Azərbaycan su böhranı ilə üz-üzədir: "İşlərin çoxu “quş qoymaq” xətrinə olub"


Quraqlıq, su qıtlığı

“Yaxın vaxtlara qədər İsrail quraqlıq təhlükəsi ilə üz-üzə idi. Amma bu gün bu ölkə ona lazım olandan da artıq şirin su əldə edə bilir”.

Bu barədə Almaniyanın Die Zeit nəşrində dərc olunan məqalədə deyilir. Məqalədə qeyd olunur ki, İsraili məişət təsərrüfatının 70 faizini 5 stansiya vasitəsilə dənizdən təmin edir. Bundan başqa, məqalədə o da vurğulanır ki, İsrail çirkab sularının 80 faizini təmizləyərək, kənd təsərrüfatı məqsədilə istifadə edir. “Əhaəlisi 9,3 milyon nəfər olan İsrail lazım olduğundan qat-qat artıq su əldə edir ki, bu da onu su ixracatçısına çevirib”, - deyə müəllif yazır.
Məqalədə yazılanlara görə, 1994-cü ildən bəri, İordaniyaya ildə 50 milyon kubmetr su ixrac edən İsrail bu ilin iyul ayında əldə edilən razılaşmaya görə, bu ölkəyə içməli su ixracını ildə 100 milyon kubmetrə çatdıracaq. Die Zeit əlavə edir ki, gələcəkdə Yaxın Şərqdəki dövlətlər torpaqlara görə yox, su hövzələrinə görə müharibə edəcəklər.
Bizimyol.info xatırladır ki, vaxtilə bizdə də Xəzərin suyunu duzsuzlaşdırıb ən azı texniki su kimi istifadə etmək ideyası olub. Hətta, bu istiqamətdə ETSN-in müəyyən layihələri də var idi. Ekologiya və təbii sərvətlər nazirinin sabiq müşaviri Tariyel Məmmədli bildirib ki, bu istiqamətdə görülən işlərin çoxu sadəcə, “quş qoymaq” xətrinə olub.
“Vaxtilə sabiq nazir Hüseynqulu Bağırov bir qurğu gətirib Qaradağ rayonu ərazisində quraşdırmışdı. Bu da ancaq çox kiçik bir əraziyə yetərli olub. Ələt yaxınlığında yolun sağında və solunda görünən seyrək ağaclar var, həmin qurğu vasitəsilə suvarılır. Lakin çirkab sularının təmizlənməsi, geniş miqyasda duzsuzlaşdırma işlərinin getməsi çox zəif aparılır. Azərbaycanın su ehtiyatları nəinki azdır, hətta mövcud su ehtiyatlarından belə düzgün istifadə olunmur. “İstifadə olunmaq” deyirəm, düzgün idarə olunmur. Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarına gedən suyun 50 faizi tarlaya çatana qədər yolda itir. Çünki  kanallar beton deyil. O qədər dövlətdən vəsait ayrılır, amma nəticə göz önündə. Ümumiyyətlə, Kürün suyunun 50 faizi yolda itir, biz suyun yarısını torpağa basdırırıq. Digər tərəfdən də, suvarmada damcı çiləmə üsuluna keçilməlidir. Bəzi məmurlar anlamır ki, su tükənən resursdur, bunun qədrini bilmək, resursları düzgün idarə etmək lazımdır”, - deyə ekoloq qeyd edib.
“Ekoloji tarazlıq” İctimai Birliyinin sədri, ekoloq Aytən Poladova isə qeyd edib ki, Azərbaycanda “texniki su” və “içməli su” anlayışları bir-birinə qarışıb.
“Çaydana doldurub içdiyimiz su ilə, ayaqyolunda axan su eynidir. Ümumiyyətlə, Azərbaycanda istehlak olunan suyun böyük hissəsi Kür və Araz çaylarından gəlir, bu çaylar isə başqa ölkələrin ərazisindən keçir və yolda müxtəlif çirklənməyə məruz qalır. Təmizlənmə işləri isə heç də arzu olunan səviyyədə deyil. Mən Aran zonasında su təmizlənmə stansiyalarına baş çəkmişəm. Orda bu işə rəhbərlik edənlər yetərincə peşəkarlıq göstərmir. Ümumiyyətlə, bu sahədə yuxarıdan aşağıya qədər işlər mütəşəkkil və peşəkar aparılmır. Bəzi texniki prosedurlar düzgün aparılmır, vacib göstəricilər nəzərə alınmır. Bu işlərdə çox boşluq var”, - deyə A.Poladova qeyd edib.
