir.
“Maaşı qaldırmamış qiymətlər qalxır”
Xadimə Zeynəb Əmiraslanova da ərzaq məhsullarında bahalaşmadan narahatdır, deyir, maaş artmamış bazar “od tutub yanır”, buna görə də “ya gərək azı yüz manat artsın, ya da heç artmasın”.
“Özünüz hesablayın, bir aylıq maaşıma 12 kilo ət almaq olur, amma gərək başqa heç nə almayasan. Maaşı qaldırmamış qiymətlər qalxır. Bundansa qoy elə həmin maaş qalsın, amma bazarda da qiymətlər kəllə-çarxa çıxmasın”, o deyir.
bbc.com