988 qazsız kənd, dəyişməyən limit və kəsilən ağaclar - NARAZILIQ!
Yardımlı rayonunun Bərcan kəndinin bir qrup sakini rayonda ekoloji vəziyyətin bərbad olması ilə bağlı şikayət yayıblar.
Onların sözlərinə görə, Yardımlı rayonunda meşələrin məhvi artıq neçə illərdir başlayıb və indiyədək nəinki azalır, hətta daha da genişlənir:
“Vaxtilə meşələrlə örtülü dağ yamacları və kəndin ətrafındakı sahələrdə artıq ağaclar yoxdur. Hər il hektarlarla meşə sahəsi qırılır, kəndimizin səfalı meşə sahələrini düzənliklər əvəz etməkdədir. Ən pisi də budur ki, meşələri yerli əhali, özü də məcburiyyətdən qırmalı olur. Bunun səbəbi kəndimizdə təbii qazın olmamasıdır. Yardımlının bir hissəsində qaz olsa da, kəndlərin hələ də böyük hissəsinə qaz çəkilməyib. Rayonumuzun əhalisinin isə 90%-i kəndlərdə yaşayır. Nəticədə əhali, yerli sakinlər olaraq qışda istiliyə olan tələbatı ödəmək üçün odun yığmalı və meşələri qırmalı oluruq. Sadə bir hesablama vəziyyətin hansı hala çatdığını və meşələrin necə sürətlə qırıldığını göstərir. Təsəvvür edin, rayonumuzda hər kənddə orta hesabla 150 ailə yaşayır.
Qaz olmadığı şəraitdə sərt və soyuq keçən qışı keçirmək üçün hər ailəyə orta hesabla 3 yük avtomobili oduna ehtiyac var. Nəticədə qış mövsümündə təkcə bir kənddə 500 avtomobil ağac yığılır, bu isə ildə 1300-1500 ağacın qırılıması deməkdir. Son 20 ildə bu səbəbdən təkcə bizim kənddə 40 mindən artıq, bütün rayon üzrə isə 3 milyondan artıq ağac qırılıb. Bu - yüzlərlə və minlərdə hektar meşə ərazisi deməkdir. Amma rayonlarımızda, xüsusilə gəliş gediş çətin olan dağ rayonlarında onlardan qat-qat artıq meşələrimiz dayanmadan məhv edilir.
Meşələrin qırılması bizim təbiətə və rayonumuzun bitki-heyvan aləminə, ekologiyasına, havasına və suyuna böyük zərər vurur”.
Yardımlı sakinləri təbii qazın olmamasından şikayət etsə də, rəsmi rəqəmlər tam fərqli şəkildə ictimaiyyətə çatdırılır. Belə ki, son günlərdə SOCAR-ın yaydığı məlumata görə, qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 95,7 faizə çatdırılıb. Bu rəqəmlər tam həqiqəti əks etdirsəydi, meşələrin də məhv olmasına gətirib çıxarmazdı.
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, meşələrə oduncaq mənbəyi kimi baxılmamalıdır:
“Vətəndaşların narahatlığı başadüşüləndir. Onların qışda evlərini istiliklə təmin etmək arzusu qanuni hüquqlarıdır. Amma müraciətdə deyilən və guya son illərdə 3 milyondan artıq ağacın qırılması faktı şərti səsləndirilib, o həcmdə qırıntı həmin ərazilərdə yoxdur və ola da bilməz. Bununla belə, qaldırılan məsələ bu gün üçün olduqca aktualdır və demək olar ki, bütün əhalimizin həssaslıqla izlədiyi meşələrin mühafizəsi məsələsində meşələrə oduncaq tədarükü mənbəyi kimi baxanların münasibətinin dəyişməsi üçün vacib müzakirə mövzusudur”.
H.Əlizadə bildirib ki, bu gün Azərbaycanda 988 kənd qazlaşmayıb, bu il üçün isə yalnız 6 kəndin qazlaşması nəzərdə tutulub və o kəndlərdən də sadəcə biri Yardımlı rayonunun ərazisinə düşür:
“Əlbəttə, bir kənd rayon üçün çox az rəqəmdir. Həm biz, həm də yerli icra orqanları bu məsələlərin tez bir zamanda həllində maraqlı olmalıyıq. Digər bir məsələ isə qazlaşmış kəndlərdə bəziləri qaz pulunu öz ciblərinə və ailə büdcələrinə uyğun saymadığı üçün həmin pulu ödəməkdənsə, meşəyə, qanunsuz qırıntıya və ya qanunsuz yolla odunun əldə olunmasına üz tutmasıdır. Odur ki, qazlaşmış kəndlərin icra orqanlarından çox xahiş olunur ki, əhalini həmin qazdan istifadə etmək barədə maarifləndirsinlər”.
Nazirlik rəsmisinin sözlərinə görə, ölkədə odun tədarükü limitlənmiş anlayışdır və son onilliklər ərzində odun tədarükünə ayrılmış limit Nazirlər Kabinetinin müvafiq qərarı ilə cəmi 64 min kub metr həcmində müəyyən olunur:
“Bu limitə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi qış mövsümü üçün bioloji inkişafdan qalmış, köküstə qurumuş, yıxılmış ağacların sanitar qırıntısı prosesini həyata keçirir və ilk növbədə tədarük olunan odun Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə verilir. Amma uzun illərdir ki, bu limit dəyişmir və nəzərə alaq ki, əhalinin sayı artır, kəndlərimiz böyüyür, eyni zamanda, şükürlər olsun ki, Qarabağ ərazisi işğaldan azad edilib və həmin ərazilərdəki hərbi hissələrin də oduna ciddi ehtiyacı var.
Bu səbəbdən də, hazırda tələb təklifi üstələyir və insanlar meşələrə üz tutur, qanunsuz qırıntılar baş verir. Bunun baş verməməsi üçün biz dəfələrlə əhaliyə, yerli idarəetmə orqanlarına müraciət etmişik ki, alternativ enerji mənbələri barədə düşünsünlər. Bu problemin həllində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəçilərdən biridir, amma əsas maraqlı tərəf birbaşa yerli icra orqanları olmalıdır. Çünki burada onların rəhbərlik etdiyi ərazilərdə yaşayan əhalinin ehtiyaclarının ödənilməsi və istiliklə təminatından söhbət gedir”.
Hikmət Əlizadə əlavə edib ki, alternativ enerji mənbəyindən biri kimi nazirlik tərəfindən bu gün bir çox ölkələrdə tətbiq olunan briketlərin istehsalına və ondan istifadəyə keçid təklif olunub:
“Briketlər odunu əvəz edir, odundan qat-qat artıq istilik verir və uzun müddət yanır. Bu baxımdan onların istifadəsi həm səmərəlidir, həm də meşəyə olan ehtiyacı azaldır. Zənnimcə, bu istiqamətdə düşünməyin vaxtıdır və olduqca zəruridir. Yerli icra orqanları bilməlidir ki, əhali alternativ yanacaqla təmin olunmadıqda, istilik ehtiyacını ödəyə bilmədikdə, meşələrə üz tutacaq. Həmçinin xarici ölkələrdən briket və bu tipli məmulatların gətirilməsi işinin stimullaşdırılması məsələsinə baxılmalıdır. 21-ci əsrin öz tələbləri və standartları var. Odunla qızınmaq bu standartlara heç də uyğun sayıla bilməz”.