O qeyd edib ki, Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyəti beynəlxalq təşkilatlar da təhlil edib, hesabatlarda su itkisinin həddən artıq yüksək səviyyədə olduğu qeyd olunub.
“Su ehtiyatlarının tükənməsi bütün dünyada həssas mövzudur. Bəzi alimlər deyir ki, 2050-ci ildən sonra dünyada hər 9 nəfərdən biri susuzluqdan əziyyət çəkəcək. Bu problemlər Azərbaycan da hiss edəcək. Təəssüflər olsun ki, bu istiqamətdə ciddi tədbirlər görülmür”, - deyə A.Poladova əlavə edib.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Fuad Nəsirov Bizimyol.info-a müsahibəsində bildirib ki, Azərbaycan quru iqlimə malik zonada yerləşdiyinə görə, kənd təsərrüfatının inkişafı həmişə süni suvarma sistemləri ilə mümkün olub.
“Ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-bərabər paylanması, əsas əkinçilik zonalarında torpaqların şorlaşmağa meyilli olması meliorasiya və suvarma sistemlərini zəruri edib. Bununla əlaqədar olaraq, geniş meliorasiya və irreqasiya işləri aparılır. Ölkəmizin bazar iqtisadiyyatına keçməsi, aqrar sahədə islahatlar və torpaq mülkiyyətinin yeni formalarının yaradılması meliorasiya sistemində də islahatlara ehtiyac yaradıb. Hazırda ölkədə suvarma mövsümüdür, ölkə üzrə 1 milyon 454 min hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib, bundan 553,616 hektar sahədə taxıl bitkisi əkilib. Həmin taxıl zəmiləri iki dəfə suvarma ilə təmin olunub. Hazırda ölkənin strateji bitkisi sayılan pambıq və digər bitkilərin suvarması həyata keçirilir. 100 min hektar ərazidə pambıq əkilib, birinci vegetasiya suyunun verilməsi artıq yekunlaşıb, bununla yanaşı ikinci və üçüncü vegetasiya suyu da davam edir”.
Onun sözlərinə görə,ölkədə hökm sürən iqlim şəraiti ilə əlaqədar yaranan su azlığı bəzi su anbarlarında da müşahidə olunur.
“Mingəçevir Su anbarında bu il keçən ilin bu gününə olan göstərici ilə müqayisədə 912 milyon kubmetr artıq su toplanıb. Lakin təəsssüflər olsun ki. Araz, Taxtakörpü, Şəmkirçay su anbarlarında su azlığı müşahidə olunub. Araz Su anbarında keçən ilin bu gününə olan göstərici 561 milyon kubmetr su toplanmışdı, amma bu ilin bu günü 484 milyon kubmetr su ehtiyatı var”.
O əlavə edib ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC suvarma işində qənaətlə istifadəni təmin etmək üçün yerlərdə suvarma qrafiki müəyyyən edib və növbəlilik prinsipini həyata keçirir.
Ekoloqların tənqidlərini şərh edən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov isə bildirib ki, təmsil etdiyi qurum Nazirlər Kabinetinə tabedir və bütün ayrılan vəsaitlər Maliyyə Nazirliyinin nəzarəti ilə xərclənir: “Biz elə qurumuq ki, məsələn, bizə ayrılır 5 manat, deyilir ki, 5 kilometrlik kanal. Bizim qurum ayrılan vəsaiti özbaşına xərcləmək ixtiyarına malik deyil. 100 manat pul ayrılırsa, onun hamısına kanalları betonlaşdıra bilmərik. Hansısa işlərlə bağlı vəsait almaq üçün müraciət olunur.  Vəsaitlər bölüşdürülür, ayrı-ayrı problemlər üçün paralel xərclənir. Kanalların betonlaşdırılması ilə iş bitmir”.
Qeyd edək ki, Cənubi Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Ölkəmizin qiymətləndirilən su ehtiyatları 31 milyard kubmetrə yaxındır. Demoqrafik artımı da yetərincə yüksək olan 10 milyonluq bir ölkə üçün, təbii ki, bu göstərici çox azdır və narahat olmaq üçün ciddi səbəblər var.
Tarix: 9-08-2021, 22:47
Xəbəri paylaş





Xəbər lenti