Ali məktəblərə qəbul imtahanları başa çatdı. İndi abituriyentlər və valideynlər nəticələrin açıqlanmasını həyəcanla gözləyirlər. Abituriyent tələbə adını qazanmaq üçün titrəyir, valideyn uşağın ali məktəbə daxil olması üçün illərdir hazırlıqlara tökdüyü pulların havaya atılmaması üçün. Üstəlik bir qayğı da var, balı çatmayıb ödənişli əsaslarla oxuyası olsa buna gücü yetəcəkmi? Məlum məslədir, əksər ali mətəblərin tələbə yataqxanaları yoxdur, kirayə haqlarını da orta hesabla 250-300 manatdan hesablasaq bu bahalaşma dönəmində orta statistik bir valideynin evindən kənarda övlad oxutması üçün evindəkilərin boğazından kəsməsi lazımdır.
Azərbaycanın bəzi universitetlərinin bir illik təhsil haqqı ilə qardaş Türkiyədə tələbə yaşam xərclərini də qarşılaya bilir, təhsil haqqını da.
Apardığımız kiçik araşdırmalar göstərdi ki, Türkiyə universitetlərinin əksəriyyətində təhsil haqqı bizim pulla 100-500 manat edir.Tələbə yataqxanalrında qalxmaq xərci də 50-150 manat arasında dəyişir.Bir çox universitetlər tələbələrə yataqxanalrında havayı yemək də verirlər. Elə bu müqayisəni nəzərə alan insanların bir çoxu üstünlüyü Türkiyəyə vermişdi ki, pandemiyadan öncə orda təhsil alanların sayı 15 min nəfərdən çox idi.
Məsələn Dağıstanda əyani illik təhsil haqqı 1500-2000 manat, qiyabi illik təhsil haqqı 700-1000 manatolduğu bir halda, niyə Azərbaycanda təhsil haqqı 3000-6000 manat civarındadır.
Bizmi milyonerik ya Azərbaycanda təhsil daha güclüdür?
Araşdırma üçün deyim ki, ən baha ali məktəb olan ADA Universitetində ən yüksək təhsil haqqı 6500 manatdır. Bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ verilsə də, bu tələbələr illik 750 manat ödəniş etməlidirlər. Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə qiymətlər 8500 manatdır.
Xəzər Universiteti 3500-5000, Bakı Dövlət Universitetində 2800-4500 , Azərbaycan Tibb Universiteti 4000-7000, Bakı Ali Neft Məktəbi 4500, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 2000-3000, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası 2500-3000 manatlıq ödənişli təhsil təqdim edir.Digər ali məktəblərimizdə də ödənişli fakultələrdə 2000- dən başlayaraq ödəniş etməsəniz təhsil ilinə başlamaq imkansızdır.
Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynalxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s., tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır.
Bəs bu qədər pulu verib oxumağa dəyəcək qədər yüksək keyfiyyətli dərs verilirmi? İxtisaslar üçün təyin olunmuş təhsil haqları əsaslandırılmalıdır.Bizdə bu əsaslandırma ona əsasəndir ki, hüquqşünas guya gələcəkdə yaxşı pul qazanacaq.Qaz gələn yerdən toyuq əsirgəməzlər.Müəllimlə bərabər tələbə də yenilənməli, oxumalı, öyrənməli inkişaf etməlidir. 2021-ci ildə auditoriyaya 80-ci illərin mühazirələri ilə girmək olmaz.
Azərbaycanın ali təhsil müəssisələrində "təhsil haqqının məbləği ilə verilən təhsilin keyfiyyəti arasında uzlaşma varmı?" sualı tez- tez müzakirə olunur.
Təhsil Nazirliyindən soruşanda bildirilər ki qiymətlər Azərbaycan reallıqlarını əks etdirir, təhsil də təhsil haqları da Avropa standartlarına uyğunlaşdırılır. Bəs tələbəyə verilən təqaüd nə üçün o standartlara uymur?
Ümumiyyətlə bizdə bu oturduğumuz ağaca balta çalmaq vərdişi nə zaman unudulacaq. Bahalığımızla turizmə balta çaldıq, indi də keçmişik təhsilə. Azərbaycanda oxumağa gücü çatmayan nə qədər tələbə bu vəsaiti xaricdəki ali məktəblərə, əsasən də Türkiyə, Gürcüstan, Ukraynada təhsilə yönəldirlər.Gedənlərin bir hissəsi qayıtmır, ölkəyə yararlı olacaq nə qədər ziyalını itirikik. Cibimizin düşməniyik? Özümüzə niyə qənim kəsilmişik?
Tarix: 29-07-2021, 23:17